İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış hüquqşünas Zamiq Bağırovun müdafiəsinə qalxdı: “Belə insanları qorumalıyıq, o VİDEONU MTK yayıb”

Xəbər verdiyimiz kimi, Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun sakini olduğu “Yeni Həyat” yaşayış kompleksində liftin idarəetmə lövhəsindəki hissəni qırması ilə bağlı görüntülər yayılıb.

Məlumata görə, Bağırovun yaşadığı yaşayış kompleksinin liftinin fəaliyyəti komendantlığın qərarı ilə bir müddət əvvəl dayandırılıb. Bir qrup sakinin təyin olunmuş kommunal ödənişləri etməməsi səbəbindən bina rəhbərliyi təzyiq vasitəsi kimi lifti söndürüb. Buna etiraz olaraq kommunal ödənişi edən sakinlər Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə liftin fəaliyyətinin kommunal borca görə dayandırılmaması ilə bağlı qətnamə çıxarıb. Bundan sonra Zamiq Bağırov, eləcə də digər sakinlər məhkəmə sənədini komendantlığa təqdim etsə də, liftin fəaliyyəti bərpa edilməyib. Nəhayət Z.Bağırov əsəbi şəkildə liftə daxil olaraq idarəetmə panelinə ziyan vurub. (Qafqazinfo)

Hüquqşünas Əkrəm Həsənov öz sosial şəbəkə hesabı üzərindən yayılan görüntülərə münasibət bildirib. O qeyd edib ki, qanunu pozan MTK-dır.

akram.PNG (135 KB)

 

akram 1.PNG (119 KB)

Əkrəm Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, qanuna əsasən, hər bir şəxsin özünü müdafiə haqqı var:

“Adam evində yaşayırsa, orada hakim deyil, vətəndaşdır. Bu məsələ ümumiyyətlə, gülməlidir. Hesab edək ki, siz binanın sakinisiz, evinizə daxil ola bilmirsiz, mənzil-tikinti kooperativi binanı zəbt edib. Onlar orada qanunsuzdur. Şlaqbaun qoyublar, siz evinizə daxil ola bilmirsiniz. Mənim o şlaqbaunu sındırmağa tam haqqım var. Çünki o, evimə daxil olmağa qoyulmuş bir səddir.

Xüsusi vurğulamaq istəyirəm ki, çoxmənzilli binada yaşayan hər bir vətəndaş öz mənzilinin mülkiyyətçisidir. Digər sahələr – blok, həyətyanı sahə və s. isə ümumi mülkiyyətdir. Səs çoxluğu ilə orada şlaqbaun da qoya bilərik, liftlərə kart da qoya bilərik. Belə halda mən onu sındıra bilmərəm.

Məlum oldu ki, Zamiq Bağırov 14-cü mərtəbədə yaşayır. O, səhhəti ilə əlaqədar bülletendədir. Zamiq Bağırovla bağlı vəziyyət ona bənzəyir ki, sanki mənim evimə oğru daxil olub, deyirlər ki, sən oğruya qarşı zor tətbiq etmə. Qanuna əsasən, hər bir şəxsin özünü müdafiə haqqı var. Zamiq Bağırov liftə zərər vurmayıb axı. Qanunsuz qoyulan kart sistemini qırıb. Əslində, Zamiq Bağırov bütün bina sakinlərinə bir nümunə göstərdi.

Tutaq ki, Zamiq Bağırov doğrudan da qanunu pozub. Birincisi, onun əməlində nə cinayət, nə də inzibati xəta var. Maksimum başqasının əmlakına ziyan vurulub. MTK onu məhkəməyə versə, hansı əsaslar gətirəcək? MTK-ya ilk sual bu olacaq: sən kimsən?”

Əkrəm Həsənov vurğulayıb ki, liftə qoyulan video üçüncü şəxsə ötürülə bilməz:

“Dünən o videonu mətbuata ötürməklə vətəndaşın mənzil toxunulmazlığı pozuldu. Bu, şəxsi həyata müdaxilədir. Qanunverciliyə görə, şəxsin icazəsi olmadan videosu yayıla bilməz. Bu videonu yaydıran MTK idi.

Öz binamız da daxil, elə binalar tanıyıram ki, orada dövlət məmurları sakinlərlə həmfikir olmurlar. Onlar ödəniş etməyə davam edirlər ki, bizə problem lazım deyil. Bir hakim üçün MTK-nın haqqını ödəmək problem deyil. Zamiq Bağırov məhz bina sakinləri ilə həmfikir olub, onların dərdinə şərik olub. MTK da görüb ki, burada ən təhlükəli adam budur.

Bizim binamızda da MTK üçün təhlükəli şəxs mənəm. Ailəmlə 1 həftəlik istirahətə getmişdim, qayıdanda gördüm ki, bloka qoyduğum velosiped yoxdur. Polisə verdim, dedilər, video yoxdur”.

Hüquqşünas xatırladıb ki, dünən işin mahiyyətinə toxunan olmadı:

“Ancaq dedilər ki, Zamiq Bağırovun MTK ilə şəxsi problemi var. Əslində, biz belə insanları qorumalıyıq. Zamiq Bağırov ilin əvvəlində vəzifəyə təyin olunub. Təəssüf ki, indi ona qarşı kampaniya aparırlar. İndiyə qədər şəxsən Zamiq Bağırovla heç bir məhkəmə işim olmayıb. Onu yalnız bir dəfə təsadüfən məhkəmənin qarşısında görmüşəm”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR