İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran-Ər-Riyad yaxınlaşmasının ƏKS-SƏDASI - Netanyahunu problemə salan razılaşma

Ötən aylarda İraqın vasitəçiliyi ilə bir sıra danışıqlar aparan iki rəqib ölkə - Səudiyyə Ərəbistanı və İran Çinin ev sahibliyi ilə normallaşma üçün addım atıb. Ər-Riyad və Tehranın 7 illik fasilədən sonra diplomatik münasibətləri bərpa etmək qərarı İsraildə siyasi müzakirələri alovlandırıb. Müxalifət baş nazir Benyamin Netanyahunu “İrana uduzmaqda” ittiham edib.

Musavat.com xəbər verir ki, keçmiş baş nazir Naftali Bennett iki ay ərzində qarşılıqlı səfirliklərin açılmasını nəzərdə tutan Ər-Riyad-Tehran razılaşmasını “İsrail üçün ciddi və təhlükəli bir hadisə” kimi xarakterizə edib.

“Bu, İrana qarşı regional koalisiya yaratmaq səylərinə ölümcül zərbə vurur” - o deyib.

Razılaşmanın “İranın siyasi qələbəsi” olduğunu etiraf edən Bennett bu vəziyyətə görə baş nazir Netanyahunu günahlandırıb: “Razılaşma Netanyahu hökumətinin uğursuzluğunu, ölkənin ümumi zəifliyini və daxili qarşıdurmasını əks etdirir”.

640cef3f4e3fe118086e2cb1.jpg (62 KB)

Xatırladaq ki, Netanyahu hökumətinin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran tənzimləməsi ölkə daxilində kütləvi etirazlara səbəb olub. Minlərlə insan hökumətin qanunvericilik prosesi və məhkəmə sistemi üzərində nəzarəti artıran qaydalarına etiraz edir. Netanyahu bütün diqqətini “məhkəmə sistemini ələ keçirməyə” sərf etdiyi üçün xarici siyasət məsələlərinə etinasız yanaşmaqda ittiham olunur.

 

İsrail müxalifətinin lideri Yair Lapid isə bu razılaşmanı "hökumətin xarici siyasətinin tam uğursuzluğu" adlandırıb və Səudiyyə Ərəbistanı-İran razılaşmasının İrana qarşı regional müdafiə divarını aradan qaldırdığını bildirib.

Keçmiş müdafiə naziri Benny Gantz da hakim koalisiyanı sərt şəkildə tənqid edib. "Ölkənin üzləşdiyi böyük təhlükəsizlik problemləri artıb. İsrail və onun vətəndaşları Netanyahu tərəfindən tərk edilib" - o bildirib.

Maraqlıdır ki, Tehran-Ər-Riyad razılaşması Səudiyyə Ərəbistanı administrasiyasının, eyni zamanda İsraillə münasibətləri yumşaltdığı dövrə təsadüf edir.

640cef544e3fe118086e2cb4.jpg (111 KB)

Siyasi analitiklərin fikrincə, indi Səudiyyə Ərəbistanının İsraillə “həssas diplomatik rəqsinə” İran balansı əlavə edilib. Fələstin məsələsi həll olunmayana qədər İsraillə münasibətləri normallaşdırmayacağını bəyan edən Səudiyyə Ərəbistanı buna baxmayaraq, son iki ildə israilli jurnalistlərin ölkəyə daxil olmasına və İsrail təyyarələrinin ölkənin hava məkanından istifadəsinə icazə verilməsi kimi mühüm addımlar atıb. 2020-ci ilin sentyabrında ABŞ-ın vasitəçiliyi ilə İbrahim sazişinin imzalanmasından sonra ərəb ölkələri, xüsusilə də Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normallaşdıran İsrail İranı “tək qoymaq” üçün Səudiyyə Ərəbistanı ilə də analoji anlaşmaya ümid edirdi.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanı və İran arasında razılaşmanı alqışlayıb və bunun Körfəz regionunun sabitliyi üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. Razılaşmada vasitəçilik edən Çin də bunu dialoqun və sülhün qələbəsi adlandırıb.

2015-ci ildə Yəmən böhranı səbəbindən gərginləşən Ər-Riyad-Tehran münasibətləri növbəti il ​​Səudiyyə Ərəbistanında “terrorçuluq” ittihamı ilə şiə din xadimləri də daxil olmaqla 47 nəfərin edam edilməsindən sonra pozulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR