İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk birliyinin möhkəmlənməsi yönündə daha bir addım atıldı

Martın 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyə ilə Özbəkistan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının İkinci Toplantısı keçirilib.

Hər iki ölkə prezidentinin sədrliyi və Daşkənddə müvafiq nazirlərin iştirakı ilə keçirilən Şura Toplantısında strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Özbəkistan münasibətləri nəzərdən keçirilib. İki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün addımlar atılıb, sənədlər imzalanıb. Ən önəmli hadisələrdən biri Daşkənddə Türkiyə ilə Özbəkistan arasında Genişləndirilmiş Hərbi Çərçivə sazişinin imzalanması olub.

Qeyd edək ki, Özbəkistanın ən çox xarici ticarət apardığı ilk beş ölkə arasında yer alan Türkiyə ilə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə - 2022-ci ildə iki ölkə arasındakı ticarət həcminin 5 milyard ABŞ dollarına çatacağı gözlənilir. Türkiyə keçən il Rusiya və Çindən sonra Özbəkistanda ən çox şirkət quran üçüncü ölkə olub. Belə ki, 2022-ci ilin yanvar ayına olan məlumata görə, Özbəkistanda fəaliyyət göstərən türk kapitallı şirkətlərin sayı 2123-ə çatıb ki, onların da 407-si 2021-ci ildə qurulub.

Oqtay Qasımov: “Hərəkat liderləri sırasında agentlərin olmadığını deyə  bilmərəm” - VİDEO,FOTOLAR

Oqtay Qasımov: “Ərdoğanın Daşkənd səfəri, imzalanan sənədlər həm də türk dünyasının gələcəyinə hesablanıb”

Türkiyə-Özbəkistan yaxınlaşması və prezident Ərdoğanın Daşkənd səfərini “Yeni Müsavat”a şərh edən Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, 29 mart Türkiyə diplomatiyası tarixində və Türkiyə dövləti üçün önəmli gün oldu: “29 martda Türkiyənin vasitəçiliyi ilə İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında növbəti raund danışıqlar həyata keçirildi və Türkiyə prezidenti hər iki ölkənin nümayəndələri qarşısında çıxış elədi. İstanbul danışıqları bundan əvvəl Belarusda keçirilən danışıqlardan daha pozitiv nəticəli oldu. Bu da Türkiyənin ayağına yazıla bilər. Bundan sonra isə Türkiyə prezidenti Ərdoğan Özbəkistana səfərə yol düşdü. İslam Kərimovun hakimiyyəti dönəmində Özbəkistanla Türkiyə arasında uzun müddət münasibətlər çox aşağı səviyyədə idi. 2016-cı ildə Özbəkistanda hakimiyyət dəyişikliyi baş verəndən sonra iki ölkə arasında münasibətlər sürətlə inkişaf edib və bugünkü səviyyəyə gəlib çatıb. İki ölkə arasında hazırda ticarət dövriyyəsi 3,6 milyard dollar üzərindədir. Türkiyə-Özbəkistan əlaqələrinin sürətli inkişafı bütün mənalarda müsbət dəyərləndirilməlidir. Əvvəla ona görə ki, Özbəkistan Orta Asiyanın önəmli və güclü ölkələrindən biridir. Özbəkistan həm insan potensialı, həm iqtisadi resursları, həm hazırkı inkişaf sürəti ilə bərabər, islahatlara getdikcə açıq ölkəyə çevrilib. Eyni zamanda tarixi köklər, tarixi faktorlar da Özbəkistanın Orta Asiyada mövqeyini hər zaman əlahiddə edib. Bu baxımdan Mərkəzi Asiyada yerləşən türk dövlətləri sırasında Özbəkistanın xüsusi üstünlükləri var. Özbəkistan yerləşdiyi strateji coğrafi mövqeyi ilə də önəmli dövlətdir”.

Politoloq qeyd etdi ki, Özbəkistan Türkiyə ilə yanaşı, Azərbaycan və digər türkdilli dövlətlərlə də münasibətlərini sıxlaşdırır: “Bu gün Özbəkistan Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərindəndir. Türkiyə prezidentinin Özbəkistana səfəri də türkdilli dövlətlərə verilən önəm və bu dövlətlərin birliyinin inkişafı üçündür. Səfər zamanı çoxlu sənədlər imzalandı. Ən diqqətçəkən sənədlərdən biri iki ölkə arasında Hərbi çərçivə sazişi oldu. Bu, hərbi əməkdaşlığı reallaşdıracaq sənəddir. Eyni zamanda bu sazişin daxilində müdafiə sənayesi sahəsində əməkdaşlıq da nəzərdə tutulur ki, bu çox önəmli məsələdir. Türkiyə prezidentinin səfəri, Türkiyə-Özbəkistan arasında imzalanan sənədlər həm də türk dünyasının gələcəyinə doğru atılan addımlardandır. Türkdilli dövlətlər yaşadığımız əsrdə böyük çağırışlar qarşısındadır. Ona görə də bu dövlətlər həmin çağırışlara cavab verməlidir. Dünya böyük dəyişikliklər astanasındadır. Türkdilli dövlətlər bu dəyişikliklərə hazırlaşırlar və bir-biri ilə əlaqələri genişləndirirlər”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR