Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Azərbaycandakı səfir postu 9 aydır boşdur. Sonuncu səfir Mark Libbi bu ilin yanvarında ağır xəstəliyi səbəbi ilə ölkəmizi tərk edib. O, həm də azad Şuşaya ilk ayaq basan amerikalı diplomat kimi tarixə düşüb.
Görəsən, bu qədər zaman kəsiyində yeni səfir təyinatı niyə baş tutmayıb? Ləngimənin səbəbi nədir və təyinat daha nə qədər uzana bilər? Bu ilin sonunadək yeni səfirin gəlişi mümkündürmü?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, ABŞ ilə Azərbaycan arasında bütün səviyyələrdən olan əlaqələr bu gün gerçəkdən özünün ən yaxşı dönəmini yaşayır: “Dövlət rəhbərlərinin şəxsi münasibətlərinin dövlətlərarası münasibətlərdəki rolunun nə qədər böyük və təsirli olduğunu biz Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasındakı isti münasibətlərdən bir daha görürük.
Azərbaycan Prezidenti İlham Əliyev bütün məsələlərdə olduğu kimi, ABŞ-də prezident seçkiləri öncəsi öz uzaqgörənliyini bir daha nümayiş etdirdi. Çoxları Trampın prezident seçkilərində qalib gələcəyinə şübhə ilə yanaşsa da, İlham Əliyev açıq şəkildə onun namizədliyini dəstəklədiyini bəyan etdi. Təbii ki, Tramp da bunu eşitdi. Çünki bu, sıradan bir siyasətçinin deyil, Cənubi Qafqazın açar dövləti olan Azərbaycanın Prezidentinin fikirləri idi.
ABŞ-nin Azərbaycandakı son səfiri yaddaşımızda yaxşı təəssüratlar yarada bildi. Onun Şuşaya səfəri isə gerçəkdən tarixi bir hadisə oldu. Tanrı şəfasını versin. Yeni səfirin təyinatının gecikməsinin səbəbini mən ilk növbədə ABŞ administrasiyası tərəfindən hələlik uyğun kadrın müəyyən edilə bilməməsi ilə əlaqələndirirəm. Ancaq son hadisələr və bu ilin avqust ayının 8-də Ağ Evdə Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən sülh sazişi paraflandıqdan və Birləşmiş Ştatların Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməsindən sonra yeni səfirin təyinatının tezliklə baş verəcəyinə daha çox inanıram. Hesab edirəm ki, Tramp Azərbaycana özünün ən çox güvəndiyi bir diplomatı səfir təyin edəcək".
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Mark Libbi Trampdan əvvəlki Co Bayden hökumətinə yaxınlığı ilə seçilsə də, diplomatik missiyasının sonuna yaxın Azərbaycana qarşı loyallığı ilə seçilirdi: “İşğaldan azad olunan ərazilərə səfər etməklə ABŞ-nin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini ifadə etmiş oldu. Bu hadisə həm də 44 günlük savaşdan sonra Birləşmiş Ştatların regiondakı reallığı qəbul etməsi kimi başa düşülməlidir. ABŞ senatı Azərbaycana həmişə sərt mövqedə dayanıb. Təbii ki, burada erməni lobbisinin təsirləri də öz sözünü deyir. Düşünürəm ki, ABŞ ilə Azərbaycan arasındakı buzlar artıq əriyib. Çünki qoca və yuxulu Bayden hakimiyyəti doqquz aydır ki, bitib. Tramp dönəmində Azərbaycanla Birləşmiş Ştatlar arasında isti münasibətlər formalaşıb. Təbii ki, burada iki ölkə liderlərinin dostluğu və əməkdaşlığa meyilli olması da əsas faktorlardandır. Hesab edirəm ki, tezliklə Birləşmiş Ştatlar Azərbaycana yeni səfir göndərəcək. Hətta həmin səfirin bizə qarşı isti münasibət bəsləyən birisi olması üçün Tramp administrasiyası xüsusi həssaslıq göstərəcək. Səbəb sadədir, qarşıda regionu tarixi hadisələr gözləyir. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması prosesi də məhz yeni səfirin missiya dönəminə təsadüf edəcək. Fikrimcə, Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçib, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Lakin Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaranıb.
İlham Əliyev və Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirib. O dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. İkitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlar arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşəcəyinə ümidləri artırır. Dövlət başçısı İlham Əliyev prezident seçilməsi münasibətilə 2024-cü il noyabrın 6-da Donald Trampa ünvanladığı təbrik məktubunda Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. O, Donald Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə edib".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ