Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Bolonya şəhərində Almaniyanın tələbi ilə saxlanılan 49 yaşlı ukraynalı Sergey Kuznetsov məhkəmə qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, onun “Şimal axını” qaz kəmərlərinin partladılması əməliyyatının koordinasiyası ilə bağlı istintaqa cəlb edildiyi bildirilir.
Almaniyanın “Bild” nəşri yazır ki, İtaliya hüquq-mühafizə orqanları Kuznetsovu qandallı şəkildə məhkəmə binasına gətiriblər. Onun jurnalistlərə üç barmaqla — Ukrayna gerbindəki trizub bənzəri jest göstərməsi diqqət çəkib.
Məlumata görə, Sergey Kuznetsov Ukrayna Silahlı Qüvvələrinin istefada olan kapitanıdır. O, ailəsi ilə birlikdə istirahət üçün İtaliyaya səfər etdiyi vaxt Almaniyanın Avropa orderi əsasında saxlanılıb. Alman prokurorluğu onu “konstitusiya quruluşuna qarşı yönəlmiş diversiya” da daxil olmaqla, üç maddə üzrə ittiham etmək niyyətindədir. Əgər günahı sübuta yetirilərsə, ona 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Bolonya Apellyasiya Məhkəməsi artıq Sergey Kuznetsovun həbsinə qərar verib. Ukraynalı şübhəli ittihamları qəbul etməyib və onların ana dilinə tərcümə edilməsini tələb edib. O, həmçinin ekstradisiyaya razı olmadığını bəyan edib və 2022-ci ildə baş vermiş partlayış zamanı Ukraynada olduğunu iddia edib.
Növbəti məhkəmə iclası 3 sentyabr tarixində keçiriləcək. Həmin prosesdə Kuznetsovun Almaniyaya təhvil verilib-verilməyəcəyi barədə qərar veriləcək.
Musavat.com
23 Avqust 2025
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ