İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranla bağlı nöqtəni qoydu - kritik gəlişmə

“İranla istənilən razılaşma yalnız Tehranın nüvə zənginləşdirmə və silah proqramını dayandırması və ləğv etməsi halında mümkün olacaq”. Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.

O qeyd edib ki, İranla əldə ediləcək potensial razılaşma prezident Donald Trampın siyasətlərinə uyğun şəkildə qurulmalıdır. Uitkoff Tehranın nüvə proqramının aradan qaldırılmasının vacibliyini vurğulayıb.

“İranla saziş yalnız Trampın razılaşması olduqda tamamlanacaq. İstənilən yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və rifah üçün çərçivə yaratmalıdır. Bu o deməkdir ki, İran nüvə zənginləşdirmə və silahlaşdırma proqramını dayandırmalı və ləğv etməlidir. Dünya üçün ədalətli bir razılaşma yaratmaq vacibdir. Trampın məndən istədiyi budur”, - Uitkoff bildirib.

Bəs Tehran buna razı olacaqmı? Olmasa, Amerikanın cavabı nə olacaq?

Kamran Məmmədli: ""Meydan TV" jurnalistlərinin həbsi siyasi xarakter  daşımır"

Kamran Məmmədli 

Şiyasi şərhçi Kamran Məmmədli “Yeni Müsavat”a deyib ki,  Donald Trampın siyasətinin əsas məqsədi İranın nüvə zənginləşdirmə və silah proqramından tamamilə imtinasına nail olmaqdır: “Bu, əslində sadəcə nüvə fəaliyyətlərinin məhdudlaşdırılması yox, onların tamamilə dayandırılması və ləğvi deməkdir ki, bu da İran üçün qəbulolunmaz şərtlərdən biridir. İranın siyasi rəhbərliyi hər zaman bu cür şərtləri ölkənin suveren hüquqlarına və milli təhlükəsizliyinə birbaşa təhdid kimi qəbul edib və hazırda da edir. İran üçün nüvə proqramı yalnız texniki və hərbi məsələ deyil, həm də daxili legitimlik və beynəlxalq arenada öz mövqeyini qoruma vasitəsidir. Bu baxımdan, İranın bu tələbləri yerinə yetirməsi real görünmür. Əksinə, bu tələblər daha çox diplomatik gərginliyin artmasına, tərəflər arasında qarşılıqlı etimadsızlığın dərinləşməsinə səbəb olacaq. Digər tərəfdən, Trampın ritorikası və Uitkoffun verdiyi mesaj ABŞ-ın danışıqlar masasına kompromis təklifləri ilə deyil, ultimatumlarla gəldiyini göstərir. Bu isə diplomatiya deyil, daha çox təzyiq siyasətidir və tarix göstərir ki, İran bu cür təzyiqlərə qarşı hər zaman sərt müqavimət göstərib”.

Siyasi şərhçi bildirib ki, eyni zamanda ABŞ-ın beynəlxalq aləmdə əvvəllər olduğu kimi hüququn və ədalətin qoruyucusu kimi nüfuzu qalmayıb: “Xüsusən də son zamanlar BMT-nin və BCM-in İsrailin baş naziri Netanyahuya qarşı həbs orderi verməsinə baxmayaraq, ona dəstəyi, beynəlxalq hüququ tapdalaması, eyni zamanda Rusiya-Ukrayna müharibəsində başqa bir cinayətkar Putinə açıq dəstəyi istər şərqdə, istər də qərb ölkələrində birmənalı qarşılanmayıb. Bu səbəbdən, İran da haqlı olaraq bildirir ki, əgər nüvə silahı və uranın zənginləşdirilməsi bəşəriyyət üçün təhdiddirsə, ilk növbədə bundan ABŞ və İsrail imtina etməlidir.

“Bizə olar, sizə olmaz” prinsipi indiki dövrdə artıq keçərli deyil. Bu baxımdan, İranın bu şərtlərlə razılaşması real görünmür".

Siyasi şərhçi hesab edir ki, ABŞ İranın tutduğu mövqedən dolayı genişmiqyaslı müharibəyə başlamayacaq: “Əvəzində İrana qarşı iqtisadi sanksiyaların daha da gücləndirilməsi, kiberhücumların artırılması və qeyri-ənənəvi müdaxilələr - İranın nüvə obyektlərinə qarşı gizli əməliyyatlar baş verə bilər. Bundan savayı birbaşa İranla müharibə ehtimalı çox aşağıdır. Zatən ABŞ və yaxud İsrailin İranla sərhədi yoxdur ki, İrana birbaşa müdaxilə baş versin. Bu, yalnız üçüncü dövlətin iştiraki ilə baş verə bilər ki, onun da olma ehtimalı çox aşağıdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR