Onlayn ictimai-siyasi qəzet
ABŞ və Avropa ölkələri Rusiyanın enerji məhsullarının asiyalı alıcılarına təzyiqləri artırır.
Musavat.com-un Reuters-ə istinadən verdiyi xəbərə görə, bu təzyiqlər dekabr ayında Hindistanın neft idxalını məhdudlaşdıra, Çin üçünsə tədarükləri ucuzlaşdıra bilər.
Treyderlərin və analitiklərin fikrincə, Yaponiya çətin ki, Saxalin-dən mayeləşdirilmiş təbii qaz (LNG) idxalını dayandırsın.
Bununla belə, Vaşinqton ticarət danışıqları vasitəsilə Çin, Hindistan və Yaponiyaya təzyiq göstərərək Rusiya nefti və LNG alışını azaltmağa çalışır.
Bu arada Böyük Britaniya bu yaxınlarda Çin və Hindistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Moskvanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün enerji gəlirlərindən istifadə etdiyini nəzərə alaraq Avropa İttifaqı da eyni addımı ata bilər.
Kpler analitik şirkətinin məlumatına görə, Rusiyanın əsas xam neft növlərinin Çin və Hindistana dəniz yolu ilə daşınması oktyabr ayında gündə təxminən 3,1 milyon barrelə yüksələ bilər ki, bu da iyun ayından bəri ən yüksək səviyyədir.
Kpler-in baş analitiki Mu Yu Xiu Rusiyadan ixracın kəskin artması səbəbindən yüksək idxal səviyyəsinin noyabr ayında da davam edəcəyini proqnozlaşdırır: "Böyük Britaniyanın Çin və Hindistan neftayırma zavodlarına qarşı qəfil sanksiyaları və Aİ və ya hətta ABŞ-dan əlavə məhdudiyyətlər mümkünlüyü alıcıları daha çox aydınlıq olana qədər yeni sifarişlər verməkdə daha ehtiyatlı davranmağa vadar edə bilər".
Ağ Ev rəsmisi cümə axşamı bildirib ki, Hindistan neftayırma şirkətləri artıq Rusiya neftinin idxalını 50 faiz azaldır.
Bununla belə, Hindistandakı mənbələr azalmanın hələ cari məlumatlarda əks olunmadığını və yalnız dekabr və ya yanvar aylarında nəzərə çarpa biləcəyini deyirlər.
Bir neçə mənbənin məlumatına görə, noyabr ayı üçün sifarişlər, o cümlədən dekabrda çatdırılması planlaşdırılan yüklər üçün artıq verilib.
FGE konsaltinq firmasının hesabatında deyilir: "Biz Hindistanın Rusiya neftinin alınmasını dərhal dayandıra biləcəyinə inanmırıq, hətta bunu qəbul etsə belə, uzunmüddətli müqavilələr əsasında gündə ən azı 700 min barel almalı olacaq".
Şirkətin analitikləri qeyd edirlər ki, qısamüddətli perspektivdə risk altında ola biləcək ən böyük tədarük həcmi spot alışlarla icra olunan gündəlik 0,8-1 milyon barel təşkil edir. Onlar iddia edirlər ki, Çin vəziyyətdən istifadə edə və Rusiya neftinə endirimlər artdıqca Hindistanın imtina etdiyi bəzi həcmləri ala bilər.
Bu arada Hindistan neftayırma zavodları Rusiya tədarükünün azaldılması halında əməliyyatları üçün riskləri minimuma endirmək üçün idxalını diversifikasiya edərək, Qayanadan nadir neft alıblar.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ