İnsanlara hürriyət, millətlərə istiqlal!

Talassemiyalı uşaqların pulunu kim yeyib - məhkəmədə müttəhimlər arasında dava düşdü

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim qarşısına çıxarılan müttəhimlər talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Musavat.com xəbər verir ki, prosesdə zərərçəkmiş Tural Nəsimiyev və nümayəndəsi vəsatətlə çıxış ediblər.

Onlar təqsirləndirilən Aysel Məmmədovanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyib.

Tural Nəsimiyev deyib ki, cinayət işi başlanan ilkin vaxtlarda Aysel Məmmədovanın barəsində həbs qətimkan tədbiri seçilib:

"İlkin mərhələdə ziyanın ödənilməsi ilə bağlı vəd verdi, barəsindəki həbs qətimkan tədbiri dəyişdirildi. Sonradan vədinə əməl etmədi, ziyanı ödəmədi. Mən Aysel Məmmədovanın iştirakı ilə pulu Nuridə Seyidovaya vermişəm. Ümumilikdə 59 min manat ödəmişəm. Həmin puldan 10 min manat Aysel Məmmədovanın dayısına, 7 min manata yaxın isə Nuridə Seyidova ödəniş etmişəm. Hazırda 43 min manata yaxın mənə dəymiş ziyan ödənilməyib. Buna görə də onun həbsini istəyirəm".

Hakim elan edib ki, zərərçəkmişlər - Ramil Dadaşov və Kamil Əhmədov da eyni vəsatətlə məhkəməyə müraciət ediblər. Ramil Dadaşova 15 min ziyan vurulub, həmin ziyandan heç bir ödəniş edilməyib. Kamil Əhmədova isə 23 min ziyandan 10 min manat ödənilib. Hakim deyib ki, hər iki zərərçəkmiş Aysel Məmmədovanın məhkəmə zalından həbs edilməsini istəyirlər.

Vəsatətlərə münasibət bildirən prokuror Fariz Rzayev deyib ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunvericilikdə şərtlər mövcuddur.

Onun sözlərinə görə, həmin şərtlərdən biri də zərərçəkmişə dəymiş ziyanın ödənilməməsi ilə bağlıdır:

"Zərərçəkmiş şəxslər də işdə xüsusi ittihamçıdırlar. Onların da qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məsələ qaldırmaq hüquqları var. Mən bu məsələyə münasibəti məhkəmənin ixtiyarına buraxıram".

Aysel Məmmədovanın vəkili isə deyib ki, vəsatət əsassızdır: "Zərərçəkmiş şəxslərin haqlı olduğunu demək düzgün deyil. Bu sovet hüququndan qalan sözdür. Burada təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası var. Aysel Məmmədovaya 10 epizod üzrə ittiham verilib. Bununla bağlı da 105 min manat ziyanın ödəməsini təmin edib. Aysel Məmmədova barəsində seçilmiş qətimkan tədbirini şərtlərini pozmayıb. Buna görə də qətimkan tədbirinin dəyişdirilməsi ilə razı deyilik".

Aysel Məmmədova da vəsatətə etiraz edib. Deyib ki, o heç bir dələduzluq etməyib. Onun sözlərinə görə, dayısı tərəfindən ödənilən 105 min manat ödənişdən zərərçəkmiş şəxslərə yardım məqsədi ilə pullar verilib.

Təqsirləndirilən Aynur Bayramova deyib ki, barəsində seçilmiş həbs qətimkan tədbiri qanunsuzdur: "Mən özüm xəstəyəm, övladım da xəstədir. Burada həqiqət deyilmir. 5 valideyn öyrədilərək bura çıxarılır. Digər valideynlır danışdırılmır. Onlar da nə deyir, onu da edirlər. Nuridənin səs yazısı var, bütün pullar ona verilib. Mən bu məsələni qaldırmışam, zərərçəkmişlərlə polisə getmişəm. Demişəm ki, sizin pulunuzu Nuridə yeyib. Bundan sonra Nuridə məni şantaj etdi. Mən heç bir zərərçəkmişin pulunu yeməmişəm. Demişəm ki, balam var, yalan deyənin balası ölsün. Amma burada yalan danışırlar. Mən Allaha əl açacam, yalan deyənin cəzasını versin, Allahdan qorxun, yalan danışmayın. Nuridə Seyidova zərərçəkmiş şəxslərin pulu ilə içəridə kef çəkir. Zərərçəkmişləri yığıb mənim üzümə durdurur. Mənim heç bir günahım yoxdur. Mən zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə çalışmışam. İndi burada üzümə dururlar. Burada bütün valideynlər danışmır, 5-6 nəfər düşüb burada ortaya. Zərərçəkmiş Ayselin Nuridə Seyidova ilə 38 dəqiqə danışığı olub. Bunu niyə demir".

Nuridə Seyidova və vəkili vəsatəti məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Aysel Məmmədovanın vəkili Elnur Quliyevin vəsatətə münasibəti belə olub: "Biz heç kimin həbs olunmasını istəmirik. Amma bundan əvvəl eyni tələblə Aynur Bayramova həbs edilib. İkisində də epizod eynidir. İndi məhkəmənin qərarının nə olacağı bizim üçün maraqlı olacaq".

Müşavirə keçirən hakimlər heyəti vəstətləri təmin ediıblər. Aysel Məmmədovanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra Aysel Məmmədova ifadə verib. O deyib ki, zərərçəkmiş Tural Nəsimiyev 59 min 500 manatı onun yanında Nuridə Seyidovaya verib. Onun sözlərinə görə, həmin vaxt onların alış-verişlərini Tural Nəsimiyevin telefonu ilə çəkib.

Aysel Məmmədova deyib ki, Zeynəb Xəlilovadan 25 min manat götürüb və xəstəxanaya ödəyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, Kamil Əhmədovdan aldığı 23 min manatı Nuridə Seyidovanın sürücüsünə verib.

Deyib ki, Ramil Dadaşov 51 min manatı Nuridəyə verib, bu işdə onun özün iştirakı olmayıb. Bildirib ki, dayısı Ramil Dadaşova 15 min manat ödəniş edib: "Zərərçəkmiş Xəyal İsayev 51 min manatı verməsini şahidi olmamışam. Anası Şövkətlə gəlmişdilər. Pulu Toğrula verib. Toğrul da həmin pulu Nuridəyə verib. Lamiyə Hüseynovadan aldığım 20 min 50 manat pulu Nurdiəyə vermişəm. Zərərçəkmiş Nərgiz Mahmudova pulu Toğrula verib. Bu prosesdə iştirakçı olmamışam. Elnarə Mirzəyeva 25 min manatı Nuridəyə verib".

Aysel Məmmədova ifadəsinin sonunda özünü təqsirli bilməyib. Prokurorun suallarını cavablandıran Aysel Məmmədova bildirib ki, 105 min manat ziyan ödənilib. Onun sözlərinə görə, müqavilə bağlanmasında iştirak edib.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər.

Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min , Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Rlnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

Proses iyulun 5-də davam edəcək.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR