Onlayn ictimai-siyasi qəzet
Nəsimi rayonunda tikinti şirkəti vətəndaşın özəl mülkiyyətinə sözün əsl mənasında daş yağdırıb.
Musavat.com xəbər verir ki, bu dəfə də "qəhrəmanlıq" edən "Vialon" tikinti şirkətidir.
Şirkət əməkdaşları vətəndaşı özəl mülkiyyətindən çıxarmaq üçün evi yaxınlığındakı binanın daşlarını söküb üz aşağı - düz yaşayış olan evin üstünə, həyətə atıblar.
Daşların evin damına, həyətə düşməsindən qopan vahiməli səs-küy evdə olan uşaqların, qadınların həyəcan keçirmələrinə səbəb olub. Qadınlardan birinin vəziyyəti ağırlaşdığından təcili yardım çağırılıb, həkim yardım göstərib.
"Vialon" şirkətinin adı uzun müddətdir ki, Nəsimidə “vandal söküntü” işləri aparmaqda hallanır.
Musavat.com-un xəbərinə görə, “Melissa Group” tikinti şirkətinin Yasamalda yaşayış olan mülkü qanunsuz şəkildə sökməsindən sonra oxşar hadisə “Kubinka”da baş verib.
Ötən ay “Vialon” tikinti şirkəti Cəlil Məmmədquluzadə küçəsi, dalan 2, ev 6 ünvanında yerləşən, sakinlər yaşayan evi dağıtmağa başlayıb. Şirkət əraziyə ağır texnika yeridərək söküntü işlərinə start verib.
Evdə yaşayan yəhudi əsilli Azərbaycan vətəndaşı Milka Lalə qızı Yurşimova baş verənlərdən həyəcana düşərək özündən gedib. Qonşular dərhal köməyə gələrək ona ilkin tibbi yardım göstəriblər.
Qeyd edək ki, 2025-ci il martın 27-də Yasamalda baş verən oxşar hadisədən sonra “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov və daha iki əməkdaşı həbs olunmuşdu. Həmin hadisə ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirmiş və məlum olmuşdu ki, “Melissa Park” şirkəti söküntü işlərini heç bir məhkəmə qərarı və müvafiq icazə olmadan həyata keçirib.
Nəsimidə baş verən bu kimi hallar vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunur.
“Vialon” MMC-nin nümayəndələri bu ərazidə törətdikləri son özbaşınalıqdan əvvəl Ağadadaş Qurbanov küçəsi, 23 saylı ünvanda vətəndaş Ramin Ağayevin də yaşayış olan mülkiyyətini ekskavatorla sökmüşdülər. Halbuki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumu “Vialon” MMC-yə həmin ünvanda söküntü işlərinin dayandırılması barədə göstəriş vermişdi. Lakin şirkət nümayəndələri bu xəbərdarlığa məhəl qoymurlar.
Qanunvericiliyə əsasən, heç bir vətəndaş yaşadığı evdən məhkəmə qərarı olmadan zorla çıxarıla bilməz. Hətta məhkəmə qərarı olduqda belə, təxliyə prosesi tamamlanmadan söküntü işlərinə başlamaq qadağandır.
Belə görünür ki, tikinti şirkətləri özlərini qanundan üstün görürlər.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ