Onlayn ictimai-siyasi qəzet
Trampın iqtidar komandası ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxmasını yanvarın 20-də, inauqurasiya günü elan etmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti yazıb.
Nəşr Trampın keçid komandasının yeni administrasiyanın ilk günündə ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmaq niyyətində olduğunu yazıb və qeyd edib ki, ekspertlərin fikrincə, bunun qlobal sağlamlıq üçün “fəlakətli” nəticələri olacaq.
Trampın komandasının üzvləri ekspertlərə bildiriblər ki, onlar təşkilatdan çıxacaqlarını yanvarın 20-də yeni prezidentin andiçmə mərasimi günü elan etməyi planlaşdırırlar. Qəzet qeyd edir ki, bu addım ÜST-ü ən böyük maliyyə mənbəyindən məhrum edəcək və onun koronavirus pandemiyası kimi sağlamlıq böhranlarına cavab vermək qabiliyyətinə əhəmiyyətli dərəcədə mane olacaq.
“Amerika qlobal səhiyyə liderliyində və maliyyələşdirmədə böyük bir boşluq yaradacaq. Mən bu boşluğu doldura biləcək birini görmürəm”, - Corctaun Universitetinin qlobal sağlamlıq professoru Lourens Qostin deyib.
Qostinin fikrincə, Birləşmiş Ştatlar ÜST-dən çıxsa, Avropa ölkələri maliyyə paylarını artırmayacaqlar, Çin isə əksinə, öz təsirini artırmağa cəhd edə bilər.
"Bu, ağılsız addım olardı, çünki nəticədə liderlik Çinə keçəcək", - alim təxminin dilə gətirib.
Louens Qostin onu da deyib ki, ÜST elmi işçilərini əhəmiyyətli dərəcədə ixtisar etmək məcburiyyətində qalarkən fövqəladə hallara cavab verməkdə çətinlik çəkəcək.
Qeyd edək ki, ABŞ ÜST-ün ən böyük donorudur. 2022-23-cü illərdə ABŞ-nin təşkilata ayırdığı vəsair onun maliyyəsinin təxminən 16 faizini təmin edib. 2020-ci ildə Tramp ÜST-ü Çinin təsirinə düşməkdə günahlandıraraq təşkilatdan çıxmaq prosesinə başlamışdı, lakin bu proses tamamlanmayıb. Trampın varisi Co Bayden 2021-ci ildə prezidentliyinin ilk günündə ÜST ilə əlaqələri bərpa edib.
Mütəxəssislər Trampın komandasının bu dəfə çox sürətli hərəkət etməyi planlaşdırdığını, heç bir gecikmə olmadan çıxış prosesinə başlayacağını bildiriblər.
FT-nin məlumatına görə, bu xüsusda Trampın komandası daxilində fikir ayrılıqları var: bəziləri hesab edir ki, ÜST-də qalıb təşkilatda islahat aparmağa cəhd etmək daha yaxşı olardı, lakin indi münasibətlərin tamamilə kəsilməsinin tərəfdarları üstünlük təşkil edir.
Musavat.com
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ