Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) etdiyi səfərlərin nəticəsi olaraq ABŞ iqtisadiyyatına ümumilikdə 12-13 trilyon dollar həcmində investisiya qoyuluşuna dair razılaşmalar əldə olunub.
Musavat.com xəbər verir ki, bu barədə o, Əbu-Dabidə keçirilən ABŞ və BƏƏ işgüzar dairələri nümayəndələrinin görüşündə bildirib.
“ABŞ-la heç vaxt bu miqyasda bir şey baş verməmişdi. Trilyonlarla investisiya. Təxminən 12-13 trilyon dollar məbləğində razılaşmalar əldə etmişik. Bu göstəriciyə artıq məlum olan layihələr hesabına çatmışıq, bəzi layihələr barədə isə yaxın vaxtlarda məlumat verəcəyik”, – o, deyib.
Görüşdə Əbu-Dabi əmirliyinin vəliəhdi şeyx Xalid bin Məhəmməd Al Nəhyan da iştirak edib.
Qeyd edək ki, Tramp 13-16 may tarixlərində Yaxın Şərq ölkələrinə səfər edib.
12 may tarixində ABŞ-ın “Axios” portalı adının açıqlanmasını istəməyən rəsmilərə istinadən yazıb ki, Tramp ərəb ölkələrinə səfəri zamanı ümumi dəyəri 1 trilyon dollar olan bir sıra sazişlər imzalamağı planlaşdırır.
Sonradan Tramp özü bildirib ki, Səudiyyə Ərəbistanı 200 milyard dollara ABŞ-ın “Boeing” şirkətindən 160 təyyarə sifariş edib.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ