Onlayn ictimai-siyasi qəzet
“MDB ölkələrində rus dilinin dəstəklənməsi əməkdaşlığın ümumi gələcəyinə sərmayədir”.
Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “Rus dili MDB regionunda inteqrasiya dialoqunun əsasıdır” adlı konfransın iştirakçılarına müraciətində deyib.
“Rus dilinin dəstəklənməsi siyasi məqsədəuyğunluq məsələsi deyil, ümumi gələcəyimizə, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına sərmayədir”, - Matviyenko bildirib (Teleqraf).
Rusiyalı spiker müraciətində başqa bir qəribə ifadə də işlədib, o qeyd edib ki, “MDB ölkələrinin ümumi vəzifəsi” rus dilinin mövqeyini qorumaq və möhkəmləndirməkdir.
Hansı “ümumi vəzifə”dən söhbət gedir əgər MDB ölkələrin hamısı BMT üzvü olan suveren dövlətlərdirsə? Konkret olaraq Azərbaycanın rus dili ilə bağlı heç bir öhdəliyi toxdur. Çünki bizim dövlət dilimiz Azərbaycan dilidir. Bəs Matviyenko nə demək istəyir? Rusiya niyə belə narahatdır?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloqun fikrincə,
Matviyenko öz lideri, Rusiya prezidenti Vladimir Putinin dediklərini faktiki təkrar deyir:
"Yəni, rus İmperiyasının xisləti ilə yaşayırlar. Elə Ukraynaya işğalçı müharibəyə də bu adla başlamışdılar. Guya, rus dili sıxışdırılır, rus dili məhdudlaşdırılır. Bu adla Kremlin ilhaq etdiyi ərazilərdə müharibəyə başladılar. Digər qonşu dövlətləri də bu adla sanki şantaj edirlər.
Yəni, hər bir dövlətin öz dili var və öz dilində danışmaq onun hüququdur. Zorla rus dilini sırımaq isə imperiya siyasətinin davamıdır. Necə ki, Putin Azərbaycan haqqında da demişdi ki, Azərbaycan rus dilli dövlətdir. Bu, əslində təzyiq elementidir.
Azərbaycan isə türk dilli dövlətdir. Öz dilimiz var. Bəli, rus dilində danışanlar da var, ingilis dilində və digər dillərdə danışanlar da var. Amma bu o demək deyil ki, Azərbaycanda gənclər arasında İngilis dili üstünlük təşkil etməlidir və Azərbaycan ingilis dilli dövlət olmalıdır.
Sadəcə Matviyenko və Putin qonşu dövlətlərə mesaj göndərirlər. Təzyiq aləti kimi, rus dili üstün səviyyədə qalmasa, sıxışdırılsa, arxa plana keçsə, Rusiya bu dövlətlərə təzyiq göstərəcək. Amma Rusiya həmin Rusiya deyil; nə edə bilər ki, qonşu dövlətə? Tutaq ki, Azərbaycana necə təzyiq edə bilər? Qazaxıstana da bu yöndə təzyiq göstərirlər, çünki Qazaxıstanda qazax dilinin istifadəsi genişləndirilib, Prezident Tokayevin müxtəlif fərmanları ilə. Görünür, bu Kremlin xoşuna gəlmir".
Elxan Şahinoğlu bildirir ki, bu, Kremlin xoşuna gəlməyə bilər, amma rus dili arxa plana keçirsə, bu demək deyil ki, Rusiya bütün dövlətlərə qarşı müharibə elan etməlidir:
"Əslində, Matviyenkonun bu açıqlaması çox məntiqsizdir və siyasi şantaj xarakteri daşıyır".
Xalidə GƏRAY
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ