İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk-yunan gərginliyi artır - Ərdoğandan sərt mövqe

Afinanın adaları hərbiləşdirməsi Ankaranın haqlı narazılığına səbəb olub; Abdulla Ağar: “Problem həll olunmayacaq, çünki zəmin yoxdur”

ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri hesab edir ki, Türkiyə Egeydəki problemlərlə bağlı haqlı mövqedədir.  “Yeni Müsavat”ın xarici siyasət şöbəsinin məlumatına görə, ötən həftənin sonunda açıqlama verən amerikalı siyasətçinin sözlərinə görə, Türkiyə adaların silahlandırılması məsələsində Lozanna müqaviləsi və 1948-ci il Paris razılaşmasına görə haqlıdır, eyni zamanda Yunanıstanın 6 mil dəniz sərhədi üçün 10 mil hava sərhədi iddiasında da Ankara haqlıdır.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays isə Türkiyə və Yunanıstan, iki NATO ölkəsi arasında yaranmış gərginlik, yunan adalarının silahlandırılması ilə bağlı deyib ki, hər iki ölkənin deeskalasiyanı davam etdirməsini istəyirik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afina Ankaraya münasibətinə yenidən baxmayana qədər Yunanıstan rəhbərliyi ilə ünsiyyət qurmaq niyyətində deyil. “Dürüst siyasətçi qarşıma çıxana qədər onlarla bir daha ünsiyyətdə olmayacağam. Strateji Əməkdaşlıq Şurasının iclasını da keçirməyəcəyik. Qoy Yunanıstan özü qərar versin”, - o bildirib.

Buna cavabında isə Yunanıstanın baş naziri Kiriakos Miçotakis Türkiyə ilə əlaqə kanallarını açıq saxlamaq istədiklərini dilə gətirib: “Biz əlaqə kanallarını açıq saxlamaqla daha sakit sulara sürətlə geri dönəcəyimizə inanıram. Bu, mənim fikrimdir və kanallar ən çətin anlarda belə heç vaxt bağlanmamalıdır”.

Bəli, Türkiyəni narazı salan onun turizm bölgəsi ilə üzbəüz olan yunan adalarının militaristləşdirilməsidir. Yunanıstan əsassız şəkildə adaları hərbiləşdirir və Ankara bu siyasəti özünə təhdid hesab edir. Bəzi analitiklər gərginliyin lokal müharibə həddinə gəlib çıxacağını istisna etmirlər. Lakin iki NATO dövlətinin savaşacağı bir o qədər real görünmür. Ukrayna müharibəsi fonunda NATO öz daxilində parçalanmanı arzulamaz. Digər tərəfdən isə hərbi potensialına görə Yunanıstan Türkiyədən qat-qat geri qalır və onunla döyüşməsi məntiqsiz olardı. Sadəcə, yaranmış böhranda bəzi Qərb dövlətlərinin də Yunanıstanı qızışdırdığını görmək olar. Xüsusən Türkiyəni gözü götürməyən Fransa Yunanıstanı dəstəkləyir. Əslində bu prosesin bir səbəbi də Şərqi Aralıq dənizində qaz hasilatıdır. Eyni zamanda Türkiyə artıq regional liderlikdən qlobal gücə çevrilməkdədir. Həmçinin silah istehsal edən dövlətdir və belə müstəqil siyasət hətta NATO-dakı bəzi müttəfiqlərinin də xoşuna gəlmir.

Onu da demək lazımdır ki, qardaş ölkə enerji xabına çevrilir. Türkiyə-Yunanıstan müharibəsi baş versə, bundan Avropa da itirəcək. Hazırda Avropa əsas enerji yollarından olan Türkiyənin sıradan çıxmasında əsla maraqlı deyil. Çünki yaxın gələcəkdə Türkiyə üzərindən Avropaya İsrailin, Qatarın, Azərbaycanın, Türkmənistanın, Şimali İraqın qazının nəql edilməsi mümkündür. Bəzi təhlilçilərin fikrincə, Yunanıstanı Türkiyənin üzərinə salan ABŞ-dır. Vaşinqton Türkiyənin daha da böyüməsinin qarşısını müxtəlif dövrlərdə almağa çalışıb: iç savaşları, siyasi intriqalar, PKK faktorundan yararlanmaq, müstəqil, güclü hakimiyyətin olmasına qarşı çıxmaq... Amma istəklərinə nail ola bilməyib. Türkiyə bu dəfə də böhrandan diplomatik yolla çıxa biləcəkmi?

Abdullah Ağar kimdir? Kaç yaşında? Nereli? Hangi rütbede emekli oldu? Ne iş  yapar? Nerede öğretim üyesi?

Abdulla Ağar

Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdulla Ağar “Yeni Müsavat”a bildirdi ki, bu böhran qlobal məsələdir. Onun fikrincə, problem həll olunmayacaq, çünki zəmin yoxdur: “Amma savaşın da başlamasını gözləmirəm. Türkiyə-Yunanıstan arasında ara-sıra gərginliklər olur. Amma adalar və Ege məsələsinin həllini tapması üçün bir zəmin yoxdur. Ona görə problem bu şəkildə davam edəcək”.

Azərbaycan ilə gərginlik İran iqtisadiyyatına daha böyük zərbə vuracaq”-Turan  Rzayev

Turan Rzayev

Siyasi şərhçi Turan Rzayev hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi zamanda belə bir müharibənin olması inandırıcı deyil: “Yunanıstan və Türkiyə arasında hərbi iqtisadi siyasi güc balansına baxdıqda da rəsmi Afinanın açıqca Ankaradan geridə qaldığını görmək mümkündür. Türk ordusu hazırda istər NATO-nun, istərsə də dünyanın ən qüdrətli ordularından hesab olunur. Türkiyə ordusu, eyni zamanda xalqı uzun illər davam edəcək bir müharibəyə hazır olsa da rəsmi Afina buna hazır deyil. Bununla belə, rəsmi Afinanın indiki məqamda Ankaranın səbri ilə oynaması da səbəbsiz deyil. Hesab edirəm ki, Yunanıstan Rusiya-Ukrayna müharibəsində Qərbin Ukraynaya verdiyi yardımları görür və Qərbin köməyi ilə Egeydə qüvvələr balansını öz xeyrinə dəyişməyə çalışır. Lakin bu boş və mənasız yanaşmadır”.

Təhlilçinin fikrincə, məsələ ondadır ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik edərək açıq şəkildə beynəlxalq hüququ pozur: “Qərb də məhz buna görə Ukraynaya Rusiya qarşısında müqavimət göstərmək üçün yardım edir. Lakin ehtimal Yunanıstan-Türkiyə müharibəsində Qərbin Ukraynada olduğu kimi, Afinaya yardım etməsi real deyil. Əvvəla ona görə ki, hər iki ölkə NATO ölkəsidir və NATO iki üzvü arasında seçim edə bilməz. Digər tərəfdən, Türkiyə Yunanıstana qarşı bu və ya başqa formada hüquq pozmayıb. Əksinə, Yunanıstan tərəfi dəfələrlə Türkiyənin dəniz və hava sərhədlərini pozaraq onu münasibətləri gərginləşdirməyə təhrik edir. Nəticə etibarilə Avropanın ərköyün uşağı olan Yunanıstan yenə Avropaya arxalanaraq ərköyünlük edir. Türkiyə isə Afinanın bu və ya başqa formada nazı ilə oynayacaq deyil. Tərəflər arasında konkret bir müharibə olmasa da Ankara ”Kardak" böhranında olduğu kimi, Afinaya qərarlı mövqeyini nümayiş etdirəcək".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR