İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatarova “yaşıl işıq” yandıran məhkəmələr korrupsiyaya meyli gücləndirir

Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov cəzasının çox hissəsini çəkməsi ilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Tatarovun azadlığa buraxılması barəsində Nizami Rayon Məhkəməsi qərar qəbul edib.

Hakim məhkumun 6 illik azadlıqdan məhrumetmə cəzasının çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini, dövlətə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq müraciəti təmin edib. Qərara əsasən, Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Onun məhkumluğu gələn ilin dekabrında başa çatacaq.

Tatarov və Ağstafanın icra başçısı Nizaməddin Quliyev 2019-cu ilin dekabrında həbs edilmişdilər. Başçı və müavini korrupsiya cinayətlərində ittiham olunmuşdular. Nizaməddin Quliyevin həbsdə koronavirusa yoluxub dünyasını dəyişmişdi. Bununla əlaqədar barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Ramiz Tatarov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

NATİQ.jpeg (75 KB)

Tatarovun vaxtından əvvəl azadlığa buraxılmasına münasibət bildirən “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, məhkəmələrin korrupsiya cinayətləri ilə bağlı tutduqları mövqe elan olunan məhkəmə-hüquq islahatlarına ziddir:

“Korrupsionerləri həbs etməklə iş bitmir. Korrupsioner məmurun həbsi digər korrupsionerlər üçün dərs olmalıdır. Məhkəmələrin korrupsioner məmurları vaxtından əvvəl azad etməklə azadlıqda olan, hələ ələ keçməyən, tutulmayan korrupsioner məmurlara nəinki dərs olmur, üstəlik yeni vəzifə cinayətlərinə stimul verir”.

Natiq Ələsgərov bildirib ki, adı korrupsiya ilə bağlı hansısa bir məsələdə keçən insanların əməlləri ilk növbədə çox ciddi araşdırılmalı və korrupsiya əməli sübut olunmalıdır:

“Belə şəxslərin əmlakı əsaslandırılmış məhkəmə qərarı ilə müsadirə olunmalıdır ki, sonradan hüquqi kazuslar yaranmasın. Ümumilikdə yeni bir qanunvericilik təşəbbüsü vacibdir. Görünən odur ki, korrupsiyaya görə tutulanların heç biri məhkəmə hökmü ilə təyin olunan cəzanı sona qədər çəkmir və tez bir zamanda azadlığa çıxırlar. Sanki heç nə baş verməyib”.

N. Ələsgərov deyib ki, söhbət hansısa korrupsioner məmurun 10-15 il həbsdə oturmasından getmir:

“Ümumiyyətlə, korrupsiyaya yol açan mexanizm aradan qaldırmalıdır. Dövlət büdcəsi vəsaitlərinin şəffaf şəkildə xərclənməsi təmin olunmalıdır ki, büdcə puluna əli dəyən kimsənin oğurlamaq imkanı olmasın. Korrupioner məmurun vaxtından əvvəl azadlığa buraxılması isə ilk deyil. Bu, sanki bir tendensiya halını alıb. Belə ki, daha əvvəl apellyasiya və ali məhkəmə instansiyalarında Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun, Şirvan Apellyasiya Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyevin də cəzaları azaldılıb, bir sıra mülkləri özlərinə qaytarılıb.

Dövlət, xüsusi xidmət orqanları, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məmurları tutur, onlara birinci instansiya məhkəməsində ağır və haqq etdikləri cəzalar verilir, amma sonra yuxarı instansiya məhkəmələri cəzalarını azaldır. Bu azmış kimi korrupsiya yolu ilə əldə etdiklərini də özlərinə qaytarır. Əlbəttə, bu, son deyil, 3-6 ilə endirilmiş cəzanın hamısını da yatmırlar. Onlar ya cəzasının üçdə ikisini çəkmələri şərti, yaxud yerli məhkəmə ilə 2-3 il yatdıqdan sonra azadlığa çıxmağa da nail ola bilərlər.

Ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizənin daha da sərtləşdirilməsi bir siyasi xəttə, iradəyə çevrildiyi vaxtda, məhkəmələrin korrupsionerlərə güzəştlərin tətbiqi birmənalı qarşılanmır. Digər korrupsiyaya meylli məmurlar da düşünür ki, milyonları oğurlayacaq, 2-3 il həbsdə yatdıqdan sonra çıxıb ömrü boyu kef edəcək. Halbuki, korrupsioner məmurlara qarşı mübarizənin lap əvvəlində elan olunmuşdu ki, kimsəyə güzəşt edilməməlidir. Məhkəmələrdə isə tam bir əks proses gedir. Tatarova “yaşıl işıq” yandıran məhkəmələr korrupsiyaya meyli gücləndirir. Bunun qarşısı alınmalıdır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR