İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın elçisinin Kremli “fəth” üçün beşinci cəhdi - ŞƏRH

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff avqustun 6-da Moskvada səfərdə olub. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Bu, xüsusi nümayəndənin 2025-ci ildə Rusiyaya beşinci səfəridir. Bundan əvvəl S.Uitkoff fevralın 11-i, martın 13-ü, aprelin 11-i və 25-də Moskvada olub.

Bu səfər ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi ultimatumun başa çatmasına iki gün qalmış reallaşıb. O, Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyaya sanksiyaların tətbiq ediləcəyini bildirmişdi.

Tramp Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq üçün əvvəllər də cəhd göstərib, ancaq bu, uğursuzluqla nəticələnib. İndiki ultimatumun müddəti avqustun 8-də bitir.

Vladimir Putinlə Stiv Uitkoff arasında üç saat sürmüş danışıqdan sonra Donald Tramp “Truth Social” sosial şəbəkəsində görüşü belə qiymətləndirib: “Xüsusi elçim Stiv Uitkoff indicə Prezident Vladimir Putinlə son dərəcə məhsuldar görüş keçirdi. Böyük irəliləyiş əldə olundu! Bundan sonra mən bəzi avropalı müttəfiqlərimizi məlumatlandırdım. Hamı razılaşır ki, bu müharibə başa çatmalıdır. Biz yaxın günlər və həftələrdə bu istiqamətdə işləyəcəyik”.

Kremldəki danışıqlardan sonra ABŞ vitse-prezidenti Cey Di Vans, Stiv Uitkoff, ABŞ-nin dövlət katibi Marko Rubio, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO-nun baş katibi Mark Rüttenin iştirakı ilə onlayn görüş olub.

Ukrayna Prezidenti Volodimir Zelenski də söhbətə dəvət edilib. O, təfərrüatları açıqlamayaraq bildirib: “Moskvada səsləndirilən məsələləri müzakirə etdik”.

ebd87818-a2cc-39dc-92ed-67b07b2c.jpg (171 KB)

Uitkofun Kremldəki beşinci görüşünün ictimaiyyət üçün məlum nəticəsi Donald Trampın gələn həftə Vladimir Putinlə ikitərəfli, daha sonra Volodimir Zelenskinin də iştirakı ilə üçtərəfli görüş keçirmək istəyidir. Məlumata görə, Avropa liderləri də bu formata razılıq veriblər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, Putin Ukrayna məsələsi üzrə ABŞ-yə bəzi siqnallar ötürüb, Ağ Ev rəhbərindən də uyğun siqnallar alınıb.

Bu o deməkdir ki, görüşə hazırlıq işlər gedəcəyindən avqustun 8-də Rusiyaya qarşı hələ ki sanksiya tətbiq edilməyəcək. Halbuki Ağ Ev Rusiyanın "kölgə donanması"na qarşı sanksiyalar tətbiq edə bilərdi. Keçmiş prezident Cozef Bayden administrasiyası Rusiya ilə əlaqələri olan 213 tankerə qarşı sanksiyalar tətbiq etmişdi. Bəhs etdiyimiz görüş Donald Trampın həmin siyahını hələ ki genişləndirməyəcəyini ehtimal etməyə əsas verir.

Bununla belə, ABŞ sanksiyaların RF-yə belə tezliklə təsir göstərməyəcəyini də açıqlayır. Qərbin iqtisadi, maliyyə, energetika, sosial və mədəni sahələr üzrə sanksiyalarına və məhdudlaşdırıcı tədbirlərinə Rusiyanın təkbaşına dözməsinin mümkünsüzlüyü sirr deyil. Bu səbəbdən ticarət tərəfdarlarını Rusiyadan ayırmaq Ağ Evin yürütdüyü taktikalardandır. Neftdən gələn gəlir RF iqtisadiyyatının əsasını təşkil edir. 2024-cü ilin yanvar-sentyabr aylarında büdcə daxilolmalarının təxminən 80 faizini neft-qaz hasilatı təmin edib.

b4bcd6d2-a978-426c-9339-3416e41f.jpg (131 KB)

Odur ki, bu istiqamətdə tərəfdaşları sıradan çıxarmaq, neftin dünya bazarında qiymətini ucuzlaşdırmaq Rusiyanın Ukrayna cəbhəsində yumşalmasına, ABŞ başda olmaqla Qərblə razılaşmasına səbəb ola bilər.

RF-nin neft ixracatı üzrə əsas tərəfdaşları Çin və Hindistan sayılır. Artıq ABŞ Rusiyadan neft alışı səbəbindən Hindistana qarşı 25 faizlik rüsumlar tətbiq edib.

Rəsmi Vaşinqton oxşar tələbi Pekinin qarşısında da qoyub. Çin hakimiyyəti hələ ki Donald Trampın tələbinə əməl etməyən kimi görünür. Ancaq Ağ Evin indiki sahibi bu Xalq Respublikasına qarşı rüsumları qaldıracağı təqdirdə Rusiyanın maraqları ikinci yerə keçə bilər.

Yeri gəlmişkən, iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 3,7 faiz artaraq 688,28 milyard dollar təşkil edib. Bu göstərici ilə ABŞ Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır. Çindən bu ölkəyə ixracat keçən il 4,9 faiz artaraq 524,66 milyard dollara yüksəlib.

ABŞ-nin müttəfiqi olan Avropa İttifaqı da Çin qarşısında oxşar tələblər irəli sürüb.

Rəsmi Pekin müstəqilliyini qorumaq çərçivəsində Rusiyaya müharibənin dayandırılması istiqamətində, yaxud danışıqlar, görüşlər keçirməklə vaxt uzadılmasında Moskvaya təsir edə bilər.

a7c3b9a4-e6cd-38b1-8fef-c1e0faa2.jpg (136 KB)

Donald Tramp Çin və Hindistan qarşısında neftlə bağlı irəli sürdüyü şərtlə Rusiyanı həm də tərk-silah edir. Ehtimal olunur ki, bu yolla Moskva tələb və təkliflərlə razılaşacaq...

Ancaq bütün görüş və danışıqlar Ukraynaya sülhün belə tez gələcəyini istisna edir. Bu istiqamətdə indiki şərait üçün əsas hədəf atəşkəsə nail olmaqdır. Ukrayna buna razılıq versə də, Rusiya həmişə müxtəlif bəhanələrlə bu rejimin tətbiqindən yayınır.

Son günlər bu istiqamətdə müzakirə edilən əsas mövzulardan biri də Volodimir Zelenski ilə Vladimir Putinin ikitərəfli birbaşa görüşüdür. Rəsmi Moskva buna hələ ki razılıq verənə oxşamır. Bunu tərəflərin nümayəndə heyətləri arasında İstanbulda bir müddət əvvəl keçirilmiş görüşlər də təsdiqləyir. Çünki liderlərin görüşü həm də proseslə bağlı mühüm addımın atılmasına şərait yaradır. Ukrayna ərazi bütövlüyündən, Rusiya isə işğal və ilhaq etdiyi ərazilərdən imtina etmir. Bu baxımdan, tərəflərin yalnız atəşkəs rejimində anlaşa bilməsi mümkün sayılır.

Odur ki, Trampın vasitəçiliyi və iştirakı ilə üçlüyün görüşünün keçirilməsi də hələ ki ehtimal olaraq qalır. Avqustun 8-də sanksiyaya məruz qalmamaq üçün Stiv Uitkoffun görüşlə bağlı təklifinə Rusiyanın müsbət cavabını da Kremlin vaxt udmaq cəhdi kimi dəyərləndirmək olar. Çünki atəşkəs rejiminin tətbiqinə razılıq verməyən RF ilə ABŞ və Ukrayna prezidentləri nə danışa bilər? Ən yaxşı halda humanitar məsələ üzrə müəyyən razılıq əldə edə bilərlər.

Donlad Tramp Rusiya Prezidentinin onu aldadıb-aldatmadığı suala cavabında deyib: “Hələ cavab verə bilmirəm, bir neçə həftə sonra, bəlkə daha tez deyəcəyəm”.

Uitkoffun Kremli əvvəlki ziyarəti Rusiyanın Ukraynanı işğalının qarşısını ala bilməyib. Beşinci cəhdin də nəticəsinin fərqli olmayacağı ehtimalı böyükdür. Atalar da üçdən artıq deməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR