Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 23-də bütün ermənilərin katolikosu II Qaregin “Ermənistanı xilas et” Yəhudi-Xristian Alyansının direktoru Matias Pertul və alyansın idarə heyətinin üzvü Alveda Kinqlə görüşərkən Ermənistanın üzləşdiyi problemlər və regional təhlükəsizliklə bağlı məsələlərə toxunub. Katolikos Bakıda saxlanılan “əsirlər”, “artsax ermənilərinin hüquqları, eləcə də erməni mənəvi və mədəni irsinin Azərbaycan tərəfindən mənimsənilməsi və məhv edilməsi” ilə bağlı narahatlığını bildirib.
Matias Petrul “artsax ermənilərinin pozulmuş hüquqları” və uydurma “artsaxın erməni mənəvi və mədəni irsinin qorunub saxlanması ilə bağlı” narahatlığı bölüşərək, erməni kilsəsinə və erməni xalqına dəstəklərini ifadə edib.
Beləcə, erməni din xadimləri hərbi canilər məsələsini qaldırmaqda davam edirlər. Bundan əvvəl katolikos I Aram Qazaxıstanda çıxışı zamanı Rusiya Prezidentinə müraciət etmişdi. Özlərini hər yerdə məzlum kimi təqdim etməyə çalışan bu toplum indi də din xadimləri vasitəsilə minlərlə günahsız insanın ölümündə əli olan hərbi caniləri müdafiə etməyə çalışır.
Erməni katolikoslar niyə əl-ayağa düşüb? Hökumət rəsmiləri bu barədə danışmadığı halda, onlar nə üçün canfəşanlıq edir?
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, erməni cəmiyyətində, xüsusilə də kilsə nümayəndələrinin Azərbaycanda mühakimə olunan cinayətkar ermənilərlə bağlı mövqeyinin nədən bu cür olması bəllidir: “Bu, iki məqsəd üçün edilir. Birincisi, beynəlxalq aləmdə Azərbaycanı nüfuzdan salmaq və həmin cinayətkar ermənilərin məhkəmə prosesinə kölgə salmaq məqsədi güdür. Göstərməyə çalışırlar ki, guya müsəlman Azərbaycan xristian ermənilərə qarşı aqressiv davranır və onları "əsir" götürüb mühakimə edir və guya onların hüquqlarını pozur. Eyni zamanda dünyada, əsasən də xristianlar arasında belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan xristian ermənilərin dini, mədəni abidələrini məhv edir. Bütün bunlar hamısı kilsənin Azərbaycana qarşı apardığı antitəbliğatdır. Yeri gəldi-gəlmədi, bu antitəbliğatı və qarayaxma kampaniyasını hər yerdə aparırlar. Kilsə hazırda Ermənistanda, ümumiyyətlə, erməni cəmiyyətində ən destruktiv rol oynayan qurumdur. Erməni kilsəsi 200 ildən artıqdır ki, Rusiya kəşfiyyatı ilə sıx bağlıdır və öz fəaliyyətini oradan gələn təlimatlar əsasında qurur. Onların həqiqi dinlə əlaqəsi yoxdur, onlar erməni nasizminin və xəstə təxəyyülünün əsas ideoloji mərkəzi rolunu oynamaqdadır. İkincisi, kilsə həm də Ermənistanda hakimiyyət uğrunda mübarizə aparır və bunu gizlətmir, açıq şəkildə büruzə verir. Katolikosun da daxil olduğu dövlət çevrilişi planı bu yaxınlarda ifşa olundu və hazırda iki kilsə nümayəndəsi də istintaqa cəlb olunub. Yəni kənardan verilən direktivlər əsasında erməni kilsəsi revanşist qüvvələrlə, o cümlədən Moskvadan göndərilən oliqarxlarla birlikdə Nikol Paşinyan hakimiyyətini devirmək üçün hərəkətə keçib. Haqqında danışdığımız mövzunu da daim gündəlikdə saxlamaqla kilsə erməni cəmiyyətinə göstərməyə çalışır ki, Paşinyan hakimiyyəti bu məsələdə hansısa bir addım atmadığı halda bunu revanşist qüvvələr və kilsə edir. Bununla seçkiöncəsi erməni cəmiyyətinin, xalqın rəğbətini qazanmağa çalışırlar. Amma bütün bu təbliğat və təzyiq vasitələri hesab etmirəm ki, nəticə verəcək. Xüsusilə Azərbaycanın cinayətkar ermənilərlə bağlı mövqeyi prinsipialdır. Məhkəmə prosesi sonadək keçiriləcək, cinayətkarlar haqq etdikləri cəzaları alacaqlar".
O.Qasımovun sözlərinə görə, kilsənin və Ermənistandakı digər revanşist qüvvələrin, bəzi dövlətlərin narahatlığı məhz ondan ibarətdir ki, bu məhkəmə prosesində çox ciddi mətləblər açılır və açılmaqdadır: “Qarabağda törədilən cinayətlərdə və Azərbaycan ərazilərinin işğalında hansı dövlətlərin və onların qurumlarının, nümayəndələrinin, Ermənistanda kimlərin təşkilatçı, həm də aktiv rol aldığı ortaya çıxacaq. Ona görə də kilsə əlbət ki, Bakıdakı məhkəmənin gedişində kilsənin özünün də iyrənc və terrorçu fəaliyyətlərinin, əməllərinin də üzə çıxacağından, ifşa olunacağından narahatdır. Buna görə də qabaqdangəlmişlik edib bir şər-böhtan kampaniyası aparırlar. Amma bütün cəhdləri əbəsdir. Cinayətkarlar haqq etdikləri cəzanı alacaqlar”.
Politoloqun sözlərinə görə, ermənilərin “erməni mədəni-tarixi irsi” adlandırdıqları abidələr, tikililər məhz Qarabağın erməni işğalı altında olduğu dövrdə qanunsuz olaraq inşa olunub: “Həmin obyektləri qədim erməni irsi adlandırmaq gülüncdür və əsassızdır. Müvafiq beynəlxalq konvensiyalarda da qeyd olunur ki, işğal altında olan ərazilərdə işğal dövründə inşa olunmuş tikililər qanunsuzdur və sökülməlidir. Ona görə də ərazimiz işğal altında olduğu dövrdə tikilən və işğalı simvolizə edən istənilən "abidə" sökülməlidir və söküləcək. Burada həm beynəlxalq hüquq bizim tərəfimizdədir, həm də Azərbaycanın qanunları bunu tələb edir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ