Onlayn ictimai-siyasi qəzet
Ramiz Mehdiyevin istintaqa əsa ilə gəlməsi, tək bir kadr bütün bir dövrün məğlubiyyətini göstərdi.
Dövlət Təhlükəsizliyi Xidmətinin qapısında o, artıq başqa bir səhnəni oynayırdı.
Vaxtilə ölkənin taleyini kabinetindən idarə edən, hökmləri geri oxudan, kadrları bir telefonla dəyişən “boz kardinal” bu dəfə büdrəməsin deyə əlinə əsa alıb.
Əlbəttə, əsa yaşlı adamın təbii yoldaşıdır.
Amma dünənə qədər qıvraq addımlayan, yerişi ilə dövlətin dəhlizlərini silkələyən Mehdiyev indi öz keçmişinin ağırlığı altında əsaya əl atıb.
Ən maraqlısı odur ki, bu “əsa teatrı”nda akademik tək deyil. Onun illərlə yetişdirdiyi, qoruduğu və himayə etdiyi “aktyorlar” bu səhnəni vaxtilə oynayıblar.
2018-ci ili yada salaq. Ramiz Mehdiyevin xeyir-duası ilə Ukraynaya səfir göndərilən Elmira Axundova oradan biabırçı şəkildə qaçandan sonra əsaya əl atmışdı.
Mehdiyevin siyasi laboratoriyasından çıxan, ona donoslar yazan Axundova, 2022-ci ilin fevralında – Rusiyanın tankları Ukraynanın torpaqlarını tırtılları ilə şumladığı günlərdə diplomatik poçtla deyil, gizli qaçış marşrutu ilə Kiyevdən yoxa çıxmışdı.
Həmin vaxt səfirliyin qarşısında sənəd gözləyən onlarla azərbaycanlı qadın və uşaq ümidlə qapıda dayanmışdı, səfir isə artıq sərhədi aşıb qaçmışdı.
Bakıda isə onun müdafiəsinə qalxanlar istehza doğuran arqument irəli sürürdülər: “Axı o qadındır".
Amma Kiyevdəki azərbaycanlı qadınları nədənsə unudurdular.
Aylar keçdi, qaçışın tozanağı yatdı.
Həmin ilin noyabrında qaçaq səfir Bakının mərkəzində, Rus Dram Teatrının qapısında göründü.
Təbii ki, əlində əsa vardı. Sonradan saytlarda yayılan bax bu fotodakı elə Axundovanın özüdür.
Səhnədə baş rolda “boz kardinal”ın şagirdi kimi Ukraynadan qaçışın pərdələnməsini oynayır, buna çalışırdı.
Az keçəndən sonra Axundova əsanı kənara tulladı, ayağı açıldı.
Mehdiyev məktəbinin əsa ilə bağlı qaydası var. Əsa əldədirsə, vəziyyət ruscadır.
Əsa əldən düşdüsə, deməli, fəsil dəyişib, xilas mövsümü başlayıb.
Həbib Axundov
Akademikin “əsalı məzunlarından” biri də Elmira Axundovanın oğlu Həbib Axundov idi.
Gəlin 2013-cü ilə qayıdaq. Həmin il Həbibin adı 8 milyon manatlıq dələduzluq dosyesində mərkəzi fiqur kimi hallanırdı.
Məhkəmənin ilk günlərində o da Ramiz Mehdiyevin bu gün sərgilədiyi əsalı performansı ustalıqla oynayırdı.
Həbib məhkəməyə əsaya sığınaraq gəlirdi.
12 il sonra Ramiz Mehdiyev istintaqa gəldiyi kimi!
İnsafən, oğul-bala əsa ilə ustalıqla davranırdı, 50 ilin aktyorları belə bu gedişi təkrar edə bilməzdi.
Kənardan baxanlar elə bilərdi ki, bu gənc ağır bir qəza keçirib, indi əsa sayəsində ayaqda qalır.
Amma möcüzə baş verdi - az sonra cinayət dosyesi “boz kardinal”ın bir zəngi ilə bağlandı, əsa ilə gəzən Həbibin məsələsinə hüquqi qiymət verilmədi.
Əsa da Həbibin əlindən itdi, ayağı açıldı, zəifliyin izi-tozu qalmadı.
Beləcə, “Əsa Akademiyası”nın qaydası bir daha təsdiqləndi:
Əsa əldən düşdüsə, deməli, xilas başlayıb.
Amma indi “Əsa Akademiyası”nda başqa rüzgar əsir.
Bu dəfə səhnədə akademikin özü var - zorən çıxarılıb, həm də son pərdəni oynamaq üçün.
Verilmiş yeganə seçimini “bəlkə yazıqları gələr” düşüncəsi ilə əsaya sarılmaqda görüb. Yox, bu dəfə əsalı gediş faydasızdır.
Səhnə alaqaranlıqdır, işıq ucu belə görünmür; sanki cəhənnəmin ən dərin qatında son pərdə oynanılır.
Akademikin əlindəki əsa artıq onun dayaq nöqtəsi deyil.
Bunu onun “xəyanət komandası”nın üzvləri olan səfirlər, deputatlar, ideoloqların hamısı anlayır.
İndi onlar ölüm səssizliyi içindədirlər.
Hərə bir tində, ürkək, səksəkə içində, baş verənlərdən vahimələnib, yuxuları ərşə çəkilib.
Çünki itirəcəkləri çox şey var, o şeylərə görə illərlə akademikin əlini öpüb, əmrində dayanmışdılar.
İndi isə sanki qorxu filminin son səhnəsini izləyirlər.
Bu dəfə “boz kardinal”ı Olimp zirvəsinə bir addım qalmış, son gedişdə ustalıqla üzüaşağı buraxıblar.
Çaşqındır, əsaya söykənir, o əsa artıq onun çöküşünün, daxili dağılmasının simvoludur.
Şagirdlərinin əlində “xilas taxtası”, özünün əlində isə son mənzilə yol yoldaşı qalıb.
Əslində, əsa indi Ramiz Mehdiyevin barmaqları arasında deyil, onun epoxasının əlindədir.
“Əsa Akademiyası”nın “boz kardinalı” son pərdəsini oynayır.
Az sonra pərdə enəcək.
Səhnədə isə yalnız yerə sərilmiş əsa qalacaq.
Elşən MƏMMƏDƏLİYEV
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ