İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələf etdiyi övladından gizlədiyi qızına qədər... - Dondan dona girən PRİMADONNA - VİDEO

Sənəti və həyatı birmənalı qəbul edilməyən sənətkardan danışacağıq. Onu sevənlərin və sevməyənlərin nisbəti yəqin ki bəlli deyildi, lakin, bəlli olan onun sənəti idi. Biri var idi, Azərbaycan incəsənətində özəl izləri qalan primaddona İlhamə Quliyeva...

İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda prokuror Məzahir Quliyev və xanəndə Tükəzban İsmayılovanın ailəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar 5 yaşına qədər Şəkidə yaşayıblar. Sonradan onun valideynləri ayrılır. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur. İlhamə Quliyeva 1-ci sinfə Bakıda gedir. Bu vaxtdan da 7 illik fortepiano ifaçılığı təhsili də almağa başlayır.

O, doğma atası və atalığı haqqında müsahibələrinin birində belə deyir: "Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordenini mənə yazanda, vəsiqə təqdim ediləndə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə verilib".

O, orta məktəbi bitirəndən sonra təhsilini musiqi sahəsi üzrə davam etdirmək istəsə də Tükəzban xanım qəti şəkildə qızının müğənni olmasını istəmirdi. İlhamə xanım Həbib müəllimin də etirazları ilə qarşılaşırdı. İlhamə Quliyeva 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur və orada təhsil almağa başlayır. 1962-ci ildə o Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutur. Qayıdanda isə Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu həmin kollektivə dəvət edir. 1972-ci ildə Moskvada Azərbaycan bəstəkarlarının gecəsi keçirilir. İlhamə Quliyeva orada çıxış edir. Konsertdən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Onların işbirliyindən “Mən səni araram”, “Göygöl”, “Gülür ellər", "Gülərəm gülsən”, “De görüm, neyləmişəm” kimi mahnılar yaranır.

İlhamə Quliyeva 1980-ci ildə Faiq Mirmöhsünov adlı şəxslə ailə qurub. Ancaq bu evliliyin ömrü çox qısa olub. Bir müddət Mirmöhsünova soyadı daşıyan İlhamə xanım həyat yoldaşı ilə boşanır, onun soyadından imtina edərək yenidən Quliyeva soyadına qayıdır. İlhamə Quliyeva ikinci dəfə ailə qurmur.

Sənətçinin sözlərinə mahnı oxuduğu şairlər arasında Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Uilyam Şekspirin adları var. İlhamə Quliyevanın özünün dediyinə görə görə uzun illər qaçqın, məcburi köçkün ailələrinə yardım edərək, müharibədən zərər çəkmiş 7 ailənin dolanışığına köməklik göstərib.

Təəssüf ki, müğənni yaşlandıqca əksər insanların könlündə ikrah doğuracaq açıqlamalar verir, əksər hallarda efirdə təkəbbür göstərir və bütün bunlar ona olan münasibəti haçalayırdı. Qeyri-etik ifadələri də bəzən mətbuata sıçrayırdı: İlhamə Quliyeva sağlığında bir çox həmkarı ilə küsülü olub. Onunla adı tez-tez Flora Kərimova, Nazpəri Dostəliyeva, Elza Seyidcahanla müxtəlif qalmaqallarda hallanıb. Hətta o, Nazpəri Dostəliyevaya məhkəmədə qalib gəlib. Və ondan iyirmi beş min manat pul alıb. Müğənni ilə uzun illər düşmən olan sənətkarlardan biri Flora Kərimova olub. Onların münaqişəsi uzun illər əvvələ gedib çıxır. Efir vasitəsi ilə onları barışdırmağa dəfələrlə cəhd olunsa da, heç nə əldə olunmayıb və İlhamə Quliyeva Flora Kərimovadan küsülü qalaraq dünyasını dəyişib. Buna baxmayaraq hər iki sənətkar bir-birlərinin sənətini yüksək qiymətləndiriblər.

Flora Kərimovanın bu yaxınlarda verdiyi bir açıqlama isə sənət aləmini yenidən bu mövzuda heyrətə gətirdi. Xalq artisti deyir: "Hər qadın kimi ərə getmək istəyirdi. Onu da bacardı, birinci dəfə Faiq adlı oğlana ərə getdi. Çox yaxşı oğlan idi. Ümumiyyətlə, övladı olmalı idi. Xəstəxanaya getdi. İki aydan sonra mən də Zümrüdümlə oradaydım. Çox şeylər eşitdim. Təəssüf ki, xəstəxanaya cüt gəldi, amma tək çıxdı. Bilərəkdən tələf etdi. Çünki həmin adam söz də verməmişdi. Hər bir qadın kimi İlhamə ana olmaq istədi. Düşünürəm ki, ünvansız uşaq dünyaya gətirmək istəmədi. Bəlkə də, perspektivsiz münasibətə görə bunu etdi. Nə qədər acıdil, acıqanlı olsa da, qadındır. O da bir ocaq sahibi olmaq istəyirdi. Ancaq qisməti qismət, xasiyyəti isə xasiyyət deyildi".

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edir. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən İlhamə Quliyevanın evinə Təcili Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişmiş olur. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilir. Təəssüf ki, Xalq artistinin ölüm günü belə haqqında birmənalı fikirlər səslənmədi. Onun nəşi soyumamış lətifə deyənlər, kədərlənməmək bir yana, şadyanalıq edənlər də az olmadı. Ancaq şəxsiyyəti sənətlə ayırmağı bacaranlar isə, İlhamə Quliyevanı yəqin ki, daim ayrı məqamlarda xatırlayacaq.

Daha ətraflı video-materialda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR