Onlayn ictimai-siyasi qəzet
Donald Trampın komandası Avropa rəsmilərinə bildirib ki, ABŞ-ın yeni administrasiyası Ukraynaya yardımı davam etdirməyi planlaşdırır. Musavat.com xəbər verir ki, məlumatı yeni komandaya daxil olan 3 mənbəyə istinadən Financial Times (FT) yayıb.
Nəşr qeyd edir ki, “Tramp indi andiçmə mərasimindən sonra ABŞ-ın Kiyevə hərbi tədarükünü davam etdirmək niyyətindədir”.
Aprel ayında seçki kampaniyası zamanı Tramp bildirmişdi ki, yenidən seçiləcəyi təqdirdə, Avropa ölkələri də köməklik göstərməsə, Ukraynaya yardım etməyəcək.
Dekabrın 13-də Tramp komandası Co Bayden administrasiyası və Ukrayna nümayəndələri ilə Ukrayna münaqişəsini müzakirə etməyə başlayıb. Kiyev danışıqların ab-havasını müsbət adlandırıb, lakin hələ ki, həll üçün konkret təkliflər almayıb.
Eyni zamanda Tramp NATO müttəfiqlərindən müdafiə xərclərini iki dəfədən çox artırmağı tələb etməyi planlaşdırır. Əgər hazırkı hədəf ÜDM-in 2 faizidirsə (alyansın 32 üzvündən yalnız 23-ü bu standarta cavab verir), Tramp bu göstəricini 5 faizə qaldırmaq istəyir.
Nəşrin həmsöhbətlərindən biri deyir ki, Tramp yəqin ki, sonda 3,5 faizlə razılaşacaq. Eyni zamanda görünür, ABŞ-ın yeni prezidenti böyük müdafiə xərclərini ABŞ-la ticarətin daha əlverişli şərtləri ilə açıq şəkildə əlaqələndirməyi planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl Norveçin xarici işlər naziri Espen Bart Eide Donald Trampın Ukraynaya yardım məsələsinə münasibətini dəyişdiyini bildirmişdi. Onun sözlərinə görə, indi ABŞ-ın yeni seçilmiş prezidenti Amerikanın müttəfiqlərini daha çox dinləməyə başlayıb.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ