Onlayn ictimai-siyasi qəzet
Bura Adriatik dənizinin ən böyük körfəzidir. Nəinki Monteneqronun, dünyanın ən gözəl körfəzlərindən biridir. Söhbət Kotor körfəzindən gedir. Dörd tərəfi yaşıl örtüklü dağlarla əhatə olunan körfəzin əsrarəngiz mənzərəsi var. Yüksəkdən çəkilən görüntülərdə kirəmit damlı tikililər, evlər dənizin, dağların qoynunda çox gözəl görünür. Dünyanın 25 ən gözəl körfəzindən biri olan Kotor tarixlə təbiətin ən gözəl vəhdətidir.
Podqoritsadan Kotora quru yolla təxminən 1,5 saata çatmaq olar. Ən qısa yol isə Tivatdandır. Hətta səyahətinizi birbaşa buradan başlaya bilərsiniz. Tivat hava limanından birbaşa Kotora gedib, bir gün burada qala, körfəzi doyunca gəzə, dağlara çıxa, gəmi gəzintisinə qoşula, qədim şəhərin axşam mənzərəsindən zövq ala bilərsiniz. Ümumiyyətlə, körfəz sahilində bir neçə şəhər var. Kotor, Perast, Herseq Novi turistlər arasında daha populyardır.
Avqustun ilk günlərində səyahət etməyimə baxmayaraq, hava çox isti deyildi. Körfəzə yaxınlaşdıqca təbiətin gözəlliyinə məftun olmamaq mümkün deyil. Mənim kimi mavi sular, hündür dağlar həvəskarısınızsa, Kotoru “mütləq görülməli yerlər” siyahınıza əlavə edin.
Burada məskunlaşma qədim Roma dövründə başlayıb. Kotorun körfəzin dərinliklərində yerləşməsi Adriatik dənizinin strateji əhəmiyyətli regionu üçün “açar şəhər” olması demək idi. Buna görə də ard-arda Kotoru idarə edənlər - bizanslılar, serblər, venesiyalılar, fransızlar, avstriyalılar şəhər istehkamlarının tikintisinə xüsusi diqqət yetiriblər.
Kotorun tarixini bir neçə mərhələyə bölmək olar: Roma və Bizans dövrü (e.ə. 168 – e.1185) ; serb dövrü (1185-1371) ; Müstəqillik dövrü (1371-1420; Venesiya dövrü (1420-1797); Napoleon müharibələri (1797-1814) Avstriya dövrü (1814-1918); dünya müharibələri və sonrakı dövr. Fərqli mədəniyyətlər bölgənin həm coğrafi simasında, həm də mədəniyyətində öz izlərini qoyub. Müxtəlif mədəniyyətlərin unikal qarışığına görə Kotorun qədim şəhər mərkəzi 1979-cu ildə YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.
Kotor qala şəhərdir və qədim qoruyucu divar dağın yamacı boyunca uzanır. Kotor qalası orta əsrlərə aid gözəl nümunələrdən hesab olunur. Köhnə şəhəri dövrə vuraraq təpənin lap zirvəsinə qalxan qala divarının uzunluğu 4,5 kilometrdir. Hündürlüyü bəzi yerlərdə 20 metrə çatır, divarların əsas hissəsinin qalınlığı isə 2-16 metr arasında dəyişir. Hətta zəlzələlər belə qala divarlarına zərər verə bilməyib! Müqəddəs İohan qalası şərq tərəfdə Kotoru əhatə edir və onun düz arxasında Lovçen dağ silsiləsi başlayır. Kotor bölgənin inzibati, mədəni, dini, təhsil və iqtisadi mərkəzidir. Yerli sakinlərin əsas məşğuliyyəti dənizçilik və xarici ticarət olub. Buna görə də Kotor mühüm ticarət mərkəzlərindən birinə çevrilib.
Şəhəri gəzdikcə Venesiya dövrü memarlığının dominantlığı aydın hiss olunur. Qədim şəhərin üç qapısı var. Əsas qapı Dəniz qapısıdır, cənub qapısı Qurdiç Qapısıdır, şimal qapısı ilə Çay Qapısı adlanır. Çay qapısı Kotorun məşhur türk admiralı Xeyrəddin Barbarossa üzərində qələbənin şərəfinə 1539-cu ildə tikilib. Darvazanın üstündəki yazıda Barbarossanın 70 gəmi və 30 min əsgərlə şəhəri mühasirəyə aldığı, lakin onu tuta bilmədiyi bildirilir. Qədim şəhərdə zadəgan ailələrin sarayları qalmaqdadır. Şəhər ərazisində bir neçə kilsə var. Əgər zamanınız kifayətdirsə, günün isti saatlarında şəhəri gəzməyi, kilsələrə baş çəkməyi tövsiyə edirəm. Burada 12-ci əsrə aid Müqəddəs Trifon Kafedralı, həmin əsrdə tikilmiş Müqəddəs Luka kilsəsi, 13-cü əsrdə ucaldılmış Müqəddəs Mariya kilsəsi və başqa tarixi tikililər var. Kilsədə 3 avroya şam alıb dua edə bilərsiniz.
Kotora səyahət edərkən dağa doğru ucalan Müqəddəs İohan qalasını görməmək mümkün deyil. Qala divarları min ildən artıq müddətdə şəhərin müxtəlif idarəçiləri tərəfindən tikilib. Dəniz səviyyəsindən 280 metr yüksəklikdə yerləşən Müqəddəs İohan qalasına qalxmaq asan deyil, lakin oradan körfəzə heyrətamiz mənzərə açılır. Qalaya qalxmaq üçün giriş 15 avrodur. Daş pillələrin sayı 1300-dən çoxdur. Rahat ayaqqabı geyməyi və özünüzlə su götürməyi unutmayın. Daş pillələrlə hərəkət etməlisiniz, üstəlik, bəzi yerlərdə pillələr sürüşkəndir, daşların çox enli olduğu yerlər də var. Yayın istisində təpəyə qalxmaqdan ehtiyat edirsinizsə, nisbətən sərin, çiskinli havada getməyi nəzərdən keçirmək olar. Cığırla üzüyuxarı qalxmaq fiziki hazırlıq tələb edir. Təpənin zirvəsinə aparan sıldırımlı yolla yarım saat qalxdıqdan sonra yorğunluq hiss edə bilərsiniz. Buraya uşaqla çıxmaq məsləhət görülmür. Yaşlılar üçün də bu yol o qədər uyğun deyil. Şəxsi təcrübəmə əsasən, qalaya ya səhər saatlarında, ya da axşamın sərinində çıxmaq daha yaxşı olar. Axşam saat 10-da ərazidə olmaq qadağandır. Odur ki, yavaş-yavaş çıxıb düşəcəksinizsə, bunun üçün ən azı 2 saat sərf etməli olacaqsınız. Əgər yarıyolda qalaya çıxmaqdan vaz keçsəniz, çox da peşman olmayacaqsınız. Yoxuş boyunca bir neçə müşahidə məntəqəsi var. Yorulanda burada dayana, körfəzə açılan əsrarəngiz mənzərəni seyr edə bilərsiniz.
Qaladan endikdən sonra axşam saatlarında qədim şəhərdə gəzişə, körfəz sahilində gün batımından zövq ala bilərsiniz.
Qədim şəhərin divarları arasında çox sayda kafe və restoran var. Burada da italyan mətbəxinə aid yeməklər təklif olunur. Bu dəfə pasta dadmağa qərar verdim və bunun üçün 17 avro ödədim. Bu arada səyahətim boyu ilk dəfə məndən əlavə servis haqqı istəndi - 5 avro.
Qiymətə daxil edilmədiyi üçün ofisiantlar sizdən bunu xahiş edə bilərlər. Bir sözlə, bu halla qarşılaşsanız, təəccüblənməyin. İmtina edə bilərsiniz. Şəhər daxilində gəzərkən ərazisində çox sayda pişik olan parkla qarşılaşacaqsınız. Rəvayətə görə, Kotor körfəzi dağlar və dəniz arasında yerləşdiyindən burada çoxlu siçan, ilan və siçovul var idi. Sakinlər bu zərərvericilərdən pişiklərin köməyi ilə xilas olublar. Belə ki, ilk pişiklər Monteneqroya dənizçilərlə daxil olublar. Bəllidir ki, dənizçilər malları qorumaq üçün gəmidə pişik saxlayırdılar. Beləliklə, gəmilər Kotor limanına yanaşandan sonra pişiklər körfəz boyunca yerləşən şəhərlərə daxil oldular və burada əbədi olaraq məskunlaşdılar. Turistlərin çoxu Kotor adasının məhz pişiklərlə əlaqəli olduğunu düşünsə də, bu belə deyil. Rusca “kot”un, ingiliscə “cat” in Kotorla heç bir əlaqəsi yoxdur.
Zamanla şəhərdə pişiklərin sayı artmağa başlayıb. 2010-cu ildə eyni vaxtda 30-a yaxın pişik zəhərləndirildikdən sonra şəhər rəhbərliyi bunun humanist olmadığı qənaətinə gəlib və pişiklər üçün xüsusi yer ayırıb. Bu gün park turistlərin sevimli məkanına çevrilib. Səyahətçilər pişikləri sığallaya, onları yemləyə bilirlər. Pişiklərlə aranız yaxşıdırsa, buranı sevəcəksiniz. Təbii ki, yerlilər turistlərin bu marağını nəzərə alaraq, pişik təsvirli müxtəlif çeşiddə suvenirlər hazırlayırlar. Xatirə hədiyyəsi almaq üçün seçim çoxdur.
Şəhərdən körfəz sahilinə çıxdıqda sahildə çox sayda gəmi görünür. Turizm mövsümündə Kotor dəniz limanına mütəmadi olaraq böyük kruiz gəmiləri yan alır. Körfəzə 300 metr uzunluğunda bir gəmi daxil ola bilir. Digər gəmilər isə körfəzdə dayanır, sərnişinlər sahilə qayıqlarla çatdırılır. Əgər Kotora quru yolla səyahət etsəniz, gəmi turu da götürə bilərsiniz. Vaxt məhdudiyyəti olduğu üçün bu dəfə dəniz səyahətindən zövq almaq imkanım olmadı. Qismət olsa, növbəti dəfə mütləq nəzərə alacam, çünki deyilənə görə, bəzi vaxtlarda səhər saatlarında dənizin nisbətən sakit yerlərində delfinləri görmək mümkündür. Üstəlik, belə cənnət məkana dəniz tərəfdən baxmaq ayrı zövq verər.
Kotor körfəzini yüksəkdən də seyr edə bilərsiniz. Belə ki, yaxın zamanda şəhərdə kanat yolu istifadəyə verilib. Böyüklər üçün gediş-dönüş 23 avro, bir tərəfə gediş 13 avro, 2-12 yaşlı uşaqlar üçün gediş-dönüş 12 avro, bir tərəfə 7 avrodur.
Məncə, təbiətin bu cənnət guşəsinə ən azı bir dəfə səyahət etməyə dəyər!
Kotor, Monteneqro,
Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ