İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuz döyüşləri tarixi Qələbəmizə aparan yol idi

Tovuz hadisələrindən iki il ötür. Düz iki il əvvəl işğalçı Ermənistan ordusu havadarlarının köməyi ilə beynəlxalq hüquq normalarını ciddi şəkildə pozaraq, ölkəmizə qarşı ərazi iddiasını davam etdirmiş, sərhədboyu ərazilərimizdə təxribatlar törədir, günahsız insanları qətlə yetirmişdilər. İşğalçıların növbəti təxribatı Azərbaycanın Tovuz rayonu ilə sərhəddə baş verdi. Halbuki, bu ərazinin Qarabağa heç bir aidiyyəti yoxdur. Faşizm ideologiyasının davamçısı olan Ermənistan silahlı qüvvələri zirehli texnika və canlı qüvvələrlə dövlət sərhədində irimiqyaslı təxribata əl atdı.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə AZƏRTAC-a açıqlamasında söyləyib.

Hüquq müdafiəçisi bildirib ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozmuşdu. İşğalçı Ermənistan ordusu sərhədboyu ərazilərdə hərbi təxribat törədərək, başqa dövlətin ərazisini ələ keçirmək məqsədini gizlətməmiş, iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmuşdu. Ancaq bu dəfə düşmən çirkin niyyətinə çata bilmədi. İşğalçı ölkənin bu təxribatının da qarşısı alındı və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edildi.

Ç.Qənizadə bundan əvvəl də Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alındığını, üstəlik, Azərbaycan Ordusunun 25 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərimizə və strateji əhəmiyyətli bir neçə yüksəkliyə nəzarəti ələ keçirdiyini bildirərək deyib: “2016-cı ilin şanlı Aprel döyüşləri heç bir soydaşımızın yadından çıxmayacaq. Bundan iki il sonra – 2018-ci ildə Naxçıvanda uğurlu Günnüt əməliyyatı, daha sonra isə 2020-ci ilin Tovuz döyüşləri. Bir-birinin ardınca baş verən həmin əməliyyatlarda düşmən həm canlı qüvvə, həm də ağır texnika sarıdan ciddi itkilər verərək geri çəkildi. Bütün bunlar, xüsusilə Tovuz döyüşləri xalqımızı tarixi Qələbəyə aparan yolun başlanğıcı, Zəfər salnaməsi hesab olunur. Bu döyüşlərdə Azərbaycan Ordusunun əks-hücumu nəticəsində çaşqın vəziyyətdə qalan düşmənin beynəlxalq aləmdə özü haqqında “yenilməz Ermənistan ordusu” rəyi yaratmış miflər tamamilə alt-üst edildi. Bütün bunlardan sonra Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə şanlı Zəfər döyüşü kimi həkk olundu. Bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almağa qadirdir”.

Komitə sədri deyib ki, 2020-ci ilin iyul döyüşlərində Ermənistan 100-dən çox hərbçisini itirdi. Düşmənin onlarca hərbi obyekti məhv edildi. Ermənistanın siyasi və hərbi rəhbərliyi bu ağır zərbələrdən nəticə çıxarmaq əvəzinə, növbəti təxribatlar törətdi. İşğalçı ölkə rəhbərliyinə elə gəlirdi ki, növbəti təxribatlar zamanı xarici havadarlarının köməyi ilə Azərbaycanın digər ərazilərini də ələ keçirə biləcək. Ancaq unudurdu ki, sanki bu dəfə daş qayaya rast gəlib. Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə nümayiş etdirdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə üzvünün ölkəmizin haqlı mövqeyini dəstəkləməsindən sonra Türkiyə, Pakistan və hətta İtaliya kimi ölkələr Azərbaycanın işğala məruz qaldığını bildirməklə kifayətlənmədilər, eyni zamanda, ölkəmizə hər cür dəstək verə biləcəklərini açıq şəkildə bəyan etdilər. Bu, Ermənistanın bütün ümidlərini puç etdi və bu xarici dəstəkdən sonra rəsmi İrəvan çaşqın vəziyyətə düşdü. 2020-ci il sentyabrın 27-də düşmənin yenidən başladığı təxribatlar ona baha başa gəldi. Ermənistan ordusu diz çökdürüldü, ölkənin siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR