İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya ilə saziş Yaxın Şərqdə yeni enerji bazarlarına çıxış imkanı verir

SOCAR ilə Suriya hökuməti arasında imzalanan qaz ixracı sazişi Azərbaycanın Yaxın Şərqdə enerji siyasətində yeni bir mərhələ ola bilər. Bu addım Azərbaycanın enerji diplomatiyasında coğrafi və geosiyasi şaxələnməni genişləndirmək niyyətinin göstəricisidir.

Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Eyyub Kərimli bildirib.

eyyub.jpg (290 KB)

Onun sözlərinə görə, saziş həm strateji baxımdan, həm də iqtisadi məqsədlərlə əhəmiyyət daşısa da, bu əməkdaşlığın həm üstünlükləri, həm də riskləri mövcuddur:

“Sazişin üstünlüklərindən biri yeni bazarlara çıxış imkanıdır. Suriya ilə qaz ixracı sazişi SOCAR-a və ümumilikdə Azərbaycana Yaxın Şərqdə yeni enerji bazarına çıxış imkanı verir. Bu, Azərbaycan qazının Avropa bazarından kənarda da rəqabət qabiliyyətini artırır. Bu əməkdaşlıq Azərbaycanın Yaxın Şərq ölkələri ilə enerji sahəsində əməkdaşlıq qurmaq niyyətini gücləndirir. Eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunu və siyasi çəkisini artırmaq potensialı var.

Əgər ixrac real və davamlı şəkildə həyata keçirilərsə, bu, Azərbaycan üçün əlavə valyuta gəliri, SOCAR üçün isə yeni kommersiya imkanları deməkdir. Azərbaycan İran, Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ kimi region ölkələri ilə əlaqələrini balanslaşdırmaq üçün Suriyada mövcudluğunu bir kart kimi istifadə edə bilər”.

Risklərə gəlincə, iqtisadçı hesab edir ki, Suriya hələ də tam sabitlik əldə etməyib:

“Müharibə sonrası iqtisadi infrastrukturun zəifliyi, təhlükəsizlik riski və beynəlxalq sanksiyalar bu əməkdaşlığın uğurla icrasını sual altına alır. ABŞ və Avropa İttifaqı Suriya ilə iqtisadi əməkdaşlıq edən ölkə və şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər. Bu, SOCAR üçün reputasiya və hüquqi risklər yarada bilər. Azərbaycan qazının Suriyaya çatdırılması üçün mövcud infrastrukturun yetərli olmaması və ya bölgədəki boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı problemlər mövcuddur. Suriya hazırda əsasən İran və Rusiya ilə enerji sahəsində əməkdaşlıq edir.

Azərbaycanın bu bazara daxil olması həmin ölkələrdə narahatlıq doğura bilər və regional siyasi gərginliyi artıra bilər. Lakin nəticə etibari ilə bu sazişi Azərbaycanın Yaxın Şərqdə enerji siyasətində yeni bir yol kimi qiymətləndirmək olar. 

Azərbaycan bu prosesdə praqmatik və çevik yanaşma nümayiş etdirməli, həm iqtisadi faydanı, həm də siyasi riskləri diqqətlə hesablamalıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR