Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, The New York Times-ın mənbələrinə əsasən, ABŞ-ın Ukraynaya göndərməsi planlaşdırılan növbəti iri silah paketi artıq tam hazır vəziyyətə gətirilib. Paketin tərkibinə “Patriot” hava hücumundan müdafiə sistemləri, raketlər və müxtəlif sursatlar daxildir. Bildirilir ki, bu silahların bir hissəsi ABŞ-ın mövcud ehtiyatlarından götürülüb, digər hissəsi isə xüsusi olaraq yeni istehsal olunub.
Eyni zamanda, NATO-nun baş katibi Mark Rütte açıqlama verərək, Avropa ölkələrinin ABŞ-dan alınan bu silahların ödənişi üçün vəsait tapacağını bildirib. Bu bəyanat xüsusilə Tramp administrasiyasının planlaşdırdığı yeni silah tədarükü konsepsiyasının fonunda diqqət çəkir. Plan ondan ibarətdir ki, Avropa ölkələri ABŞ istehsalı olan silahları alaraq birbaşa Ukraynaya ötürəcək və bununla da Kiyevin hərbi arsenalı daha sürətlə gücləndiriləcək.
Bununla ABŞ və NATO Rusiyaya açıq şəkildə siqnal göndərir: silah axını dayanmayacaq, əksinə daha da güclənəcək. Ekspertlər isə bildirirlər ki, yaxın aylarda Ukraynanın hava hücumundan müdafiə qabiliyyəti və uzaqmənzilli zərbə imkanları nəzərəçarpacaq dərəcədə artacaq.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ