İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan mühasirəyə alındı, ada lideri Vaşinqtona müraciət etdi: “Bizi Çindən qoruyun!”

“Təlimlər dənizdə tıxanmaya səbəb olub. “Channel News Asia” agentliyinin məlumatına görə, Çinə məxsus hərbi təyyarələrin və gəmilərin iştirakı ilə oktyabrın 14-də Tayvan ətrafında başlanan hərbi təlimlər adanı faktiki mühasirəyə alıb. Çinin güc nümayişinin bir hissəsi olan bu təlimlər son iki ildə genişmiqyaslı hərbi əməliyyatların dördüncü mərhələsidir”.

Bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

“Çin Müdafiə Nazirliyindən yayımlanan açıqlamada, “Birgə qılınc - 2024B” adlı təlimlər “dəniz qüvvələri komandanlığının qoşunlarının birgə əməliyyat imkanlarının sınaqdan keçirilməsi” kimi qiymətləndirilib. Müdafiə Nazirliyinin sözçüsü, kapitan Li Xinin sözlərinə görə, təlimlər Tayvan adasının şimal, cənub və şərqindəki ərazilərdə keçirilir. O, bu təlimlərlə dəniz-hava döyüş hazırlığı patrullarının, əsas limanların və ərazilərin blokadalarının, dəniz və yerüstü hədəflərə hücum daxil olmaqla, bir çox sahələrin sınaqdan keçirildiyini bildirib. Təlimlər həmçinin “hərtərəfli üstünlüyün ələ keçirilməsi” kimi də izah edilib.

Təlimlər Tayvan lideri Lai Çinte adanın milli günü - Çin Respublikasının yaranmasının 113-cü ildönümü münasibəti ilə etdiyi çıxışdan bir neçə gün sonraya təsadüf edib. O, ada ilə bağlı çıxışında Çin Xalq Respublikasının Tayvanı təmsil etmək hüququnun olmadığını iddia edib. Lai Çintenin sözlərinə görə, Çin Xalq Respublikası tayvanlılar üçün vətən ola bilməz, çünki Çin oktyabrın 1-də özünün 75 illiyini, Tayvan isə rəsmi olaraq oktyabrın 10-da Çin Respublikasının 113-cü ildönümünü qeyd edir. O əlavə edib ki, Tayvanın prezidenti kimi onun missiyası ölkəni qorumaq və inkişaf etdirmək, adanın suverenliyinin pozulmamasını və ilhaq edilməməsini təmin etməkdir. Lai Çinte eyni zamanda Vaşinqtona müraciət edərək Tayvanı Çinin hədələrindən qorumağa çağırıb”, - politoloq bildirib.

Elxan Şahinoğlunun fikrincə, rəsmi Pekinin təlimləri məhz Tayvan ətrafında keçirməsi təsadüfi deyil:

“Aydındır ki, Pekin bu çıxışı təxribat kimi qiymətləndirib və cavab olaraq ada ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlər Vaşinqtonun narazılığına səbəb olub. Pentaqon Çinin Tayvan ətrafındakı təlimlərini “kövrək sabitliyin pozulması” kimi qiymətləndirib.

Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder ABŞ-nin bölgədəki hərbi qüvvələrinin Hind-Sakit Okeanda Çini Tayvana qarşı çəkindirmə qüvvəsi olaraq qalacağını bildirib. Pentaqondan yayımlanan açıqlama Pekini daha da qıcıqlandırıb. Çin Müdafiə Nazirliyi Tayvanla bağlı əlavə tədbirlər görülə biləcəyi xəbərdarlığını edib. Bildirilib ki, Çin ordusu Tayvan məsələsi tamamilə həll olunana qədər bölgədə varlığını qoruyacaq. Mövcud münasibətlər sistemi yalnız Çin, Tayvan və ABŞ-ni əhatə etmir, gərginlik artdıqca dənizdə tıxanma baş verir və bundan beynəlxalq gəmiçilik, qlobal ticarət əziyyət çəkir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR