Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamenti İsrail və Fələstinlə bağlı açıqlamaların tonallığı ətrafında yaşanan mübahisələrdən sonra öz əməkdaşlarından birini işdən azad edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Məlumata görə, söhbət Şahed Qureyşi aldı bir əməkdaşdan gedir. O, Yaxın Şərq münaqişəsi ilə bağlı mətbuat üçün açıqlamaların hazırlanmasına cavabdeh olan baş mütəxəssis olub və 18 avqustda vəzifədən uzaqlaşdırılıb.
Qəzetin yazdığına görə, işdən çıxarılmadan əvvəl Qureyşi mediaya açıqlama üçün bir mətn təklif edib. Bu mətndə ABŞ administrasiyasının “fələstinlilərin Qəzza zolağına zorla köçürülməsini dəstəkləmədiyi” vurğulanırdı. Lakin rəhbərlik bu variantı qəbul etməyib.
Bundan əlavə, avqustun əvvəlində o, Dövlət Departamentinin bəyanatında Qəzzada İsrailin hava zərbəsi nəticəsində həlak olan “Əl-Cəzirə” telekanalının beş jurnalisti ilə bağlı ABŞ-ın başsağlığı ifadəsini daxil etməyi təklif edib. İsrail ordusu həmin vaxt bildirib ki, zərbə nəticəsində “özünü jurnalist kimi təqdim edən, amma HƏMAS üzvü olan Anas əş-Şərif” öldürülüb. Hərbçilərin iddiasına görə, o, raket hücumlarını təşkil edən dəstələrdən birinə rəhbərlik edrimiş. Dövlət Departamenti isə Qureyşinin təklifini rədd edərək bildirmişdi ki, “bu şəxsin əməllərinin nədən ibarət olduğu məlum deyil” və başsağlığına ehtiyac yoxdur.
Nəşrin məlumatına görə, Qureyşi ilə rəhbərlik arasında daha bir neçə dəfə bəyanatların məzmunu ilə bağlı fikir ayrılığı olub. ABŞ rəsmiləri qəzetə bildiriblər ki, onun işdən çıxarılması Dövlət Departamentinin digər əməkdaşları üçün də “açıq siqnal” olub: İsrailə yönəlik siyasətdə heç bir kənar mövqeyə yol verilməyəcək. Rəsmi qurum isə Qureyşinin işdən çıxarılma səbəblərini açıqlamayıb.
Musavat.com
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ