İnsanlara hürriyət, millətlərə istiqlal!

"Təkcə türkçülüyü deyil, hətta azərbaycançılığı da unutdurmaq siyasəti yürüdülür" - FOTOLAR

Fevralın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) türkçülük müzakirələri keçirilib.

Musavat.com bildirir ki, tədbirdə tarix elmləri doktoru, professor Nəsib Nəsiblinin "Türkçü düşüncənin əsasları" və araşdırmaçı Odər Qutluərin "Türkçülüyün məsələləri" kitabları müzakirə edilib.

Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı, professor Nəsib Nəsibli, ictimai siyasi xadim Zəlimxan Məmmədli, tanınmış folklorşünas, publisist Əli Şamil, tarixçi alim Firdovsiyə Əhmədova, Günaz TV-nin rəhbəri Əhməd Obalı və digər tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

WhatsApp Image 2023-02-24 at 19.34.13.jpeg (96 KB)

İlk öncə Azərbaycanın suverenliyi, bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nəsib Nəsibli "Türkçü düşüncənin əsasları" kitabından söz açıb. Qeyd edək ki, adı çəkilən kitab 2022-ci ildə "Qanun" nəşriyyatı tərəfindən dərc edilib və Quzey Azərbaycanın birinci (1918) və ikinci dəfə müstəqilliyinin (1991) qazanılması uğrunda həyatını qurban vermiş insanların əziz xatirəsinə, Güney Azərbaycanda milli haqlar uğrunda mübarizə aparanlara həsr olunub.

Nəsib Nəsibli həmçinin Odər Qutluərin "Türkçülüyün məsələləri" kitabının əhəmiyyətindən də danışıb. Qeyd edib ki, adı çəkilən kitab türkçülük ideologiyası üçün xüsusi əhəmiyyət daşıyır.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı isə bildirib:

WhatsApp Image 2023-02-24 at 19.33.59.jpeg (20 KB)

"Nəsib Nəsiblinin "Türkçü düşüncənin əsasları" kitabı tarixi mənbələrə əsaslanıb. Ən sevindirici məqam budur ki, eyni vaxtda, təxminən eyni mövqedə bir neçə kitab çap olunub və bu, Azərbaycanda türkçülüyün nə qədər önəmli bir mövzu olduğunu ortaya qoyur.

30 ildən çoxdur ki, müstəqil Azərbaycanıq, lakin hələ də bir sıra adamlar qəsdən azərbaycançılığı qabardaraq, türkçülüyü unutdurmaq siyasətini yürüdürlər. Təkcə türkçülüyü deyil, hətta azərbaycançılığı da unutdurmaq siyasəti gedir. Bu gün məktəblərin rus bölmələrinə qəbulların sayı həddindən artıq çoxdur. Həmçinin ingilis dilində təhsil də artıb. Bəs sabah biz hansı dildə danışacağıq? Həmişə bu haqda demişəm - ya həmin uşaqları Rusiyaya, ya da bizi Rusiyaya qaytarmağa hazırlayırlar, yəni SSRİ yenidən bərpa etmək üçün. Bu nə deməkdir? Müstəqil bir ölkədə 300-dən çox rus məktəbi olarmı? Bu bir fəlakətdir! Bu baxımdan türkçülük məsələsi bu gün ən əsası özümüzü, dilimizi qorumaqdır. Əslində dil olmayan yerdə millət də yoxdur. M.Ə.Rəsulzadə deyirdi ki, "mən azərbaycançılıq ilə türkçülüyün arasında ciddi bir fərq görmürəm". Çünki Azərbaycan deyilən elə türkdür. Azərbaycanın bütün tarixi türk tarixidir".

WhatsApp Image 2023-02-24 at 19.34.16 (1).jpeg (78 KB)

Folklorşünas, publisist Əli Şamil də çıxış edərək bildirib ki, Nəsib Nəsiblinin "Türkçü düşüncənin əsasları" kitabının elektron variantı da yaradılıb:

"Kitabı artıq elektron variantda saytda da yerləşdirmişik. Bu o deməkdir ki, dünyanın hər yerində bu kitabı oxuya biləcəklər. Sadəcə bir məsələ qalır - türkçülük və milli məsələ ilə məşğul olanlar bu kitabların, eləcə də bu mövzuda yazılanların təbliğatı ilə bağlı ciddi məşğul olmalıdırlar".

Tarixçi alim Firdovsiyə Əhmədova da türkçülük məsələsindən söz açaraq, qeyd edib:

WhatsApp Image 2023-02-24 at 19.34.17 (1).jpeg (114 KB)

"Bu gün bizi narahat edən məktəb, dil problemidir. Azərbaycan türkü, vətəndaşı bəzən dövlətin dilində danışa bilmir. Həmçinin məktəblərdə bəzən tarix fənninin saatı azaldılır, xaricdə təhsil alanlar isə ümumiyyətlə tarixindən bixəbər qalır.
Cümhuriyyət dövründə türk kimliyi ilə bağlı müzakirələr olmayın. Lakin sovet dönəmində dilimizin adı dəyişdirilməsi üzündən, müstəqillik əldə etdikdən sonra bu mövzuda fikir ayrılıqlar ortaya çıxmağa başladı. Halbuki qeyd etdiyim kimi, əsrin əvvəlində bu problem yox idi. Liberalı da, solçusu da birmənalı olaraq özünü türk bilirdi".

Tədbir digər çıxışçıların müzakirələri ilə başa çatıb.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR