İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Dövlətləri Təşkilatı Şimali Kipri tanımaq ərəfəsində - İlin sonunda...

Dünyanın “ikili standartlar”ından on illərdir əziyyət çəkən “Yavru Vatan” əsas hədəfinə çatmaq üzrədir

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) bayrağına beynəlxalq statusun verilməsi, Türk Kiprinin tanınması, qoyulan ədalətsiz qadağanın ortadan qaldırılması istiqamətində çalışmalar hələ ki, bir nəticə vermir. İllər öncə danışıqları pozan yunan Kiprini öz ağuşuna alan beynəlxalq təşkilatlar və aparıcı paytaxtlar Türkə olan aqressiv münasibətini Şimali Kiprlə bağlı da növbəti dəfə sərgilədi.

Amma bu istiqamətdə yorulmadan çalışmalarda olan Lefkoşa israrlı şəkildə hədəfinə çatmaq üçün səylərini davam etdirir. Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar TRT Radio 1 və Radyo Vatan kanallarının  birgə yayımladığı canlı yayımda KKTC-nin uğur qazandığını vurğulayıb. Quzey Kiprin Azərbaycan nümayəndəliyi xəbər verir ki, Ersin Tatar TRT Radyo 1 və Radyo Vatan kanallarının canlı yayımına qatılaraq, Kiprlə bağlı dəyərləndirmələr aparıb. O, Kipr Rum Administrasiyasının prezidenti Nikos Anastasiadisin mətbuata göndərdiyi Etimad Tədbirləri ilə bağlı məktubun çatdırılması ilə bağlı sual üzərinə, Cenevrədəki 5+1 yığıncağında Türkiyə Cümhuriyyətinin tam dəstəyi ilə suveren bərabərlik və suveren beynəlxalq statusdan bəhs edildiyini və artıq federal əsasda saziş nəzərdə tutmadıqlarını bildirib. Ersin Tatar rumların federasiya anlayışı ilə türklərin federasiya anlayışının fərqli olduğunu bildirib: “Onların fikri budur ki, zamanla türklər azlıq olacaq, hətta tək bir suverenlik çətiri altında yox olacaq və Avropa Birliyinin üzvü olmadığı üçün Türkiyə hərbçiləri adadan geri çəkiləcək. Beynəlxalq müqavilələrə və 1960-cı il təsis müqavilələrinə baxmayaraq, Kipr haqsız olaraq Avropa Birliyinə qəbul edildi. 2004-cü ildə türklər ”hə" desə də, rumların Annan planına “yox” deməsi əslində ayıbdır. Türk əsgərləri buradan geri çəkilsə, adada sülh yenidən təhlükə altında olacaq. Biz bu siyasəti heç vaxt qəbul etməyəcəyik. Kıbrıs məsələsinin mahiyyəti suverenlik məsələsidir".

Qeyd edək ki, “biz bir millət, üç dövlətik” deyən E.Tatar xüsusilə də Türkyə və Azərbaycandan böyük gözləntilərini daim dilə gətirərək, bütövlükdə Türk dövlətlərinə ismarışlar yollayıb. Bir müddət öncə Azərbaycan parlamentinin nümayəndə heyətinin Şimali Kiprə səfəri, yüksək səviyyədə görüşlərin keçirilməsi nəhayət, tanınma istiqamətində ciddi addımların atılacağına inam yaradır. Artıq qarşımızı kəsən ciddi maneə mövcud deyil.

Bu arada Ankaradan mühüm açıqlama gəlib. “Biz Türk Dövlətləri Təşkilatını (TDT) çox effektiv bir təşkilat halına gətiririk”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, təşkilata son zamanlar çox maraq yaranıb, həmçinin, müşahidəçi statusunu almaq istəyən ölkələrin sayı artıb. Nazir əlavə edib ki, bu ilin sonu TDT-nin Özbəkistanda baş tutacaq Zirvə Görüşündə Şimali Kipr Türk Cümhuriyyətinə müşahidəçi statusu veriləcək.

Qeyd edək ki, adətən bu kimi regional qurumlara yalnız beynəlxalq miqyasda tanınmış dövlətlərə müşahidəçi statusu verilir. Demək, ŞKTC ilin sonunda tanına bilər? Ümumiyyətlə, Azərbaycanın da daxil olduğu Türk dünyasının Şimali Kiprin müstəqilliyini tanımasına nə mane olur?

 Ceyhun Məmmədov - Benefisiar

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu gün baş verən qlobal hadisələr fonunda dünya nizamının pozulduğu, dünyanın arxitekturasının yenidən qurulduğu müşahidə olunmaqdadır: “Hesab edirəm ki, bu gün Türk Dövlətlərinin qarşısında duran əsas vəzifələrdən biri təşkilatın fəaliyyətinin daha da gücləndirilməsidir. Şimali Kipr Respublikası məsələsinə gəldikdə isə hesab edirəm ki, bu məsələyə də bir sıra dövlətlər hər zaman olduğu kimi, ”ikili standartlar", qərəz və ədalətsizliklə yanaşırlar. Bu, verilən bəyanatlarda və qəbul edilən qərarlarda da özünü açıq göstərir".

Şimali Kiprlə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, C.Məmmədov qeyd etdi ki, ölkəmiz hər zaman türk dövlətləri ilə bağlı məsələlərə kifayətə qədər həssas yanaşıb: “Şimali Kipr məsələsi də bizim üçün çox həssas məsələdir. Hesab edirəm Azərbaycana münasibətdə və qəbul edilən qərarlarda Qərbin Azərbaycana Qarabağla bağlı məsələdə ikili standartlarla yanaşması, yekun sülh müqaviləsinin imzalanmaması da nəzərə alınmalıdır. Biz inanırıq ki, Şimali Kipr Respublikası ilə bağlı nümayiş etdirilən ikili standartlara və ədalətsizliyə zamanla son qoyulacaq”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı

İrəvan Türk Cümhuriyyətinin başqanı, professor Qafar Çaxmaqlının qeyd etdi ki, Türkiyə Cümhuriyyəti İlətişim Başkanlığının İstanbulda təşkil etdiyi Türk Dövlətləri Təşkilatının üst düzey mətbuat və əlaqələr üzrə son toplantısında iştirak edib: “Orada da TDT genişlənməsi məsələsinə toxunulmuşdu. Yalnız müstəqil Türk Dövlətlərinin deyil, muxtar subyektlərin də bu quruma üzvlüyündən danışılmışdı. Məncə, ŞKTC-nin Təşklata alınması məsələsində heç bir problem yoxdur, bu addım o cümlədən onun TDT üzvləri tərəfindən tanınması məsələsinə də yol aça bilər. Quzey Kıbrısı tanıyıb-tanımamaq mövzusu da gündəmə gələ bilər. Azərbaycanın uzun illər Şimali Kıbrısın tanınması ilə bağlı tərəddüdləri də başadüşülən idi. İndi Dağlıq Qarabağ adlı separatçı qurum olmadığından kimsə tanıya bilməz, çünki artıq elə bir problem yoxdur. O cümlədən Azərbaycan Kosovo ilə bağlı da addım ata bilər”.

Q.Çaxmaqlı dedi ki, İrəvan Türk Cümhuriyyəti də TDT-yə maraq göstərir: “Gələcəkdə hansı şəkildə TDT tərkibində fəaliyyət göstərəcəyimizi müzakirə etməkdəyik”.

QAT sədri Akif Nağı hesab edir ki, Azərbaycan bu məsələdə Türkiyə ilə razılaşdırılmış siyasət yeridir: “Rəsmi Bakının bu günə qədər Şimali Kipr Türk Cühuriyyətinin müstəqilliyini tanımaması müəyyən mənada Qarabağ məsələsi ilə bağlı olub və kıprıslı dostlarımız tərəfindən anlaşılıqla qarşılanıb. Biz de-fakto bu ölkənin müstəqilliyini tanimişiq, qeyri-rəsmi səviyyədə dəstəyimizi həmişə vermişik. Məlumdur ki, dünya birliyi adadakı iki Kiprlə bağlı fərqli və qərəzli mövqe tutub. Azərbaycan bu məqamı da diqqətdə saxlayıb. Azərbaycan Kosovo Respublikası ilə bağlı da təxminən eyni mövqeni tutub”.

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

 Akif Nağı

Ancaq A.Nağı hesab edir ki, görünür artıq müəyyən qərarların vaxtı yetişib: “Qarabağda Böyük Zəfərdən sonra yeni situasiya yaranıb. Azərbaycan da böyük ehtimalla, yeni situasiyaya uyğun qərar qəbul edəcək. ŞKTC-yə qarşı dünya bu vaxta qədər ədalətsiz mövqe sərgiləyib, bu ədalətsizlik aradan qaldırılmalıdır. Bunun üçün isə Türkiyə ilə yanaşı, Azərbaycanın və digər türk dövlətlərinin təşəbbüs göstərməsi vacibdir. Şimali Kipr müşahidəçi statusu ilə Türk Dövlətləri Təşkilatına qəbul olunarsa, bu, həm də onun de-fakto tanınması demək olacaq. Bu ilk addımdan sonra digər, daha ciddi qərarların da qəbul olunması yaxşı olardı. Yunanıstanın son dövrlərdə Türkiyəyə qarşı demarşları da nəzərə alınmalı , bu təşəbbüslə ona ”ağıllı ol" mesajı göndərilməlidir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının növbəti addımı ŞKTC-nin beynəlxalq birlik tərəfindən tanındırılmasına yönəlməlidir".

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

Tural İsmayılov

Politoloq Tural İsmayılov bildirdi ki, Şimali Kipr məsələsində bütün Türk dünyasının vahid mövqeyi var: “Düşünmürəm ki, ŞKTC-yə qarşı TDT-də təmsil olunan dövlətlər fərqli neqativ bir mövqeyə malik olsunlar. Bu gün Şimali Kipr Türk Cümhuriyyəti ( ŞKTC) ilə Türk Dövlətlər Təşkilatı (TDT) üzvü olan ölkələr bir çox sahələrdə fəal əməkdaşlıq həyata keçirirlər. Eyni zamanda ŞKTC-nin TDT ölkələrinin bəzilərində Azərbaycan da daxil olmaqla, nümayəndəlikləri mövcuddur. Siyasi, iqtisadi, humanitar və bir çox sahələrdə ŞKTC ilə perspektivli dialoq və əməkdaşlıq mühiti var və bu hər keçən gün inkişaf edir. Sadəcə olaraq ŞKTC beynəlxalq səviyyədə tanınmadığı üçün tam açıq formada TDT nəzdində ya da ondan kənar açıq formada ŞKTC siyasi rəhbərliyi təmsil olunmur toplantılarda”.

Ekspert qeyd etdi ki, Şimali Kipr türkləri uzun illər adadakı rumlar tərəfindən istismara məruz qalırdı: “Türkiyənin Kıbrıs əməliyyatı adanın türk toplumunu qorumaq üçün yeganə variant idi. Lakin bu gün də ŞKTC-yə qarşı haqsızlıq edilir. Beynəlxalq birlik onun müstəqilliyini tanımaqdan imtina edir. Belə olanda təqdirdə ŞKTC-nin TDT-də müşahidəçi qismində iştirakı tarixi addımdır. Lakin bu, hələ ki ŞKTC-nin müstəqilliyini Türk dövlətlərinin taniyacağı demək deyil. Özəlliklə, beynəlxalq birlik tərəfindən sanksiyalar və digər ittihamlardan yayınmaq üçün ŞKTC-nin müstəqilliyi hələ ki, tanınmaya bilər. Lakin ŞKTC ilə dərin əməkdaşlıq müşahidəçilikdən sonra daha da genişlənəcək”.

Gedişat göstərir ki, on illərdir dünyanın ikili standartlarından əziyyət çəkən “Yavru Vatan” öz hədəfinə yetişmək üzrədir. Məntiqlə danışıqları pozduğuna görə cəzalandırılmalı olan Yunan Kiprini mükafatlandıranlar bir gün səhvlərini etiraf etməli olacaqlar, Türk Kiprinin arxasında Türkiyə və Azərbaycan kimi dövlətlərin olmasını da kimsə unutmamalıdır. Türkiyə Prezidenti R.T.Ərdoğanın günün birində Şimali Kiprlə bağlı şərtini səsləndirməsi də gözləniləndir.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR