İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi keçirilib - Fotolar

İyunun 9-da Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi keçirilib.

Musavat.com bildirir ki, Bakı Musiqi Akademiyasın "Opera studiyası"nda keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri, professor Közhan Yazgan, tanınmış ictimaiyyət nümayəndələri, Bakı Atatürk Liseyinin müəllim və şagird heyəti, valideynlər iştirak edib.

İlk öncə mərhum prezident Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı çıxış edib. Səfir Türk dünyası Atatürk Liseyində təhsil alan və məzun olan şagirdləri təbrik edib, gənclərin Azərbaycan və Türkiyə münasibətlərindəki gələcək rolundan danışıb:

"Sizinlə daha bir məzuniyyət mərasimində birlikdəyik. Hər birinizi salamlayır və təbrik edirəm. "Bakı Atatürk liseyi" hər il daha da güclənir. Mən əminəm ki, təhsil verdiyimiz bu gənclər Azərbaycanın və Türkiyənin gələcəyinə sahib çıxacaq və layiqli vətəndaş olacaqlar. Hər birinizi təbrik edirəm. Hər bir məzunun yolu açıq olsun".

Millət vəkili, Xalq şairi Sabir Rüdtəmxanlı da tədbirdə çıxış edərək, liseyi bitirən məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb:

"Xoşbəxt insanam ki, Bakı Atatürk Liseyinin bütün buraxılışlarında iştirak etmişəm. Və çox sevinirəm ki, liseyin buraxılış mərasimləri hər ötən il daha möhtəşəm, gözəl keçirilir.
Birinci və ikinci buraxılış mərasimlərini xatırlayıram. Həmin vaxtlar bir məktəbin yarısını liseyə vermişdilər. Liseyin yaradıcısı, dostumuz, qardaşımız Turan Yazgan uzaqgörənliklə türk dünyasının mövcudluğunu və bunun reallaşacağını demişdi. Budur, bu gün artıq türk dünyası, Turan realdır, Türk Dövlətlərinin Təşkilatı, Türk Akademiyası, Türk Mədəniyyət Birliyi var. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli gündə birlikdə olur".

Tədbirdə bu ilin məzunları olan şagirdlər rəqslər nümayiş etdirib və şeirlər söyləyiblər.

Qeyd edək ki, Türk Dünyası Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) təsisçiliyi və Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 1992-ci ildə açılıb.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR