Onlayn ictimai-siyasi qəzet
Bərdənin Şatırlı kənd sakini Sərxan Əsgərov əkin sahəsinə edilən qəfil hücumdan şikayətçidir.
Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət edən fermer naməlum şəxslərin ağır texnika vasitəsilə onun əkin sahəsini tən ortasından qazdıqlarını, ərazidən keçən boruları çıxarıb maşınlara yüklədiklərini bildirib.
Şatırlıda baş verənlərlə bağlı Musavat.com-a danışan fermerin sözlərinə görə torpaqdan qazılaraq çıxarılan su boruları bir neçə il əvvəl dövlət qurumları tərəfindən su çəkilməsi məqsədilə həmin əraziyə basdırılıb.
Ancaq ötən müddətdə istifadə edilməyib. İndi isə qəfil gələn və özlərini təqdim etməyən şəxslər iri diametrli boruları çıxarıb aparacaqlarını deyiblər. Fermer isə hazırda məhsul yığımına az qaldığını və əraziyə gətirilən ağır texnikanın hərəkətinin onun məhsulunu zay etdiyindən şikayətçidir. Deyir ki, boruların qazılıb çıxarılması nəticəsində onun taxıl əkini məhv olur.
Şikayətçi deyir ki, müvafiq ərazi idarəetmə orqanlarına müraciət etsə də, heç kim boru çıxaralara yaxın düşmür və qanunsuzluğa müdaxilə etmir. Şikayətçi fermer 102 xidmətinə məlumat verdiyini deyir.
Sərxan Əsgərov hüquq-mühafizə orqanlarının baş verənlərə müdaxilə etməsini, qazıntı işlərinin ən azı bir ay dayandırmasını xahiş edir. Çünki əks halda biçin ərəfəsində olan buğda əkini məhv olacaq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ