Onlayn ictimai-siyasi qəzet
“ABŞ-ın yeni prezidenti Donald Tramp dövlət vəzifələrinə namizədlərini irəli sürməkdə davam edir. Bunlar arasında səfirlər də var”.
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Donald Tramp Corciya ştatının keçmiş senatoru Devid Perdunu ABŞ-ın Çində səfiri vəzifəsinə irəli sürüb:
“Devid Perdu Konqresdə bu vəzifəyə təsdiq olunmalıdır. Müşahidəçilərin fikrincə, Konqresdə Respublikaçılar Partiyasının nisbi çoxluğu nəzərə alınarsa, Perdunun təsdiq ediləcəyini proqnozlaşdırmaq olar. Donald Trampın sözlərinə görə, Devid Perdu regionda sülhün qorunması strategiyasının və Çin liderləri ilə məhsuldar işgüzar münasibətlərin həyata keçirilməsində mühüm rol oynayacaq.
Perdu 2015-2021-ci illərdə senator olub. O, Senatın silahlı qüvvələr və beynəlxalq əlaqələr komitələrinin üzvü olub. Perdu 2021-ci ildə Corciya qubernatoru postu uğrunda yarışıb. Tramp onu dəstəkləsə də, Perdu demokrat Con Ossofa məğlub olub. Keçmiş biznesmen olan Devid Perdu Asiya bölgəsini yaxşı tanıyır, o, Sinqapurda və Honkonqda yaşayıb.
Perdu Donald Tramp kimi Çini ABŞ-ın rəqibi hesab edir. “Bizim Çinin artan iqtisadi və geosiyasi təsiri ilə rəqabət aparmaq və onunla mübarizə aparmaq üçün uzunmüddətli planımız olmalıdır” deyən Perdu yeni vəzifəsində gərgin fəaliyyətə hazırlaşmalıdır. Çünki Donald Tramp prezident vəzifəsində Çin mallarına rüsumları yenidən qaldırmağı planlaşdırır”.
Xalidə Gəray
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ