Onlayn ictimai-siyasi qəzet
DİM sədrinin “Bizə yaxşı baytarlar lazımdır” söyləməsindən heç bir gün keçməmiş İTV Masallıdan süjet hazırladı: rayonda arılar kütləvi şəkildə qırılırmış. Lakin heç kim səbəbini bilmirdi. Maraqlıdır ki, fermerlər nə kənd təsərrüfatının uyğun baytarlıq şöbəsinə, nə də hansısa heyvanat aliminə və ya bioloqa üz tutmamışdılar. Reportajda polis və Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunduğu söyləndi. Yəqin bilirlər ki, o birilərdən kar aşmayacaq. Halbuki arıların öldüyü zəhərin analizini polis yox, baytarlıq laboratoriyaları aparmalı, səbəbi və çarəni tapmalıdır. Arı da öləndə polisə gediriksə, vay bizim halımıza. Hökumət bundan ruhlanaraq xüsusi Arı Polisi yaratmasa yaxşıdı.
İki-üç ildir bütün Bakını və Abşeron yarımadasını həşərat bürüyür, ağacların yarpağını basıb yeyir, parklarda asudə vaxtını keçirən zəhmətkeşlərin təpəsinə dırmanıb mənzillərə soxulur və birgə əyləşib Xoşqədəm xanımın verilişini izləyirlər, lakin nə bu böcəkləri dərmanlayan var, nə də yayılma səbəbini tapan. Heç adını bilmirik. Bəlkə yeni növdür? İşğalçı xarakterinə görə adını “Putin tırtılı” qoymaq olarmı?
Yeri gəlmişkən, arıların ölməsi qiyamətin əlamətlərindən sayılır. Bunu hamımız yaxşı bilirik. Elə cürbəcür peyğəmbər, imam və xilasedicilərin peyda olması da qiyamətin yaxınlaşdığına dəlalət edir. Məsələn, son günlər Vidadi Halal, İmam Eysu (!) adlı peyğəmbərlərin videoları çox yayılmaqdadır. Biri külək əsdirir, o biri deyir qazandığınızın yarısını gətirin mənə verin... Dünyada vəziyyət normal olsaydı, bu qərib insanlar ortaya çıxmazdılar. Əlbəttə, həmişə belə şəxsiyyətlər olmuşdur, sadəcə, bəzi qiyamət öncəsi periodlarda onların şəhərbaşına düşən sıxlığı artır. İndiki uşaqlar bilməz, SSRİ dağılan ərəfədə, 1980-ci illərin sonları, 1990-ların əvvəlində də eyni vəziyyətlə üzləşmişdik. Hər ay təzə peyğəmbər çıxırdı. Cin tutanlar, uzaylı ilə görüşənlər, uçan boşqaba minənlər... Sayı-hesabı yox idi. Hətta bu cür personajların özünün ayrıca qəzeti çıxırdı - “Cümə” adıyla.
Belə vəziyyətdə biz hələ də heç bir praktik əhəmiyyəti olmayan sosioloq, politoloq, filoloq və sairə peşə sahibləri yetişdirməkdəyik. Əmək bazarı baytar, cindar və peyğəmbər səhabəsi yetişdirməyi tələb edir. Təəssüf doğuran haldır ki, hələ də universitetlərimizdə falçı, seyid, imam, şaxsey ifaçısı, sinəvurma təlimçisi, çöpçü, qurd yağı dəyişən, cadubasdıran kimi böyük ehtiyac duyulan ixtisaslar tədris olunmur. Yaxşı olar gələcəkdə hörmətli hökumət nümayəndələri bunu nəzərə alsınlar. Onsuz bizdən çox sizə lazımdır. Keçmiş vergilər nazirinin şəxsi ekstrasensi var idi, həftədə bir dəfə gedib kişinin kabinetini alınmış rüşvətlərin mənfi energetikasından təmizləyirdi.
Pessimist olmayaq, deyəsən, yuxarılar bunu başa düşür. Məsələn, son çağlar mənə hansısa bir təhsil mərkəzinin reklamı tez-tez rast gəlir. Orada açıq şəkildə deyirlər ki, bizim kursu qurtaran uşaqlar həkim, hüquqşünas-zad ola bilməyəcəkdir. Əvəzində xoşbəxt olacaqlarmış! Buradan o nəticə çıxır ki, Azərbaycanda həkim və hüquqşünas olmağı seçənlər özlərini öncədən bədbəxt edirlər. Xoşbəxt ol, plastik cərrah olma. Prokuror olsan evin yıxılacaq və sairə. Nə qədər səmimi şirkətdir! Bəzi deputatlar kimi saxta vədlər vermirlər.
Sonda sevimli Vəhdət Partiyamızdan bir xəbər. Orada Tahir Kərimlinin sədrlikdən istefasından ötən müddət ərzində böyük canlanma müşahidə edilir. Məsələn, srağagün partiya “2025-ci ilin iyul ayında mühüm əhəmiyyət daşıyan genişformatlı toplantısını uğurla keçirib. "Qafqazinfo" xəbər verir ki, toplantıda 60-a yaxın şəxs-rayon təşkilatlarının sədrləri, Təşkilat Komitəsinin üzvləri, aparat rəhbərləri və partiyanın digər rəhbər nümayəndələri iştirak edib".
Genişformatlı toplantı nəsə yeni anlayışdır. Qurultay, konfrans, plenum-zad eşitmişdim, bunu indi öyrəndim. Ancaq genişformatlı toplantıda 60 nəfərin iştirakı, məncə, şişirtmə idi, çünki tədbirin fotolarında mən 28 nəfəri güclə saydım. Belə “pripiska” nəyə lazımdır?
Ya da ola bilər toplantıya kimsə zəhər səpib...
19 Iyul 2025
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ