İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixi-milli bağlılıqdan strateji tərəfdaşlıq-qardaşlıq münasibətlərinə doğru: Azərbaycan və Özbəkistan regional iqtisadi komanda formalaşdırır

Azəbaycanın müstəqil və balanslı xarici siyasət yürüdərək əldə etdiyi böyük uğurlar, həmçinin hərbi-siyasi gücünün artması həm regional, həm də beynəlxalq müstəvidə ölkəmizə marağı kəskin şəkildə yüksəldib. Azərbaycan regional siyasətin aparıcı fiqurlarından birinə çevrilməklə həm də beynəlxalq səviyyəli layihələrin açar ölkəsi rolunu getdikcə artırır. Xüsusilə 44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbədən sonra bir çox ölkələr Azərbaycanın təcrübəsindən faydalanmaq niyyəti nümayiş etdirməkdədirlər. Belə ölkələrdən biri də Özbəkistan Respublikasıdır.

Sovet imperiyasının süqutundan sona Azərbaycanla Özbəkistan arasında əlaqələr daim dostluq prinsipləri əsasında qurulub. Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə Özbəkistanın mərhum prezidenti İslam Kərimov arasında yaxın dostluq münasibətləri olub.

Hazırda belə münasibətlər iki ölkənin prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşıb və getdikcə də daha dərin xarakter alır. Bu dostluq ölkələr arasındakı münasibətlərə də yansımaqla, həm də Özbəkistan və Azərbaycanın ortaq milli və iqtisadi maraqlarına yüksək səviyyədə cavab verir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistana reallaşan rəsmi səfəri mühüm mərhələnin əsasının qoyulması sayıla bilər.

Məsələ burasındadır ki, hazırda Ukraynada başlayan müharibə beynəlxalq və regional siyasi və iqtisadi münasibətlər sisteminin kökündən dəyişməklə, demək olar ki, tamamilə yenidən formalaşmasına rəvac verib. Bu prosesdə aktiv iştirak edib, bütün tərəflərin maraqlarını uzlaşdırmağı bacaran ölkələrin böyük uduş əldə edəcəyi şübhəsizdir. Azərbaycan məhz prosesin aktiv iştirakçısı olmaqla bərabər, həm də regional əlaqələndirici rolunda çıxış etməkdədir. Müharibə Asiyadan Avropaya uzanan ticarət yollarının marşrutunun kəskin dəyişməsinə gətirib çıxarıb. Asiya ölkələri və Avropa qarşılıqlı yükdaşımalarda Rusiya üzərindən keçən Şimal marşrutundan istifadə etməmək üçün alternativlər axtarışındadırlar. Bu axtarışlar zamanı nəzərlər ilk növbədə Azərbaycana yönəlir. Çünki həm Asiya, həm Avropa ilə normal münasibətlər saxlamağı bacaran Bakı həm də uzaqgörənliklə vaxtında indi artacaq yüklərin daşınması və ötürülməsi üçün zəruri infrastrukturu yaradıb. Təsadüfi deyil ki, Mərkəzi və Orta Asiya dövlətləri Şimal marşrutuna alternativ olaraq yüklərin daşınmasını təmin etmək planlarında əsas diqqəti Azərbaycana yönəldirlər.

Son dövrlər Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərdə canlanma müşahidə olunmaqdadır. Bu ilin aprelində Qırğız Respublikasının Prezidenti Azərbaycana səfər edib və “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”nin imzalanması iki ölkə arasındakı münasibətləri strateji səviyyəyə qaldırıb. Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin yaxın vaxtlarda Azərbaycana səfəri nəzərdə tutulur və hər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Eyni zamandaTürkmənistan və Tacikistanla son dövrlər intensiv yazışmalar həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti Türkmənistanın yeni seçilmiş Prezidentini Azərbaycana səfərə dəvət edib.

Özbəkistan da Asiyadan, ən əsası isə dünyanın ikinci böyük iqtisadiyyatına malik Çindən Avropaya reallaşan yükdaşımalardan pay götürmək üçün ciddi layihələr həyata keçirib. Ümumiyyətlə, bu ölkə son illərdə yüksək iqtisadi inkişafı təmin etməyə, iqtisadiyyatın kənd təsərrüfatı, maşınqayırma, texnoloji istehsal kimi sahələrində ciddi nailiyyətlərə imza atıb.

Özbəkistanda 100 növdən artıq mineral ehtiyat var. 2005-ci ildə ölkə ərazisində 130-dan çox qaz yatağı aşkar edilib. Sənaye əhəmiyyətli ehtiyatının ümumi həcmi 3 trilyon kubmetr hesablanıb. Qaz ehtiyatlarının 90 faizi Buxara-Xivə bölgəsində cəmlənib. Özbəkistan həmçinin qızıl ehtiyatına görə dünyada 5-ci yeri tutur. Ölkədəki 30-dan çox qızıl yatağında birlikdə təqribən 4000 ton qızıl ehtiyatı var. Özbəkistanda uran ehtiyatı da çoxdur. Radioaktiv metalların ehtiyatına görə dünyada 7-ci yeri tutur. Kəşf olunmuş ehtiyatı isə 55 min tondur. Səmərqənd və Cizzəx vilayətləri volfram yataqları ilə zəngindir.

Özbəkistan aqrar sektorun inkişafında da mühüm uğurlar əldə edib. 2021-ci ildə isə ölkədə 3,4 milyondan tondan artıq pambıq yığılıb. Eyni zamanda ölkə aqrar məhsulların ixracı sahəsində işlək mexanizm qurmaqla son illərdə xüsusilə Rusiya bazarındakı payını sürətlə artırmaqdadır. Özbəkistan öz ixracını sürətlə artırmaqla yanaşı, regional və beynəlxalq yükdaşımaların mühüm tərkib hissəsinə çevrilmək üçün də ciddi addımlar atmaqdadır.

Daşkəndin bu planlarında Azərbaycana xüsusi önəm verməsi heç də təsadüfi deyil: ölkələr arasında sıx dostluq münasibətləri həm də dərin tarixi milli-mədəni bağlılığa söykənir. Təsadüfi deyil ki, Özbəkistan prezidenti Ş.Mirziyoyev 31 mart 2021-ci ildə Türk Dövlətləri Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal zirvə görüşündə Azərbaycanı “Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası” münasibətilə təbrik etdi. 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Ş.Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bəyan edib. Artıq 3 hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi müəyyənləşdirilib və ilkin işlərə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın bu addımını Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq işlərinə xaricdən verilən ilk dəstək kimi yüksək dəyərləndirib. Onun Özbəkistana rəsmi səfəri zamanı ölkələr arasında iqtisadi münasibətlərin yüksək sürətlə inkişafına hesablanmış bir neçə mühüm sənəd imzalanıb.

Bunlar “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında regionlararası əməkdaşlıq haqqında Saziş”lərdir.

İyunun 21-də Daşkənddə prezidentlərin görüşündə verilən açıqlamalar iki qardaş ölkənin münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə daşımaqda nə qədər qərarlı olduqlarını açıq göstərir.

Özbəkistan Prezidenti mətbuata verdiyi Azərbaycanın onla üçün “yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaş” olduğunu xüsusi qeyd edib: “Ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu barədə bu gün biz məhdud tərkibdə keçirilən görüşdə çox ətraflı danışdıq. Biz Azərbaycanın sanballı uğurlarına Özbəkistanda həmişə ürəkdən sevinirik. Bu gün Sizin əldə etdiyiniz nailiyyətlər bütün dünyada tanınır. Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir. Biz bu nəcib işə öz töhfəmizi verməyə şad olarıq, bu barədə də məhdud tərkibdə keçirilən görüşdə danışdıq”.

Özbəkistan Prezidenti ölkələr arasında əmtəə dövriyyəsinin 6 dəfə, birgə müəssisələrin sayının 4 dəfə artdığını, lakin bunun mövcud dostluq əlaqələri, həmçinin Özbəkistan və Azərbaycanın potensialı baxımından yetərli olmadığını vurğulayıb:

“Uğurlu əlamətdar layihələr arasında Hacıqabulda avtomobillərin birgə istehsalının təşkilini və ipəkçilik sahəsində kooperasiyanı qeyd etmək olar. Lakin göstəricilər hələ çox cüzidir və iqtisadiyyatlarımızın bir-birini qarşılıqlı tamamlayan amillərinin mövcud böyük potensialından istifadə etməyin zəruri olduğunu göstərir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin səfəri ərəfəsində Daşkənddə ölkələrin iqtisadi və biznes qurumlarının iştirakı ilə biznes-forum keçirilib. Tədbir çərçivəsində yarım milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və ticarət müqavilələri paketi imzalanıb. Onların arasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur. Ölkələr layihələrin icrası üçün birgə investisiya fondunun yaradılması barədə razılığa gəliblər, artıq növbəti ayda onların sürətli həlli üzrə proqram tədbirlərinin qəbul edilməsi üçün hökumətlərarası komissiyanın iclası təşkil olunacaq.

Özbəkistan Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindədir: “Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir. Eyni zamanda, indiki reallıqlar alternativ dəhlizlərin formalaşmasını tələb edir. Bu baxımdan, Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə ölkələrimizin Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına ən qısa yolla çıxışı təmin etməyə imkan verəcək. Biz bu istiqamətdə birinci dərəcəli məsələlərin həlli üçün nəqliyyat nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılaşdıq. Biz həm də xarici işlər nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılığa gəldik. Biz bu məsələləri uzatmırıq, ilk görüş gələn ay Daşkənddə olacaq. Əlbəttə, nəqliyyat nazirləri, investisiya və iqtisadiyyat nazirləri xarici işlər nazirlərinin himayədarlığı ilə işləyəcəklər”.

Ölkələr arasında iqtisadi əlaqələrin mühüm bir istiqaməti kənd təsərrüfatı sahəsini əhatə edir. Kənd təsərrüfatında kooperasiyanın gücləndirilməsi, ipək istehsalı üzrə klasterin yaradılmasından, pambıqçılıq sahəsində layihələr, innovasiya araşdırmalarının tətbiqi kimi məsələlər geniş müzakirə olunur və yaxın vaxtlarda bunlarla bağlı yol xəritələrinin hazırlanması barədə razılığa gəlinib.

Azərbaycan Prezidenti ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələrin sürətlə dərinləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb: “Biz əlaqələrimizi intensivləşdirməliyik. Nazirlərə müvafiq tapşırıqlar verilib. Əminəm ki, hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Biz, iki Prezident qərara aldıq ki, tapşırıqlarımızın yerinə yetirilməsini özümüz nəzarətdə saxlayacağıq və müvafiq nazirliklər müntəzəm surətdə irəliləyiş barədə bizə məruzə edəcəklər. Bu yolla biz ticari-iqtisadi sahədə və təkcə bu sahədə deyil, ciddi tərəqqiyə nail ola bilərik”.

İ.Əliyev Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə Özbəkistanlı həmkarına təşəkkür edib: “Mən dəstək üçün müraciət edəndə dərhal kömək göstərildi və bu, həmin sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağımıza imkan verdi. Biz bu gün həm də kənd təsərrüfatı fəaliyyətinin başqa istiqamətləri ilə bağlı məsələləri müzakirə etdik. Əminəm ki, bu istiqamətlər üzrə də mühüm uğurlar əldə ediləcək. Əlbəttə, mən səfərdən əvvəl də, səfər çərçivəsində də Özbəkistanın bugünkü sənaye potensialı haqqında çox eşitmişəm. Bu gün sənaye potensialı, onun bir hissəsi ilə texnoparkda tanış olmaq imkanı olacaq. Əminəm ki, bu, müştərək layihələrin praktiki reallaşdırılması baxımından da bizim kooperasiyamız üçün çox vacibdir. Qarşılıqlı ünsiyyət çərçivəsində görürük ki, artıq yaxşı elementlər var. Konkret olaraq Hacıqabulda avtomobil zavodu. Mənə bu gün deyildi ki, avtomobil istehsalı nomenklaturunu genişləndirmək və istehsal edilən avtomobillərin sayını artırmaq planlaşdırılır. Özbəkistan haqlı olaraq bu müəssisə ilə fəxr edə bilər. Bilirəm ki, Özbəkistanda belə müəssisələr az deyil.

Qarabağın bərpası işində qardaş köməyinə görə, Prezident Şavkat Miromonoviçin işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə də ayrıca təşəkkürümü bildirmək istərdim. İşlər artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizə verilmiş ilk belə böyük hədiyyədir. Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o, belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq”.

Beləliklə, Azərbaycan və Özbəkistan tarixi və milli bağlar üzərində möhkəm dostluq, strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi prosesində ciddi irəliləyişə nail olmaq əzmindədir. Hər iki ölkənin rəhbərləri bu istiqamətdə səylərini birləşdirməkdə qətidirlər. Bu isə Azərbaycan və Özbəkistan əməkdaşlığının regional iqtisadi proseslərin aparıcı müstəvisinə çevrilməsini şərtləndirən əsas amildir...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR