Onlayn ictimai-siyasi qəzet
Suriya və İsrail arasında təhlükəsizliklə bağlı saziş imzalanacaq.
Bu barədə “The Independent Arabia” məlumat yayıb. Nəşr yazır ki, Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa sazişi imzalamadan öncə BMT Baş Assambleyasında çıxışı edəcək.
Bu məlumatın ardından diqqətlər daha çox qardaş Türkiyənin bu məsələyə sərgiləyəcəyi mövqeyə yönəlib. Bəllidir ki, Suriyadakı keçid hökuməti birbaşa rəsmi Ankaranın dəstəyi ilə qurulub. İsrail-Türkiyə münasibətlərinin də hansı yerdə olduğu hər kəsə məlumdur.
Bütün bunların fonunda bir sual meydana çıxır. Türkiyənin Suriyada qurduğu Əhməd Əl Şaraa hökuməti qardaş dövlətin “düşməni” ilə barışır?
Məsələ ilə bağlı Musavat.com-a danışan politoloq Çingiz Şahbazi bunları deyib:
"Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraanın BƏƏ-də ABŞ prezidenti Trampla görüşü də daxil və ona hakimiyyətin verilməsinə qədər olan bütün proseslərin arxasında Türkiyə hökuməti dayanıb və bu gün də belə davam edir. Əhməd əl-Şaraanın Suriyadakı missiyası Türkiyə hökuməti tərəfindən ABŞ-la birgə təminat altında saxlanılır. Həmin hakimiyyətin İsrail hökuməti ilə hər hansı bir saziş imzalaması və ya bunu Türkiyəsiz həyata keçirməsi mümkün deyil.
Suriyanın yeni hökumətinin formalaşması və gələcəkdə seçki yolu ilə dövlət strukturlarının qurulması, ölkənin öz ayaqları üzərində durması, beynəlxalq aləmə yenidən inteqrasiya etməsi və qonşu ölkələrə, regiona təhlükə yaradan fəaliyyətlərin dayandırılması kimi proseslər tam şəkildə Türkiyənin nəzarəti altında həyata keçirilir. Bütün bunları nəzərə aldıqda, Əhməd əl-Şaraanın İsraillə hər hansı bir məsələ ilə bağlı saziş imzalaması və ya danışıqlar prosesində iştirak etməsi narahatlıq yaratmır.
Doğrudur, hazırda Türkiyə dövləti İsrail ilə düşmən münasibətdədir, lakin bu vəziyyətin Suriya ilə bağlı aparılan siyasətə birbaşa təsir etdiyini düşünmək doğru deyil və fəsadlara səbəb ola bilər. Suriya və İsrail qonşu ölkələrdir və təhlükəsizlik baxımından iki ölkə arasında danışıqlar prosesi aparıla bilər, eləcə də bu istiqamətdə sənəd imzalanması mümkündür.
Hesab edirəm ki, bütün bu proseslər Türkiyənin məsləhət və məşvərəti çərçivəsində həyata keçirilir və buna görə də əldə olunacaq sənəd Suriyanın xeyrinədir".
Cavanşir ABBASLI,
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ