İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İrana “kökə-qamçı” siyasəti: Sülh istəyir, həm də...

“Tramp İranla münasibətlərdə bir əlində kökə, bir əlində qamçı tutub”.

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, ABŞ prezidenti Donald Tramp İranla danışıqları davam etdirmək istəyir:

“Ağ Ev sahibi hələ ki, İsrailin İrana zərbə endirməsinin əleyhinədir. Buna baxmayaraq, Vaşinqton İrana qarşı sanksiya siyasətindən də imtina etməyib. Donald Trampın hakimiyyətə gəldiyi gündən bu yana Ağ Evin İrana qarşı altıncı sanskiya paketi elan edilib. Sanksiya siyahısına Çinin İran neftini daşıyan tankerləri və şirkətlər şəbəkəsi də daxil edilib. Söhbət Çinin İranla əməkdaşlıq edən 7 şirkətindən və 5 gəmisindən gedir.

elxan.jpg (68 KB)

Bu şirkət və tankerlər vasitəsilə İrandan 1 milyard dollar həcmində neft alınıb. Vaşinqton bu qərarla Çinin neft idxalıçılarına təzyiqi daha da artırıb. Vaşinqtonun bu siyasətinin müəyyən təsirləri olub. Misal üçün, Çinin dövlət neft şirkətləri ABŞ sanksiyalarına görə İrandan xam neft almağı dayandırıblar.

Buna baxmayaraq, Pekin Vaşinqtonun yeni sanskiya paketini sərt tənqid edib. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyu ABŞ-ı Çin qurumlarına və fiziki şəxslərə qarşı “əsassız təzyiqlərini” dərhal dayandırmağa çağırıb. “Çin öz qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi addımlar atacaq”, - Liu açıqlamasında bildirib.

Çin İran neftinin əsas alıcılarındandır. Maraqlıdır ki, Vaşinqton İrana qarşı növbəti sanksiyalar paketini elan edərkən, Omanda amerikalı və iranlı diplomatlar arasında danışıqlar davam edirdi. Növbəti danışıqlar İtaliya paytaxtı Romada keçiriləcək. Buna baxmayaraq, ABŞ maliyyə naziri Skott Bessent İrandan neft alan şirkət və brokerləri xəbərdar edib. Maliyyə nazirinin sözlərinə görə, ABŞ sanksiyalarından yayınmaq üçün İran neftini müxtəlif ölkələrin bayraqları altında üzən tankerlər daşımağa çalışırlar.

Göründüyü kimi, Amerika İranl münasibətlərdə bir əlində kökə, o biri əlində qamçı tutub. Ağ Ev sahibi Donald Tramp Tehranla danışıqlara üstünlük verməsinə baxmayaraq, bu ölkəyə qarşı sanskiya siyasətini sərtləşdirməkdə davam edəcək. O bununla İranın neft ixarcını sıfıra endirməyə çalışır. Neft satışı İranın əsas gəlir mənbəyidir. Trampın fikrincə, İran əsas gəlir mənbəyindən məhrum olarsa, nüvə silahı çalışmalarından imtina edə bilər. Ancaq hadisələrin inkişafı bunun əksini göstərir. İrana qarşı illərdir tətbiq edlən müxtəlif saksiyalara baxmayaraq, bu ölkə uranı zənginləşdirməkdə davam edir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR