İnsanlara hürriyət, millətlərə istiqlal!

Overçuk Azərbaycanla əməkdaşlıqdan danışır, Kiril Kabanov isə kirli ağzı ilə iftira atır- Rus oyunu  


Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov növbəti dəfə Azərbaycana qarşı sərt və təhdid dolu açıqlamalar verib.

Bu açıqlamalar Azərbaycanla Rusiya arasında əməkdaşlıq əlaqələrinin genişləndirildiyi bir vaxtda səsləndirilib.

Astraxanda keçirilən Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının iclasında baş nazirin müavini Aleksey Overçuk enerji əməkdaşlığı, nəqliyyat əlaqələrinin inkişafı, Xəzər dənizində kruiz daşımalarının təşkili və turizmin genişləndirilməsi kimi prioritet layihələrdən danışıb. Rəsmi açıqlamalarda əməkdaşlığın dərinləşdirilməsi, iki ölkə arasında iqtisadi və strateji tərəfdaşlığın gücləndirilməsi vurğulanıb.

Digər yanda da Kabanov ağzına gələn, ürəkbulandıran çıxışları ilə qarışıqlıq yaratmağa çalışır.
Musavat.com-un müşahidələrinə görə, Kabanovun açıqlamaları təsadüfi deyil. Kreml son aylarda müxtəlif məmurları, deputatları və ekspertləri seçərək Azərbaycan əleyhinə məqsədli ritorika aparır.
Sözsüz ki, bu çıxışlar əslində Moskvanın informasiya müharibəsinin tərkib hissəsidir.
Kabanov kimi fiqurlar Kremlin “ideoloji ordusu”nu xatırladır – onlar sistemli şəkildə Azərbaycanın nüfuzuna zərbə vurur, ölkəni guya Rusiyaya qarşı planlar qurmaqda ittiham edirlər. Lakin həqiqət budur ki, Azərbaycanın siyasətində heç bir qərəz, provokasiya və ya antirus əhval-ruhiyyə yoxdur. Ölkəmiz qonşularla dostluq və əməkdaşlıq, regionda sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində addımlar atır.

Kreml isə bu vəziyyətdən ikili siyasət yürüdür: bir tərəfdən Overçukun iştirakı ilə Azərbaycanla əməkdaşlıq əlaqələrini ön plana çıxarır, digər tərəfdən isə Kabanov kimi “it kimi hürən” ekspertləri danışdıraraq aranı qarışdırmağa, qara ləkə yaymağa çalışır. Bu, Azərbaycanın beynəlxalq nüfuzuna qarşı yönəlmiş sistemli dezinformasiyanın bir hissəsidir.

Mütəxəssislər bildirirlər ki, Kabanov və ona bənzər fiqurların məqsədi təkcə Azərbaycanın diplomatik imicini ləkələmək deyil, həm də regiondakı uğurlu layihələrdən kənarda qalmasının yaratdığı qısqanclığı əks etdirməkdir. Rusiya Azərbaycanın Cənubi Qafqazda iqtisadi və nəqliyyat layihələrində önəmli iştirakını qəbul edə bilmir. Bakı ilə Ankara və digər regional tərəfdaşların əməkdaşlığı Moskvanın bəzi maraqlarına uyğun gəlmir və Kabanovun açıqlamaları bu qısqanclığın və qisasın açıq ifadəsidir.

Bu ritorika, həmçinin, informasiya müharibəsinin klassik elementlərini ehtiva edir: yalan, iftira, qorxu dilindən istifadə. Azərbaycanın hərbi və iqtisadi potensialı yalnız ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına xidmət edir, heç bir xarici dövlətə qarşı yönəlməyib. Kabanovun iddiaları isə tamamilə əsassızdır və Azərbaycanın regionda oynadığı konstruktiv rolu gözdən salmağa yönəlib.
Analitiklərin fikrincə, belə çıxışlar Moskvanın regional siyasət strategiyasının bir hissəsidir.

Rusiyanın məqsədi təkcə Azərbaycanın nüfuzunu azaltmaq deyil, həm də digər qonşu dövlətlərə mesaj verməkdir: “Cənubi Qafqazda bizim maraqlarımızı nəzərə almalısınız”. Lakin reallıq budur ki, Azərbaycan regionda sabitliyi qorumaq, iqtisadi inkişafı təşviq etmək və bütün qonşularla konstruktiv əməkdaşlıq etmək siyasətini davam etdirir.

Kabanov kimi qərəzli açıqlama yayanların məqsədi Azərbaycanın əsl siyasətini təhrif etməyə, qərəzli və manipulyativ təsvir yaratmağa yönəlib. Azərbaycan isə həmişə olduğu kimi, açıq, şəffaf və tərəfdaşlıq prinsiplərinə əsaslanan siyasətini qoruyur, qərəzli ritorikaya aldanmır və regional əməkdaşlıqdan geri çəkilmək niyyətində deyil.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR