Onlayn ictimai-siyasi qəzet
Zülfüqar Yusifov: “Bu, əhaliyə vaxtında, doğru təcili tibbi yardımın göstərilməsi üçün köməklik edəcək”
2025-ci ilin sonunadək Abşeron rayonunda 16-ya qədər yeni təcili tibbi yardım stansiyası açılacaq. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müşaviri Elşad Məmmədli təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin təkmilləşdirilməsi və inkişafı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. Bu məqsədlə Abşeronun yaşayış məntəqələrində əhalinin real sıxlığı öyrənilib.
Onun sözlərinə görə, daxil olan zəng əsasında zəng ünvanını avtomatik müəyyən edən naviqasiya sistemi hazırlanır. “Sistem əraziyə ən yaxın təcili yardım briqadasını seçib çağırışı ona yönəltməyə imkan verəcək”, - Məmmədli bildirib.
Eyni zamanda, tibb personalının ştatları genişlənəcək. Tibbi kadr çatışmazlığı probleminin tamamilə aradan qaldırılması nəzərdə tutulur. Həmçinin, Həkimləri Təkmilləşdirmə İnstitutu ilə birgə həkimlər, tibb işçiləri, dispetçerlər və sürücülər üçün təlim proqramları hazırlanıb.
Qeyd edək ki, ölkədə 1000-ə yaxın təcili tibbi yardım maşını var. Onların arşında müasir standartlara cavab verməyənləri də var. E.Məmmədli bildirib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tabeliyində 113 avtobaza, rayonlarda 103 saylı təcili tibbi yardım və təcili tibbi yardım məntəqələri fəaliyyət göstərir. Mövcud stansiyaların və filialların dislokasiya yerləri təzədən nəzərdən keçiriləcək.
Adil Qeybulla
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a mövzunu şərh edərkən bunları qeyd etdi:
“Dünyada təcili tibbi yardım sistemi iki cürdür: ingilis-amerikan sistemi və fransız-alman sistemi. Azərbaycanda fransız-alman sistemi tətbiq olunur. İngilis-amerikan sistemi pasientin hospitala, həkimə aparılmasını ehtiva edir. Yəni, ilk yardıma ehtiyacı olan şəxslər vertolyotlarla, briqadalarla xəstəxanaya aparılır. Amma alman-fransız sistemində həkim xəstənin yanına gedir. Çağırışla yardıma ehtiyacı olan şəxsin yanına gedilir və lazımi tibbi xidmət göstərilir. Dünyanın heç yerində sovet dövründəki kimi sistem yoxdur ki, gecə saat 2-də qarnında sancı olan adam həkim çağırır və təcili yardım çağırışa gedir. Təcili yardımın strukturu tamamilə dəyişilməlidir. Bəzən məhz ilk yardıma ehtiyac olur. Bunu dəqiq müəyyən etmək lazımdır. Təcili yardım sistemi əhalinin sıxlığını nəzərə alaraq qurulmalıdır. Təcili tibbi yardıma ehtiyacı olan pasientin xəstəxanaya çatdırılması üçün təhlükəsiz və sürətli yollar təmin edilməlidir. Yəni, təcili tibbi yardım stansiyalarının artırılması ilə yanaşı, infrastrukturu da qurmaq lazımdır”.
Zülfüqar Yusifov
İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov isə hesab edir ki, bu əhaliyə vaxtında, doğru təcili tibbi yardımın göstərilməsi üçün köməklik edəcək. “Yeni Müsavat”a açıqlamasında həkim bildirdi ki, stansiyaların sayının artırılması təcili yardım xidmətinin əhaliyə yaxınlaşması deməkdir: “Təcili tibbi yardım stansiyalarının sayının artırılması, daha uyğun yerdə yerləşməsi, tibbi təchizatın yetərincə olması, təcili yardım xidmətinin avtomobillərlə təmin edilməsi, kadrların adekvat olması, bütövlükdə logistik məsələlərin optimal şəkildə həll olunması düşünürəm ki, bu sahədə ciddi irəliləyişin əldə olunmasına və vətəndaşlara vaxtında təcili yardım göstərilməsinə kömək olar. Bununla yanaşı, təcili yardım avtomobillərinin hərəkəti üçün vətəndaşlar tərəfindən imkanlar yaradılır, amma xüsusi qaydaların olması vacibdir. Bəzən yollarda təcili yardım maşınlarının tıxacda qaldığının şahidi oluruq. Avtobuslar, bəzi ölkələrdə hətta taksilər üçün olan özəl yollardan təcili yardım maşınlarının istifadəsi mümkündür. Operativ və keyfiyyətli xidmət ümumilikdə təcili yardım xidmətinin keyfiyyətinin daha da artmasına gətirib çıxaracaq”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ