İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın və Aİ-nin alüminium qərarları Azərbaycan ixracatçılarına ciddi çətinliklər yaradacaq

ABŞ Prezidenti Donald Trampın ölkəyə bütün mənbələrdən idxal olunan alüminiuma 25 faizlik əlavə rüsum tətbiqinə dair qərarından sonra Avropa İttifaqı Rusiyadan ilkin alüminium idxalına qadağa tətbiq etdi. Analitiklərə görə, bu  addımlar dünya alüminium bazarında ciddi təbəddülatlara gətirib çıxaracaq. İlk növbədə isə istehsalçı ölkələr ixrac coğrafiyasında ciddi dəyişikliklər etməli olacaqlar.

Bu isə həm əlavə vaxt itkisi, həm yeni xərclər, bəzənsə daha əlverişli bazar şərtləri əldə olunmasına gətirib çıxaracaq: yeni rüsumlardan güzəştlər ala bilməyən ölkələr Rusiyanın Avropa bazarındakı payını əldə etməyə çalışacaqlar, Rusiya isə digər bazarlarda mövqeyini gücləndirmək üçün addımlar atacaq. Belə vəziyyət hər bir ixracatçı üçün gərgin fəaliyyət, çevik qərarlar tələb edəcək.

Azərbaycan da alüminium ixracatçısı olan ölkələrdən biridir. Rəsmi statistikaya əsasən, 2024-cü ildə ölkədən 197 milyon ABŞ dolları dəyərində 72,6 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub. Bu, 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə dəyər ifadəsində 1,3 faiz çox, həcm baxımından isə 2,2 faiz azdır. 2025-ci ilin yanvar ayında isə Azərbaycandan 12 milyon 425 min dollar həcmində 4 min 330 ton alüminium ixrac edilib. Alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 milyon 950 min dollar və ya 19,2 faiz, miqdar ifadəsində isə 1 338 ton, başqa sözlə, 23,6 faiz azalıb. Xatırladaq ki, 2024-cü ilin yanvar ayında Azərbaycandan 15 milyon 381 min dollar dəyərində 5 min 668 ton alüminium ixrac edilmişdi.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycandan ABŞ-a 31 milyon 230,85 min dollar dəyərində 10 821,43 ton “Alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar” ixrac olunub. Digər alüminium məmulatları ilə birlikdə ABŞ-a cəmi ixrac 11 min tondan yuxarı olub. Ümumilikdə, ABŞ Türkiyədən sonra Azərbaycanın ən çox alüminium məmulatı ixrac etdiyi ölkədir. Daha sonra Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukrayna gəlir. Rusiyanın Avropa bazarlarına yolunun bağlanması bu ölkənin öz məhsulunu Azərbaycanın əsas bazarları olan ölkələrə yönəltməsinə gətirib çıxaracaq. Ukraynaya görə sanksiyalara məruz qalan Rusiyanın Avropa bazarında sata bilmədiyi məhsullarını məhz postsovet məkanına yönləndirməsi təcrübəsi artıq mövcuddur. Rusiya öz məhsulunu çox aşağı qiymətlə təklif etməklə yeni bazarlarda möhkəmlənməyə çalışır. Bu isə Azərbaycanın alüminium ixracatçıları üçün böyük problemlər yaradacaq.

Son illərdə alüminium ixracında qeydə alınan artım istehsalın da artmasını stimullaşdırıb. Belə ki, 2024-cü ildə Azərbaycanda 63 min 278,2 ton alüminium məmulatları istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 min 194,5 ton və ya 40,4 faiz çoxdur. 2023-cü ildə ölkədə 45 min 83,7 ton alüminium məmulatları istehsal edilmişdi. Bu ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanda hazır məhsul ehtiyatı 3 min 856 ton təşkil edib. Bu da illik müqayisədə 19,9 faiz, başqa sözlə, 960,1 ton azdır

Ölkənin əsas alüminium istehsalçısı Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azəralüminium” MMC-dir. Sovet dövründən fəaliyyət göstərən müəssisələrin bazasında yaradılan MMC Azərbaycan əlvan metallurgiya sənayesinin aparıcı şirkəti, həmçinin Cənubi Qafqazda yeganə ilkin alüminium istehsalçısıdır. Yeni kompleksin təməli Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin mart ayında qoyuluyb. 2011-2012-ci illərdə kompleksin illik 50.000 ton ilkin alüminium istehsalı gücünə malik 1-ci fazası işə başlayıb.

MMC-dən verilən məlumata əsasən 2013-cü ilin may ayında Alüminium Kompleksinin fasiləsiz tökmə və yayma, soyuq yayma və boyama zavodlarında istehsalın sınaqdan keçirilməsinə başlanıb. Şirkətin əsas müəssisəsi olan Alüminium Kompleksi Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu,) və 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), digər obyektlər daxildir. Kompleksin ümumi işçi sayı 1084 nəfərdir. Azəralüminium ilkin alüminium, fasiləsiz tökmə rulonlar və soyuqyayma məhsulları təklif edir. Şirkət istehsalının 90 faizini 15-dən çox xarici ölkəyə ixrac edir.

“Azəralüminium” MMC-nin açıqlanan sonuncu maliyyə hesabatı 2022-ci ili əhatə edir. Hesabatdan aydın olur ki, həmin il MMC-nin gəliri 286,7 milyon manat olub. Gəlirlər bir ildə 52,3 milyon manat, yaxud 22,3 faiz artıb. Həmin il satışın maya dəyəri 232,2 milyon manat olub ki, bu da illik müqayisədə 61,6 milyon manat və ya 36,1 faiz çoxdur.

Şirkətin ümumi mənfəəti 9,2 milyon manat (14,5 faiz) azalaraq 54,5 milyon manat təşkil edib. “Azəralümünium” 7 milyon manat mənfəət vergisi ödənişindən sonra (6,4 faiz az) ötən ili 27,7 milyon manat xalis mənfəətlə başa vurub. Xalis mənfəətin həcmi 2021-ci illə müqayisədə 2,4 milyon manat (7,9 faiz) azalıb.

Azərbaycanda alüminium sənayesinin inkişaf etdirilməsi dövlətin əsas strategiyalarından biridir. Ölkə rəsmiləri bildirirlər ki, qeyri-neft sektoru üzrə əsas paya sahib alüminium sənayesinin istehsal potensialının artırılması ilə bağlı işlər davam etdirilir. İlk fazanın tikintisi dünya alüminium istehsalında ən böyük çəkiyə malik Çin şirkətləri ilə yerli insan resurslarımızın birgə fəaliyyəti nəticəsində ərsəyə gətirilib. Sənayenin ikinci fazasına keçid texnologiya nəhəngi olan Almaniya ilə birlikdə hədəflənir. 2022-ci ildə keçmiş Azərbaycan Sənaye Korporasiyası, “Azəralüminium” və Almaniyanın “Achenbach Alpha GmbH” şirkəti arasında imzalanmış yeni müqaviləyə əsasən, illik potensialı 105 min ton olan alüminium yayma məhsullarının istehsalına başlanması nəzərdə tutulur. Layihənin ümumi investisiya məbləği 451,2 milyon ABŞ dolları, birinci mərhələdə investisiya məbləği isə 132 milyon ABŞ dolları təşkil edir. İstehsalın artması ilə “Azəralüminium” şirkəti üzrə işçi sayının 2 mini keçməsi gözlənilir.

Belə böyük hədəflərin olduğu sənaye sahəsi üçün dünya bazarına böyük təsir edəcək son addımlar ciddi çağırışlar formalaşdırır. “Azəralüminium” MMC-nin marketinq şöbəsindən “Yeni Müsavat”ın sorğusuna verilən cavabda qeyd edilir ki, D.Trampın alüminium idxalına əlavə rüsum təyin etməsi ixracla bağlı çətinliklər yarada bilər: “Həqiqətən ABŞ ölkəmizdə istehsal olunan alüminium məhsullarının ixrac olunduğu əsas təyinat ölkələrindən biri hesab oluna bilər və holdinqin idarəetməsində olan ölkəmizin aparıcı alüminium istehsalçısı - "Azəralüminium" MMC ilə bağlı ixrac rəqəmi 10 min tondan bir qədər çoxdur. Bu baxımdan, rüsumların artırılması, şübhəsiz, adıçəkilən ölkəyə ixrac həcmlərinə dəyişikliklərin gətirilməsi baxımından ölkəmizin alüminium sənayesinə təsirsiz ötüşməyəcək. Bununla belə, qeyd olunan istiqamət üzrə ixrac göstəricilərinin hansı səviyyədə təsbit olunacağı barədə növbəti ayların ixrac hərəkətliliyini, habelə ABŞ daxili bazarının bu məhsula olan ehtiyaclarının dinamikasını nəzərdən keçirdikdən sonra qəti fikir söyləmək olar".

ABS-a ixrac səmərəsiz hala gələrsə, hansı perspektiv ixrac istiqamətlərinə fokuslanmaq mümkündür? MMC-dən bildirildiyinə görə, müəssisə bazarda baş verənləri yaxından izləyir: “Qeyd olunmalıdır ki, Şimali Amerika qitəsi alüminium məhsullarına olan tələbatı baxımından ölkəmizin alüminium sənayesi üçün əsas hədəf istiqamətlərdən biri olaraq öz aktuallığını saxlamaqdadır. Bu baxımdan, ABŞ-ın qonşu ölkələri olan Meksika və Kanada ilə perspektiv əməkdaşlıq münasibətlərinin qurulması tərəfimizdən nəzərdən keçirilməkdədir. Belə ki, adıçəkilən ölkələrdən ötən illər ərzində əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə çoxsaylı təkliflər daxil olmuş və həmin təkliflərin bir çoxu bu gün də öz qüvvəsini saxlamaqdadır”.

Ümumiyyətlə, Trampın qərarı Azərbaycanın alüminium ixracına nə qədər ciddi təsir göstərə bilər?  “Azəralüminium”dan qeyd edilir ki, alternativ bazar imkanları həmişə diqqətdə saxlanılır: “Təbii ki, yerli istehsalçılar alternativ bazar imkanlarını hər zaman diqqət mərkəzində saxlayırlar. Bununla belə, bu suala qəti cavab vermək doğru olmaz. Bunun üçün cari ilin sonunu gözləməli və statistikamızı (ixraca təsiri) həmin nəticələrdən asılı olaraq formalaşdırmalı, müəyyən etməliyik. Dolayısı ilə, əlimizdə olacaq statistika bizim mövcud ixrac strategiyalarımıza korrektələrin, optimal istiqamətlərin təyin edilməsi baxımından xüsusi əhəmiyyətə malik olacaq”.

Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiya paketində bu ölkədən ilkin alüminium idxalına qadağanın tətbiqi Azərbaycan ixracatçılarının daha çox uzaq bazarlara yönəlməsinə gətirib çıxara bilər. Yuxarıda da qeyd etdik ki, Rusiya öz məhsulunu postsovet məkanında reallaşdırmaq üçün kəskin qiymət endirimlərinə rahatlıqla gedə bilir. Moskvanın ticarətdə siyasi təzyiq vasitələrindən də eyni qaydada bəhrələndiyini nəzərə alsaq, Azərbaycanın öz alüminiumunun ixrac coğrafiyasında daha kəskin dəyişiklik etməli olacağını söyləyə bilərik.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR