İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın "dostu"na sərt xəbərdarlıq: Ya Çin, ya ABŞ!

"ABŞ prezidenti Donald Trampın xarici ölkə liderləri arasında çox az dostu var. Müxtəlif ölkələrin liderləri Ağ Evin hazırkı sahibi ilə görüşüb fikir mübadiləsi aparsalar da, Trampla dostluq əlaqələri qura bilməyiblər".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, Tramp görüşdüyü liderlərin bir qismini "dostum" adlandırsa da, onların ölkələrini müxtəlif yollarla cəzalandırmağa çalışır:

"Məsələn, Donald Tramp Ağ Evdə yerləşənə qədər Amerika Birləşmiş Ştatlarının qonşusu Kanada ilə münasibətlərində gərginliyi olmayıb. Tramp Kanada və onun baş naziri haqqında elə aşağılayacı fikirlər söylədi ki, üstəgəl tətbiq etdiyi tariflər hazırda qonşusuyla münasibətləri də gərginləşdirib.

Trampın xarici liderlər arasında azsaylı dostlarından biri də Argentina prezidenti Xavyer Mileydir. Argentina lideri Trampın prezident seçkisindən sonra görüşdüyü ilk liderlərdən biridir. Tramp Xavyer Mileyi Floridadakı malikanəsində qəbul etmişdi. Trampla yanaşı, İlon Mask da Argentina prezidenti ilə dostluq münasibətləri qurub.

elxan.jpg (68 KB)

Bir çox ölkə Donald Trampın tarifləri artırmaq qərarını sərt tənqid edərkən bircə Argentina prezidenti Ağ Ev sahibinin qərarını müsbət qarşılayıb. Xavyer Miley deyib ki, Argentina ABŞ-ın bu ölkədən idxala rüsumları ləğv etməsi üçün özünün tənzimləyici bazasına dəyişikliklər edəcək. Argentina ABŞ-ın 16 tələbindən 9-nu dərhal yerinə yetirib, yerdə qalanlarını qısa müddətdə həll edəcəyini vəd verib. Yəni Argentina prezidenti amerikalı həmkarı ilə dostluğunu davam etdirmək üçün Ağ Ev sahibinin şərtlərini qeyd-şərtsiz yerinə yetirməyə hazırdır.

Buna baxmayaraq, Vaşinqtonun Argentinadan bir tələbi də var. Ağ Ev Argentinanın Çinlə iqtisadi münasibətlərinə yenidən nəzərdən keçirməyi məsləhət görüb. Trampın Latın Amerikası üzrə xüsusi nümayəndəsi Maurisio Klaver Karone deyib ki, Çin Argentinadakı "mövqeyini" gücləndirərsə, ABŞ Beynəlxalq Valyuta Fondunun Buenos-Ayresə kredit tələbinə dəstəyi dayandıracaq. ABŞ prezidenti Donald Trampın müşaviri bildirib ki, Vaşinqtonun Argentinanın Beynəlxalq Valyuta Fondu ilə davam edən danışıqlarına dəstəyi prezident Xavyer Mileyin Çindən uzaqlaşmasından, xüsusən də Pekinlə valyuta mübadiləsi sazişini dayandırmasından asılıdır.

Müşavir Mileyi müttəfiq kimi xarakterizə etsə də, Vaşinqtonun prioritetinin hər hansı yeni sazişin Argentinada "Çinin mövqeyini gücləndirməməsini" təmin etmək olduğunu vurğulayıb.

"Biz Argentinanın Çinlə olan məşhur kredit xəttinin sona çatmasını istəyirik" deyən amerikalı müşavir Buenos-Ayresin doğru qərar verəcəyinə inandığını bildirib".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR