İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan BRİCS-ə şok hədə -Azərbaycan da qoşulmaq istəyirdi...

Qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqlar güclənib

“BRİCS ölkələrinin kənardan baxarkən dollardan uzaqlaşmağa çalışması fikri bitdi”. Bunu ABŞ-ın yeni seçilmiş grezidenti Donald Tramp dollardan imtina etmək istəyən BRİKS üzvlərinə müraciət edərkən “Truth Social” sosial şəbəkəsində yazıb.

“Bu ölkələrdən tələb edirik ki, ya yeni BRİKS valyutası yaratmayacaqlarına, ya da güclü ABŞ dollarını əvəz etmək üçün hər hansı başqa valyutanı dəstəkləməyəcəklərinə dair öhdəlik götürsünlər, əks halda, 100 faizlik gömrük rüsumları ilə üzləşəcəklər və gözəl ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar”, - Tramp qeyd edib.

Dünyanın bir nömrəli iqtisadiyyatının başına keçməkdə olan şəxsin bu açıqlaması bütün dünyada müzakirələrə səbəb olub. Əksər beynəlxalq mətbu orqanlarda Trampın hədəsi, reallaşma imkanları, nəticələri müzakirə olunur. 

 “The Guardian” yazır ki, Donald Trampın BRİCS ölkələrini hədələməsindən sonra qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqlar güclənib.

Xəbərdarlıq Trampın ABŞ prezidenti kimi andiçmə mərasimindən sonra Kanada, Meksika və Çinə tariflər tətbiq edəcəyini söyləməsindən bir həftədən az bir müddət sonra səsləndirilib.

"The Guardian" xatırladır ki, BRİKS qrupu əvvəlcə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət idi və daha sonra Misir, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və İran da qoşulub. Üstəlik, Rusiyanın dəvəti ilə bir çox ölkələr, o cümlədən Azərbaycan və Türkiyə də birliyə qoşulmaq üçün müraciət ediblər. 

BRİCS-in vahid valyutasının yaradılması ideyası Rusiyadan gəlir. 2014-cü ildə Krımı ilhaq etdikdən sonra xeyli sanksiyalarla üzləşən Rusiya 2015-ci ildən bu məsələni davamlı gündəmə gətirir. 2022-ci ildə Ukraynada işğalçı müharibə başladıqdan sonra isə dollar sistemindən uzaqlaşdırılan Rusiya üçün alternativ tapmaq həyati məsələyə çevrilib. 

Lakin ötən müddətdə aparılan səhnəarxası müzakirələr, danışıqlar göstərdi ki, maddi bir valyutanın yaradılması utopiyadır. Ona görə də diqqət yönəldilib rəqəmsal ödəniş sisteminin formalaşdırılmasına. Oktyabr ayında Rusiya prezidenti Vladimir Putin özü açıq deyib ki, vahid valyutanın yaradılması qeyri-mümkündür. Buna görə də o, ABŞ-ın dollardan siyasi silah kimi istifadəsinə mane ola biləcək alternativ beynəlxalq ödəniş sisteminin yaradılmasına çağırıb. Belə bir sistemin yaradılmasını isə xeyli sayda analitik mərkəz real hesab edir. Bu, Tramp və onun komandasının diqqətindən yayınmayıb və yeni seçilmiş prezident məlum xəbərdarlığı səsləndirib. 

Aydın məsələdir ki, BRİCS ölkələrindən idxala 100 faizlik rüsum onlardan ABŞ-a daxil olan malların ikiqat bahalaşması demək olacaq. Bu isə ABŞ-da inflyasiyanın artmasına gətirib çıxarmaqla qlobal ticarət axınının sabitliyini pozacaq.

Əslində ticarətə bu sərt yanaşma Trampın qlobal ticarətin dinamikasını dəyişdirmək və ABŞ-ın iqtisadi suverenliyini gücləndirmək məqsədi daşıyan daha geniş “America First” iqtisadi siyasətini əks etdirir. Belə radikal qərarlar  təhdidi ilə Tramp administrasiyası qarşı tərəflərlə danışıqlara üstün notlar əsasında başlamaq istəyir. 

Qeyd edək ki, BRİCS-in iki üzvü - Rusiya və İran ABŞ-ın ən kəskin sanksiyaları altındadılar. Onların dollara alternativ axtarışının əsasında da bu sanksiyalar dayanır. ABŞ-ın Çinlə münasibətləri isə artıq açıq ticarət müharibəsi müstəvisinə qədəm qoymaqdadır. Lakin buna baxmayaraq, BRİKS ölkələri arasında ABŞ-ın ən böyük ticarəti də Çinlədir. 2024-cü ilin 10 ayı ərzində Çin-Amerika ticarət dövriyyəsi 2,8 faiz artaraq 564 milyard dollar təşkil edib: ABŞ-a ixrac 3,3 faiz artaraq 427,8 milyard dollara, idxal isə 1,2 faiz artaraq 136,4 milyard dollara çatıb.

Braziliya ilə ABŞ arasında ticarət 2022-ci ildə 88,7 milyard dollarlıq tarixi səviyyəyə çatıb. ABŞ-a ixrac 11 faiz (37 milyard ABŞ dolları) ilə ABŞ-dan idxal 15,9 faiz (40 milyard ABŞ dolları) artıb.

2022-2023-cü maliyyə ilində Hindistan və ABŞ arasında ticarət həcmi bir il əvvəlki 119,5 milyard dollara qarşı 7,65 faiz artaraq 128,55 milyard dollara çatıb. Hindistanın ABŞ-a ixracı 2,81 faiz artaraq 78,31 milyard dollara çatıb. Hindistanın Amerika mallarının idxalı təxminən 16 faiz artaraq 50,24 milyard dollara çatıb.

Göründüyü kimi, BRİCS-in böyük iqtisadiyyatlı üzvlərinin ABŞ-a satdıqları oradan aldıqlarından çoxdur və Tramp 100 deyil, 50 faizlik rüsum da tətbiq edərsə, onlar üçün çox ciddi problemlər yarada bilər.

Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər Azərbaycan  manatını sabit saxlamaqdır” - Oxu.az

Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun sözlərinə görə, ötən il Cənubi Afrika Respublikasında keçirilən BRİCS sammitində vahid valyutanın yaradılması məsələsi gündəlikdə olub: “Lakin sonra sammitin bəyannaməsində bununla bağlı heç nə olmadı. Çünki az-çox başı çıxan hər kəs bilir ki, rezerv valyuta yaratmaq üçün lazım olan şərtlər hansılardır. Belə valyutaları süni şəkildə yaratmaq mümkün deyil. Tarixə nəzər salsaq, görürük ki, rezerv valyuta kimi adətən güclü dövlətin, bir sıra hallarda imperiyanın valyutası çıxış edir. Belə valyutanın arxasında real güc, böyük və dayanıqlı iqtisadiyyat olmalıdır. Əvvəllər rezerv valyutanın arxasında qızıl aktivinin dayanması da əsas şərtlərdən biri idi. 1971-ci ildə bu tələb ləğv edildi, lakin onun əvəzində böyük inam, güc, dayanlıqlıq gəldi. Ölkənin inkişaf səviyyəsi digər ölkələrin inkişaf səviyyəsindən üstün olmalıdır ki, valyutanın dövriyyəsini tənzimləyə bilsin. Alternativ valyuta hazırda bir istək, arzudan ibarətdir. Daha çox Çin və Rusiyanın ABŞ-ın dollar üzərindən hegemonluğuna qarşı duruş gətirmək istəyindən doğan arzusudur”.

Ekspert bildirir ki, BRİCS heç siyasi baxımdan oturuşmuş, institutlaşmış təşkilat deyil: “Bu ölkələrin hərəsi bir qitədədir, öz aralarında çox ciddi fikir ayrılıqları var. İqtisadiyyatların inkişaf səviyyəsi, inkişaf perspektivləri həddən artıq fərqlidir. Ərazilərinə, əhali sayına, iqtisadiyyatın birgə həcminə görə böyük görünürlər. Lakin bunlar birgə gücü ifadə etmir. Üstəlik, üzv ölkələrin öz aralarında ciddi problemli məsələlər var. Hətta indi yaxın dost ölkə təsiri bağışlayan Çinlə Rusiya arasında örtülü gedən böyük rəqabət, narazılıq, bir-birindən ehtiyatlanma, qarşılıqlı etimadsızlıq var. Çinlə Hindistan arasındakı münasibətlər də məlum məsələdir.  Müxtəlif ölkələrin vahid valyutasının yaradılması sahəsində ən uğurlu təcrübə Avropa Birliyindədir. Birlik üzvləri bir kompakt ərazidə yerləşir, iqtisadi inkişaf baxımından çox kəskin fərqlər, bir-birinə ərazi iddiaları yoxdur. Hətta bu şərtlərlə belə avronun dönərliliyi gözlənilən səviyyəyə çatmayıb”.

E.Sadıqovun sözlərinə görə, Tramp əslində dolların ehtiyat valyuta kimi mövqeyini gücləndirmək niyyətindədir: “Onsuz da qlobal ticarətdə dolların payı çox yüksəkdir, bunun qarşısını almaq mümkün deyil. Son onillikdə dolların ehtiyatlardakı payı azalıb. Əvvəllər 63 faizin üzərində idi, indi 50 faizə yaxındır. Son dövlər ehtiyatlarda qızılın payı daha çox artırılır. Tramp da dolların ehtiyatlardakı payının artırılmasını tələb edir. BRİKS üzvlərinə Trampın dediyi rüsumların tətbiqi dolların zəifləməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, Trampın çıxışlarında, açıqlamalarında bir-biri ilə ziddiyyət təşkil edən bəzi məqamlar var. Bəzən populizm daha çox olur, bəzən isə təhlükəli xarakter alır, narahatlıq doğurur. Məsələn, Tramp deyir ki, neft qiymətləri 40-50 dollar arasında olmalıdır. Bu, reallaşması mümkün olan məsələdir, lakin bu, ABŞ neftçilərinə sərf etmir axı. ABŞ-da şist neftinin maya dəyəri 1 barel üçün 40-50 dollar arasındadır. Qiymət bu səviyyəyə düşərsə, onu hasil etməyin mənası qalmayacaq. Tramp eyni zamanda dolların ehtiyat valyuta kimi əvvəlki mövqeyini bərpa etməsini istəyir. Lakin bu istəyə çatmaq üçün atmaq istədiyi addımlar dolları zəiflədəcək addımlardır. Zəif dollara isə ehtiyat valyuta kimi baxanların sayı azalacaq. Ola da bilər ki, dolların zəifləməsi kifayət qədər ciddi xarakter alıb və Tramp bu xəbərdarlıqla prosesin qarşısını almağa çalışır. Bildiyiniz kimi, ABŞ-ın Çinlə ticarətində Çindən idxal ora ixracdan bir neçə dəfə çoxdur. Yəni bu gün Çinin belə inkişafında ABŞ-ın kifayət qədər rolu olub, hansı ki, indi bu, onun özünə qarşı çevrilib. Bunun qarşısını idxal rüsumlarını artırmaqla almaq cəhdləri qlobal ticarət prosesində çox ciddi təbəddülatlara gətirib çıxara bilər. Gedişat belə olarsa, inkişaf etməkdə olan bir çox ölkələr ondan ciddi fayda götürəcəklər. Məsələn, Çinə qarşı sanksiyalar, tariflərin tətbiqindən sonra Pekin Meksikaya investisiyalarını kəskin artırıb. İndi bir çox məhsulları Meksikada istehsal edib oradan ABŞ-a çatdırır. Yəni belə amilləri də nəzərə almaq lazımdır”.

Müsahibimizə görə, BRİCS üzvlərinin birgə statistik rəqəmləri çox böyük görünür: “Baxanda, təsir yaradır: əhali sayı, ərazi, ÜDM həcmi və sair. Lakin bu göstəricilər bir-biri ilə orta səviyyədə belə əlaqələndirilməyib, iqtisadiyyatların koordinasiyası sıfırdan azca fərqlənir. Buna görə də birlik üzvlərinin vahid valyutaya keçidi qeyri-realdır. Tramp da bunu bilir və xəbərdarlığında da nəyi nəzərdə tutduğunu açıq qeyd edir. Onu narahat edən ehtiyatlarda dolların payının azalmasıdır. Lakin bu payı yenidən yüksəltmək üçün seçilən yolun ən effektiv, doğru olduğunu söyləmək mümkün deyil. Bayaq da qeyd etdim ki, BRİCS ölkələrindən idxala 100 faizlik rüsumun tətbiqi dolların güclənməsinə deyil, əksinə, zəifləməsinə gətirib çıxaracaq. Düşünürəm ki, Trampın komandasında da bunu yaxşı bilirlər, ona görə də gözləyək, görək hansı addımlar atılacaq”. 

Dünya SAKİT,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR