İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran rejimi etirazçıları edam etməyə hazırlaşır

İranla bağlı BMT-nin xüsusi toplantısı olacaq

İran parlamenti ölkədə hakim rejimə qarşı iki aya yaxındır etiraz edən aksiya iştirakçılarıyla bağlı sərt qərar qəbul edib. Belə ki, parlament 290 deputatdan 227-nin səsi ilə təxminən 15 min nəfərə ağır əza verilməsi barədə bəyanat imzalayıb.

Məlum olduğu kimi, sentyabr ayından başlayan etiraz aksiyaları zamanı 15 minə yaxın insan həbs edilib. 350-dən çox dinc etirazçı, o cümlədən gənc, eləcə də güneyli nümayişçi qətlə yetirilib. Parlament üzvlərinin müraciəti məhkəmə orqanlarının aksiyaçılarla bağlı ən sərt addımı atılmasına çağırış edir. Bu o deməkdir ki, aksiyaçılar bir qismi barədə ən ağır cəza – edam qərarı veriləcək.

Güney Azərbaycan tələbə hərəkatının saytı xəbər verir ki, İranda etiraz aksiyalarında iştirak etdiyi üçün Təbriz polisinin kəşfiyyat şöbəsi tərəfindən həbs edilən Azərbaycan əsilli gənc Təbriz sakini Şəhriyar Cəfəri ağır işgəncələrə məruz qalıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri Cəfərini tapdalayıb, barmaqlarını sındırıb və kəlbətinlə işgəncə veriblər. Qeyd olunur ki, Təbriz etirazlarında iştirak etdiklərinə görə saxlanılanların əksəriyyəti ağır işgəncələrə məruz qalıb.

da4557a7-ffe7-3321-a797-20b68999f08c_850.jpg (149 KB)

Belə görünür ki, İran hakimiyyəti etirazları yatırmaq üçün ən sərt addımlara, edam qərarlarına getməyə hazırlaşır. Ötən iki aya yaxın müddət ərzində hakimiyyət orqanlarının apardığı işlər, aksiyaların xaricdən idarə olunması barədə iddialar, çəkindirici vasitələr heç bir effekt verməyib. Bu səbəbdən də əsasən mühafizəkarların nəzarətində olan parlament hökumət orqanlarını daha sərt addımlar atmağa səsləyir.

Rəsmi Tehran etiraz aksiyalarında iştirak edənlərin bir çoxundan xarici xüsusi xidmət orqanları tərəfindən təşviq olunduğu barədə “ifadələr” alıb. İndiyə qədər ABŞ, İsrail, Fransa xüsusi xidmət orqanları İran etirazlarını qızışdıran əsas orqanlar kimi təqdim olunub. Artıq İran ordusu kürd regionlarında etirazları qızışdırmaqda ittiham etdiyi İraq kürd muxtariyyəti ərazilərini bombalamağa başlayıb. Bu ölkə daxilində etirazçılara qarşı sərt addımlar atılması üçün əsas yaratmağa xidmət edir. Belə ki, hakimiyyət bu şəxsləri xarici ölkələr satılmaq, mövcud siyasi rejimi dəyişməyə çalışmaqda ittiham edərək edam cəzasına məhkum edəcək. Bu, təxminən inqilabın ilk illərində baş verən və bəzi ehtimallara görə 30 mindən çox insanın edam edilməsi ilə nəticələnən “inqilab məhkəmələri” dövrünü xatırladır. Bu arada hazırkı İran prezidenti İbrahim Rəisi inqilab dövründə bu cür məhkəmələrin üzvü olub.

Bir çox beynəlxalq ekspertlər İran hakimiyyətinin etirazlar fonunda iki istiqamətdən birini seçəcəyini ehtimal edirdilər. Birinci ehtimal hakimiyyətin nisbətən yumşalması, əsas narazılıq və etiraz doğuran məsələlərdə geriyə addım atacağı barədə idi. İkinci istiqamət isə rejimin daha da sərtləşəcəyi, etiraz qruplarını xarici ölkələrin xüsusi xidmətlərinin təsiri altında olan qruplar elan edərək onlara qarşı kütləvi cəza- qorxu mexanizmini işə salacağı, başqa sözlə rejimin daha da amansızlaşacağı ilə bağlı idi.

1652702480_080200012161.jpg (172 KB)

Belə görünür ki, Tehran ikinci variantı seçib. Ancaq bu addımlar etirazların tamamən yatmasına səbəb olacaqmı? Məsələ ondadır ki. İranda sadə xalq kütlələrini hərəkətə gətirən səbəblər hələ də qalır. İqtisadi vəziyyət pisdir, dini əsaslı qadağalar – baş örtüyü kimi – hələ də qalır. Güclənən repressiyalar hazırkı etapda aksiyaların yatırılmasına səbəb olsa da, perspektivdə onların yenidən, özü də daha sərt formada alovlanması riski qalır. Ancaq sərt repressiyalardan sonra növbəti etirazların daha sərt və zorakı olacağı ehtimalı da yüksəkdir.

Digər tərəfdən, baş verənlərin fonunda İran hakimiyyətinə qarşı sanksiyalar və beynəlxalq təzyiq artacaq. Artıq ABŞ, Avropa İttifaqı İrana qarşı çoxlu sayda sanksiyalar tətbiq edib və bu proses davam edəcək. Qərblə münasibətləri qaydaya salmaq, ən azı mövcud embarqoları yumşaltmağa çalışan İran hakimiyyəti üçün yeni sanksiya və qadağalar ciddi iqtisadi fəsadlar vəd edir.

Artıq İran rejiminin cinayətlərinin araşdırılması üçün BMT-nin İnsan Haqları Komitəsinin xüsusi sessiyasının çağırılması planlaşdırılır. Bu barədə Almaniya kansleri Olaf Şolts Tvitter hesabında videomüraciətində bildirib. Onun sözlərinə görə, İran BMT-nin üzvüdür və üzərinə insan hüquqlarının qorunması öhdəliyi götürüb.

Kənan Rövşənoğlu,
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR