Onlayn ictimai-siyasi qəzet
“Artıq Qarabağda qan axmamasını alqışlayıram. Lakin bütün bunlar mənim üçün asan deyil, çünki anamın kökü Qarabağdan gəlir. Nənəm Hadrutdandır. Mənim üçün bütün bunlar ağrılıdır, bilmirəm onlara (erməniləri nəzərdə tutur - red.) güzəşt olunacaqmı, bir az da olsa, muxtariyyət veriləcəkmi? Bütövlükdə artıq Qarabağ yoxdur. Artıq ermənilərin olan o torpaq yoxdur. Bu, psixoloji və emosional yanaşmamdır”.
Bunu vaxtilə bakılı kimi şahmat üzrə dünya çempionu olmuş erməni Harri Kasparov məşhur jurnalist Dmitri Qordonun sualını cavablandırarkən deyib.
“İndi isə qlobal yanaşmama gələk, ümid edirəm ki, Cənubi Qafqazdakı bu qanayan yara nəhayət ki, sağalacaq. Burada həm də 1915-ci ildəki "erməni soyqırımı" məsələsi var. Aydındır ki, Paşinyan bundan da imtina etməlidir, çünki orada Türkiyə amili var. Amma tarix tarixdir, bugünkü, sabahkı həyat başqadır. Ümumilikdə Allaha şükür olsun ki, Rusiyanı oradan tamamilə çıxarıblar", - o bildirib (Axar.az).
Kasparov qeyd edib ki, əsas təxribatçı Rusiya idi və bütün bu hadisələrə səbəb olan Rusiya artıq orada olmayacaq: “Ümid edirəm ki, bu vəziyyətdə Ermənistan öz simasını qoruyacaq, çünki Qarabağdakı erməni kəndləri var, tarix var. Amma təbii ki, bu, irəliyə doğru addımdır, çünki biz inkişaf edən region əldə edirik, orada məşğulluq, iş imkanları var. Azərbaycanlıların öz bacarıqları, ermənilərin öz bacarıqları var və bunlardan nəsə etmək olar. Mənim anam ermənidir, yəhudi ilə evlənib, xalalarımdan biri erməni, digəri azərbaycanlı ilə evlidir. Ailəmiz rusdilli olsa da, hər kəsi özündə birləşdirir, biz bakılı olmuşuq. Ümid edirəm ki, bu böyük addım bir çox ölkələr üçün də nümunə olacaq, anlayacaqlar ki, harada Rusiyanın təsiri azdırsa, ən əbədi düşmənlər, aralarına qan girmiş olanlar belə kompromis tapa bilər”.
Məşhur bakılı erməni Qarabağdan gedən ermənilərə “güzəşt olunacaqmı, bir az da olsa, muxtariyyət veriləcəkmi” sözləri ilə nə demək istəyir? Mədəni muxtariyyətmi? Məgər o, ermənilərin qayıdışı üçün Azərbaycan dövlətinin şərtlərini bilmir?
Elxan Mirzəyev
Professor Elxan Mirzəyev “Yeni Müsavat”a bildirib ki, Kasparovun dedikləri ümumi söz yığınıdır. Mütəxəssis hesab etmir ki, tanınmış erməni hansısa çağırış edib, amma gözləntisini bölüşüb: “Ermənilər müharibədən sonra inana bilmirlər ki, hər şey birdəfəlik qurtarıb. Onlar son 150 ildə belə hadisə görməyiblər. Ermənilərə elə gəlib ki, Rusiya onları qoruyur, heç bir problem yoxdur. Hətta 1994-cü ildə Azərbaycan yüksək status verirdi, amma muxtariyyətdən imtina etdilər. Çünki torpaqları işğal etmişdilər və bunun əbədi olacağına inanmışdılar. Ona görə Azərbaycanın o dövrdə muxtariyyət təklifini qəbul etmədilər. Yaxşı ki, imtina etdilər, gec oldu, amma bütün Qarabağı azad etdik, heç bir status da vermədik. Azərbaycan Prezidenti də müharibə dövründə və sonra bildirmişdi ki, ermənilərə heç bir status verilməyəcək. Onlar üçün ən böyük status Azərbaycan vətəndaşlığı ola bilər. Amma bundan imtina edib getdilər və əksəriyyəti Ermənistan vətəndaşıdır. İndi Kasparov hansı nağılları danışır? Ermənilər qayıtmaq istəmir, gəlsələr də muxtariyyət verilməsini yuxuda görərlər”.
E.Mirzəyev bildirib ki, Rusiya statusu gələcək nəsillərə saxlamağın tərəfdarı idi, bu da onun Cənubi Qafqazla bağlı məkrli planından irəli gəlirdi: “Putin və Lavrov bu barədə bir neçə dəfə eyham vurmuşdu. Rusiya istəyirdi ki, Qarabağda erməni problemi qalsın və gələcəkdə yenə münaqişəni qızışdırsınlar. Amma antiterror əməliyyatı separatizmin belini sındırdı və məhv etdi. Sonra ermənilər bölgəni öz xoşu ilə tərk etdi. Bununla da Rusiya, Fransa və Ermənistanın muxtariyyət, yüksək status kimi arzuları dəfn olundu. Kasparova gəlincə, əslində obyektiv yanaşmağa çalışıb. Yəni deyib ki, Rusiya bu prosesdən uzaqlaşdırılıb, indi sülh prosesi başlayıb”.
Professor hesab edir ki, onun çıxışında yeganə qəbul olunmayan məqam muxtariyyət hissəsidir: “Yəqin şahmatçı keçmiş arzularla yaşayır. Amma bilməlidir ki, Qarabağda uzağı 40-50 min erməni yaşayırdı. Onlar sayca Azərbaycan vətəndaşı olan digər etnik xalqlardan üstün deyil. Cəmi 40-50 min nəfərə niyə muxtariyyət verilməlidir? Bəs talışlar, ləzgilər, avarlar deməzdi ki, onda bizə də verilsin? Halbuki sayca ermənilərdən qat-qat çox idilər. Amma heç zaman azsaylı xalqlar Azərbaycan dövlətinə qarşı belə tələb irəli sürməyib, çünki vətənə bağlıdırlar və buna ehtiyac olmadığını da anlayırlar. Yəni Kasparov mif danışıb. Bizim bir muxtar respublikamız Naxçıvandır, düşünürəm ki, Zəngəzur dəhlizi açılsın, quru yol təmin olunsun, onun da statusuna baxıla bilər”.
Qeyd edək ki, antiterror əməliyyatından sonra Azərbaycan dövləti ermənilərin reinteqrasiyası proqramını elan etmişdi. O zaman Qarabağda qalan ermənilərə Azərbaycan pasportu paylanacaqdı, fermerlərə subsidiyalar ayrılacaqdı, müəyyən sosial paketlər nəzərdə tutulmuşdu. Lakin onlar Qarabağdan getdilər və sonra Azərbaycana əsassız yerə “etnik təmizləmə” ittihamları səsləndi. BMT faktaraşdırıcı missiyası isə hər hansı “etnik təmizləmə” sübutu aşkar etmədiyini açıqlayıb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ