Onlayn ictimai-siyasi qəzet
"Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri yaxınlaşdıqca namizədlərin xarici və təhlükəsizlik siyasətləri ilə bağlı açıqlamalarının sayı artıb. Donald Trampın ikinci müddətə yenidən prezident seçilməsi perspektivi Çin və onun çətin mərhələdən keçən iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir".
Musavat.com xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bir qrup iqtisadçıların rəyinə istinadən bildirib ki, Donald Trampın Çin mallarına vəd etdiyi yüksək tariflər tətbiq olunarsa, bu ölkənin ixracında ciddi problemlər yaranacaq:
"Tramp Çinin idxalına 60-100 faiz rüsum tətbiq edəcəyini bildirərək, Pekini həmişə olduğu kimi ədalətsiz ticarətdə və əqli mülkiyyət oğurluğunda ittiham edib.
"Biz bunu etməliyik. Bilirsiniz, mən Çini incitmək fikrində deyiləm. Amma onlar həqiqətən də bizim ölkədən sui-istifadə edirlər" - deyən Tramp Çini ABŞ üçün "əsl problem" adlandırıb.
Belə çıxır ki, Donald Tramp Çin mövzusunu Rusiya-Ukrayna müharibəsindən daha əhəmiyyətli hesab edir. Trampın əlini sıxmağı özünə rəva bilməyən Ağ Ev sahibi Cozef Bayden belə keçmiş rəqibinin Çin siyasətini həyata keçirməyə üstünlük verib. Misal üçün, Bayden administrasiyası sentyabrın 13-də bəyan edib ki, "e-ticarət" şirkətləri tərəfindən Çindən satılan ucuz məhsulların ölkəyə girişini məhdudlaşdırmaq niyyətindədir. Bu addım dünyanın iki ən böyük iqtisadiyyatı arasında artan ticarət gərginliyi fonunda atılıb.
Bundan əvvəl Bayden Çinin elektrik avtomobillərinə tarifləri dörd dəfə, günəş batareyaları, yarımkeçiricilər və akkumulyatorlar da daxil olmaqla, bir neçə məhsul üzrə tarifləri artırmışdı. ABŞ rəsmiləri Çin şirkətlərini ticarət boşluğundan istifadə etməkdə ittiham ediblər. Ağ Ev bildirib ki, 800 dollar həddi altında olan e-mail paketlərin həcmi on il əvvəl təxminən 140 milyon ilə müqayisədə 2023-cü ildə bu rəqəm bir milyardı keçib".
Elxan Şahinoğlu qeyd edib ki, Avropa ölkələri ilə Çin arasında da iqtisadi əlaqələrdə böhran yaşanır:
"Avropa Ticarət Palatasının hesabatına görə, Çinin iqtisadi yavaşlaması Çinlə əməkdaşlıq edən Avropa şirkətlərinə mənfi təsir edib. Çində fəaliyyət göstərən Avropa şirkətlərinin üçdə ikisinin mənfəət marjası qlobal orta səviyyədə və ya ondan aşağıdır ki, bu da xarici investorlar arasında artan məyusluğu çoxaldıb".
Xalidə Gəray
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ