İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsil nazirinin iştirak etdiyi tədbirdə qalmaqal

Qəşəm Nəcəfzadə və deputat Nizami Cəfərov arasında baş verənlər;  Rafiq İsmayılov: “Qəşəm Nəcəfzadənin şeirlərini dərsliyə salmadım, ona görə də...”

Şair Qəşəm Nəcəfzadə və deputat Nizami Cəfərovun arasında az qala yumruq davasına çevrilən qalmaqal baş verib. Məlumata görə, Qəşəm Nəcəfzadə elm və təhsil naziri Emin Əmrullayevi sərt tənqid edib. Şair bildirib ki, orta məktəblər üçün nəzərdə tutulan dərsliklərdə ciddi nöqsanlar mövcuddur.

Deputat Nizami Cəfərov isə Qəşəm Nəcəfzadəyə çıxışını davam etdirməyə imkan verməyib və nazirin müdafiəsinə qalxıb. Bununla da tədbirin keçirildiyi zalda az qala “savaş baltaları” göyə qalxıb.

 Qəşəm Nəcəfzadə deputatın müdaxiləsinə sərt reaksiya verib və onun barəsində kəskin ifadələr işlədib. Əsəbdən özünə nəzarəti itirən şair nümayişkaranə şəkildə deputata hücum edib. Tədbir iştirakçıları Qəşəm Nəcəfzadəni sakitləşdirməyə çalışıblar. Uzun sürən gərgin anlar toplantı iştirakçılarının müdaxiləsi ilə nisbətən səngiyib. Tədbir iştirakçıları Qəşəm Nəcəfzadəni çətinliklə olsa da, zaldan çıxarda biliblər.

Qəşəm Nəcəfzadənin şeirləri

Qəşəm Nəcəfzadə “Qaynarinfo”ya açıqlamasında məlumatı təsdiqləyib: “Tədbirdə elm və təhsil naziri Emin Əmrullayevə irad bildirdim. "Altun" nəşriyyatının direktoru Rafiq İsmayılov dərslikləri yaman günə qoyur, uşaqların biliyini, əxlaqını, etika-estetikasını korlayır. Qafiyəsiz, zəif, ədəbiyyata dəxli olmayan şeirləri dərsliklərə salır. Nəşriyyatın direktorudur, 1-ci sinifdən 9-cu sinfə kimi Azərbaycan dili dərsliyinin müəllifidir. Amma özü Azərbaycan dilini bilmir. Adam rusdillidir. Nazirə dedim ki, siz necə nazirsiniz ki, dərsliklərdən xəbəriniz yoxdur".

Qəşəm Nəcəfzadə bildirib ki, onun sərt iradlarına Nizami Cəfərov reaksiya verib: “Ön sırada oturmuşdu. Çıxışımı bitirməyə belə imkan vermədi və naziri müdafiə elədi. Dedim ki, "Nizami müəllim, siz elm və təhsil nazirisiniz? Nazirin yerinə niyə cavab verirsiniz? Nə vaxt sualı sizə ünvanlasam, onda da cavab verərsiniz. Mən sualı elm və təhsil nazirinə ünvanlamışam, zəhmət çəkib cavab versin.

Nizami Cəfərov etiraf etdi ki, qaldırdığım problemlər doğrudur, lakin yenə də kobudluğunu davam etdirdi.  Mən də soruşdum ki, bu problemlərdən xəbəriniz varsa, niyə səsinizi çıxartmamısınız? Bu günə kimi sizin səsinizi eşitməmişəm. Kimdən qorxursunuz? Niyə cəsarətiniz yoxdur?".

Qəşəm Nəcəfzadə Nizami Cəfərovla dava etdiyi barədə yayılan məlumatlara isə bu cür açıqlama verib: “Bu, həqiqətə uyğun deyil, tamamilə yalandır. Nizami müəllimə çox böyük hörmətim var, o, mənim sevimli müəllimim olub”.

Bəs qalmaqala səbəb olan dərsliklərlə bağlı problem nədir?

Firudin Cəlilov: "Mən və mənim kimi alimlər qara siyahıya salınıb" -  MÜSAHİBƏ

Firudin Cəlilov 

Mövzu ilə bağlı sabiq təhsil naziri, filologiya elmləri doktoru, professor Firudin Cəlilov “Yeni Müsavat”a danışıb: “Əslində bu məsələlərə mənim 5-6 yaşlı, 1-ci sinfə gedən nəvəm cavab verib, özü də təhsil naziri Emin Əmrullayevin özünə deyib. Belə ki, biz Emin Əmrullayevlə qonşuyuq. Xanımıma deyib ki, "bu yaxınlarda nəvənizlə  dəhlizdə rastlaşdıq, o saat yapışdı yaxamdan ki, “uşağa bu qədər kitab yükləmək olar? Daşıya bilmirəm! Üstəlik, evə o qədər də tapşırıqlar verirlər, çatdırıb hazırlaya bilmirəm!” Yəni artıq aşağı sinif şagirdləri də bu sistemdən narazıdır. Amma burada tək naziri qınamaq  doğru deyil. Sistem özü doğru işləmir. Bu, təkcə təhsilə deyil, səhiyyəyə, kənd təsərrüfatına və digər sahələrə də aiddir.

Beləliklə, bu sistem düzgün qurulmayıb. Zamanında müstəqilliyimizi elan etdikdən sonra hansısa formalar dəyişdirildi. Lakin hakimiyyət dəyişdikdən sonra köhnə sovet sistemi ilə kapitalizm sisteminin arasındakı keçiddə ilişib qalıb. Bir ayağı o tərəfdə, bir ayağı bu tərəfdə olan anormal sistemdir. Ona görə də kitablarda da, proqramlarda, sistemdə də problemlər olacaq və buna görə konkret olaraq bir-iki adamı günahlandırmaq doğru deyil.

Amma konkret olaraq son məsələyə gəldikdə, əlbəttə ki, Qəşəm Nəcəfzadə doğru deyir, çox səviyyəsiz dərsliklər var. Məsələn, nəvələrimin tapşırıqlarına baxanda görürəm ki, 7-ci sinifdə oxuyan uşağa zamanında universitetdə  tələbələrə öyrətdiyimiz məsələləri keçirlər. Belə olmaz. Uşaqları  bu qədər yükləmək, dərslilkləri biabırçı şəkildə çap etmək olmaz. Bəs dərslikləri kim yazır? Heç kimin tanımadığı, dili səlist bilməyən adamlar yazır. Bu mənada Qəşəm Nəcəfzadə haqlıdır".

 

Məsələ ilə bağlı dərsliklərə görə Qəşəm Nəcəfzadənin ittiham etdiyi “Altun kitab” nəşriyyatının direktoru, “Azərbaycan dili” dərsliyinin müəllifi Rafiq İsmayılovun mövqeyini öyrənməyə çalışdıq. Rafiq İsmayılov barəsində səslənən ittihamlara bu cür cavab verdi: “Qəşəm Nəcəfzadə, ümumiyyətlə, müasir təhsildən, tədrisdən uzaq adamdır. Bu adam nəyə görə bu qədər aqressiv şəkildə "Azərbaycan dili" dərsliklərinə hücum çəkir, səbəbi məlumdur. Belə ki, Qəşəm Nəcəfzadə dəfələrlə məndən xahiş etmişdi ki, onun  şeirlərini dərsliyə salım. Lakin bir məsələni başa düşməyib, “Azərbaycan dili” dərsliyi şeir məkanı, poeziya toplusu deyil. Burada əsas məsələ uşaqlara ədəbi dilin normalarına uyğun danışmağı, dinləməyi, oxumağa, yazmağı öyrətməkdir. Uşaqlarımız gündəlik həyatda nə qədər poetik dildə danışır? Onlar normal, müasir dildə danışmağı bacarmalı, kifayət qədər söz ehtiyatına malik olmalıdır. Mənə daha çox ağır gəlir ki, 10 və 15 yaşlı şagirdlərimiz oxuyub anlamaqdan əziyyət çəkirlər. Ona görə də çalışıram ki, “Azərbaycan dili” dərsliyini elə tərtib edək ki, uşaqların dil, ünsiyyət bacarığı yüksək səviyyədə olsun. Əslində məsələ aydındır. Niyə başqa dərsliklər, hətta “Ədəbiyyat” dərsliyi deyil, məhz “Azərbaycan dili” dərsliyi? Yəni “Ədəbiyyat” dərsliyinə də irad tutmaq olardı, amma Qəşəm Nəcəfzadə məhz “Azərbaycan dili” dərsliyini aqressiv şəkildə tənqid edir.

Bir dəfə kitabını mənə verdi. Mən də çalışdım ki, həmin kitabdan maraqlı bir mətn tapıb, dərsliyə salım. Çünki oğlu Kəramətlə münasibətimiz var idi və ona xətir bunu etmək istəyirdim. Amma dərsliyə uyğun, onun parametrlərinə cavab verəcək bir mətn tapa bilmədim. Yəni bu məsələdə mən tərəfdən heç bir şəxsi qərəzlik yoxdur, amma qarşı tərəfdən kifayət qədər qərəz var.  Sözün açığı, bəzən deyirəm ki, çox şad olardım bundan sonra dərsliyi başqaları yazsın. Bu necə məşəqqətli işdir, onu yalnız bir-iki dəfə dərslik müəlliflərinin müzakirələrini müşahidə edənlər bilir. Bəzən müəllimlər arasında da müəllif olmaq istəyənlər olur. Mən məmnuniyyətlə onları “Vatsap” qrupumuza salıram ki, “Zoom” görüşlərində onlar da iştirak etsinlər. Bir-iki dəfə müzakirəmizi gördükdən sonra deyirlər ki, yox, bu çox məşəqqətli işdir. Əgər başqası dərsliklər yazsaydı, mən də məmnuniyyətlə gedib öz naşirliyimlə məşğul olardım, adi kitablar çap etdirərdim. Yəni bu işi mənə tapşırıblar, mən də yerinə yetirirəm".

Hörümçək” qalmaqalını üzə çıxaran RAFİQ İSMAYILOV – “Bu gün daha bir sözü  paylaşacam”

Rafiq İsmayılov 

Rafiq İsmayılov onun barəsində səslənən “1-ci sinifdən 9-cu sinfə kimi "Azərbaycan dili" dərsliyinin müəllifidir, amma özü Azərbaycan dilini bilmir, rusdillidir” ittihamına isə bu cür mövqe bildirdi: “Mən orta məktəbi Azərbaycan dilində oxumuşam. Daha sonra isə Moskvada Lomonosov adına Universiteti bitirmişəm və Bakıda "Nizami" adına Ədəbiyyat İnstitutunun elmi katibi vəzifəsində çalışmışam. Əgər mən o dərəcədə rusdilli olsaydım, Azərbaycan dilini yaxşı bilməsəydim, ölkənin Ədəbiyyat İnstitutuna elmi katib seçilməzdim. İkincisi, öz dilini yaxşı bilmək üçün heç olmasa 1-2 xarici dili bilmək lazımdır. Başqa dilləri bilmək öz dilini daha dərindən duymağa imkan verir, daha yaxşı şərait yaradır. Yoxsa ki, təkcə “öz qazanında qaynamaqla” olmur".

Məsələ ilə bağlı nazirliyin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR