Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov sentyabrın 24-25-də Rumıniyanın Konstansa şəhərində keçirilən “South East Europe EPC & Infrastructure” adlı beynəlxalq konfransda iştirak edib.
Musavat.com xəbər verir ki, diplomat çıxışında Asiya ilə Avropa arasında nəqliyyat və logistika layihələrinin önəmindən danışaraq, xüsusilə Orta Dəhlizin strateji rolunu vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı infrastruktur və nəqliyyat layihələri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit marşrutunun inkişafına xidmət edir. Qüdsi Osmanov həmçinin daşımaların optimallaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi məqsədilə logistika proseslərinin rəqəmsallaşdırılması istiqamətində ölkəmizdə aparılan islahatlar barədə məlumat verib.
Tədbir “Creative Communication” şirkəti tərəfindən CAIR (Rumıniya Sahibkarlar və İnvestorlar Konfederasiyası), ACUE (Enerji Kommunal Şirkətləri Federasiyası), PATRES (Bərpa Olunan Enerji İstehsalçılarının İşəgötürənlər Təşkilatı), PSC (Tikinti Şirkətləri İşəgötürənlər Assosiasiyası), BRCCBU (Birləşmiş Millətlər Birliyi), UNTRR (Rumıniyadan Yol Daşıyıcıları) və USER (Rumıniya Ekspeditorlar Assosiasiyaları İttifaqı) ilə birgə təşkil olunub.
Konfransda Rumıniyanın dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyalarının rəhbərləri, Konstansa limanının təmsilçiləri, diplomatlar və ictimai xadimlər iştirak ediblər. Müzakirələrdə Konstansa limanının böyük infrastruktur və enerji layihələri üçün əsas qapı kimi strateji rolu xüsusi vurğulanıb. Sərhədyanı əməkdaşlığın genişləndirilməsi və innovativ yanaşmaların tətbiqinin vacibliyi də tədbirin əsas mövzuları arasında olub.
Konfrans çərçivəsində həmçinin regionun davamlı iqtisadi inkişafı məqsədilə dövlət qurumları ilə özəl sektorun əməkdaşlıq imkanları müzakirə olunub, birgə təşəbbüslərin həyata keçirilməsi üçün konkret istiqamətlər müəyyənləşdirilib.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ