İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın böyük qələbəsi: Panama geri addım atdı

ABŞ Prezidenti Donald Trampın bəyan etdikləri beynəlxalq aləmdə mübahisə doğursa da, Ağ Ev sahibinin hədələrinin bəziləri reallaşmaq üzrədir. Belə ki, amerikalı diplomatlardan birinin “Bloomberg” agentliyinə verdiyi məlumata görə, Panama dövləti ABŞ-ın hərbi gəmilərinin kanaldan pulsuz keçidinə razılaşıb. 

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edir ki, Dövlət Departamentinin yaydığı məlumata görə, bunun hesabına ABŞ büdcəsi milyonlarla dollar xərcdən qurtulacaq:

"Halbuki, hesablamalara görə, ABŞ hərbi gəmilərinin Panama kanalından keçidi baha başa gəlmirdi. Panama rəsmilərinin məlumatına görə, ABŞ kanaldan istifadə etdiyi 26 ildə hərbi gəmilərinin keçidinə ümumilikdə 25.4 milyon dollar xərcləyib. Bu ABŞ üçün kiçik rəqəmdir. Buna baxmayaraq, Panama dövləti Vaşinqtonun təzyiqi qarşısında ilk geri addım atıb, bunun özü də Ağ Ev üçün vacib nəticədir. Bunun ardınca, Ağ Ev başqa tələblərinin də yerinə yetiriləcəyi qənaətindədir.

Panama rəsmiləri “Bloomberg” agentliyinin xəbərini təsdiq etməsələr də, belə bir açıqlama yayıblar ki, “ABŞ hərbi gəmilərinin kanaldan keçidini optimallaşdıracaqlar”.

Bunun özü Panama dövlətinin Vaşinqtonun təzyiqləri qarşısında geri addım atdığını göstərir. Bu baxımdan dövlət katibi Marko Rubionun bugünlərdə Panamaya səfərinin nəticəsi olub.

Panama dövləti Vaşinqtonun başqa bir tələbini də yerinə yetirib. Donald Trampın əsas tələblərindən biri də Çinin Panama kanalı ətrafında limanlardan uzaqlaşdırılmasıdır. Panama Prezidenti Raul Mulino Marko Rubio ilə görüşdən sonra vəd verib ki, Çinin Panama kanalı ətrafında nəzarət etdiyi limanlara maliyyə auditi həyata keçiriləcək. Panama limanların işlədilməsiylə bağlı Çin şirkətləri ilə müqavilənin müddətini uzatmayacaq. Bundan başqa Panama Çinin “bir kəmər, bir yol” layihəsində iştirakını uzatmayacaq. Başqa sözlə Panama yaxın müddətdə Çinin “bir kəmər, bir yol” layihəsindəki iştirakını dayandıracaq. Bu layihə ilə bağlı Panama ilə Çin arasında saziş 2017-ci ildə imzalanmışdı".

Elxan Şahinoğlu həmçinin vurğulayıb ki, Panama Ağ Evin tələblərini yerinə yetirməyə hazır olduğundan ABŞ bu ölkə ilə hərbu əməkdaşlığı genişləndirməyə qərar verib:

"ABŞ-ın yeni müdafiə naziri Pit Heqsetlə Panama Prezidenti arasında telefon danışığı olub. Ağ Evin digər məqsədi Panama kanalını hərbi nəzarətə götürməkdir. Bu gedişlə Vaşinqton bu istəyinə də nail olacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR