İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Mais Məmmədovu mükafatlandırdı

Novosibirsk vilayətinin Qanunvericilik Məclisi sədrinin müavini və Birinci Tikinti Fondunun baş direktoru Mais Məmmədov Rusiya Federasiyasının II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Mükafat avqustun 22-də Rusiya Federasiyasının Dövlət Bayrağı Gününə həsr olunmuş mərasimdə təqdim olunub.

Tədbirdə qubernator Andrey Travnikov və Qanunvericilik Məclisinin sədri Andrey Şimkiv vilayət hökumətinin böyük zalında 75 sakinə dövlət, prezident və regional mükafatları təqdim ediblər.

Mais Məmmədov mükafatla bağlı bunları deyib:

“Prezidentin Rusiya xalqı adından mükafat təqdim etməsi mənim üçün böyük şərəfdir. Mən bunu həm özüm, həm də komandam üçün alınmış bir mükafat hesab edirəm. Bu, həyatım boyunca mənə dəstək olan hər kəsin əməyi sayəsində mümkün olub”.

"Mən 39 il əvvəl Sibirə gələndə və burada qalanda heç vaxt düşünməzdim ki, nailiyyətlərim Rusiya dövləti və prezidenti tərəfindən bu qədər yüksək qiymətləndiriləcək", - o əlavə edib.

Şimkiv mükafatlandırılanları yüksək qiymətləndirib və xüsusilə Məmmədovun nailiyyətlərini vurğulayıb:

"Mən ikiqat şadam ki, bu gün təltif olunanlar arasında müavinim Mais Məmmədov və həmkarlarım var. Sizinlə təkcə Novosibirsk vilayəti deyil, bütün ölkə  fəxr edir".

Qeyd edək ki, M.Məmmədov Novosibirsk vilayətinin Qanunvericilik Məclisinin deputatı və vitse-spikeri vəzifəsini tutan ilk azərbaycanlıdır.

Mais Məmmədov Azərbaycanda doğulub, 1986-cı ildə 21 yaşında Novosibirskə köçüb və sonradan Birinci Tikinti Fonduna rəhbərlik edib. Bu fond, səkkiz şirkəti birləşdirən konsorsium olaraq tikinti işlərinin tam dövrünü əhatə edir və yerli bazarda aparıcı oyunçulardan biri sayılır.

Məmmədov Novosibirsk Dövlət Memarlıq və İnşaat Universitetinin qəyyumlar şurasının üzvüdür və Regional Biznes Qurucuları Klubuna rəhbərlik edir. 2013-cü ildə isə regional ictimai təşkilat – Rusiya-Azərbaycan Evinin yaradılmasında iştirak edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR