İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksilərlə bağlı yeni qaydaların üç günü - nə dəyişib?

Qaydalara əməl etməyənlər üçün cəzalar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir

Oktyabrın 1-dən avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidir. İcazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 7 il müddətinə verilir. Qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək.

Bunu “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanuna əsasən, eləcə də taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Nazirlər Kabineti tərəfindən təsdiq edilən tələblərə uyğun olmalıdır.

Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı ilə bağlı təklifləri 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Nazirlik tərəfindən hazırlanan müvafiq tələblər hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılma prosesindədir. Təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksi sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrinə AYNA tərəfindən buraxılış kartı veriləcək.

Taksi sifarişi operatoru fəaliyyətinə icazə, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi isə artıq elektron qaydada AYNA-ya müraciət edilməklə alınmalıdır. Dövlət rüsumu haqqında" qanunda yeniliklərlə taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsinə görə 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsinə görə 25 manat, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsinə görə 3000 manat dövlət rüsumu müəyyən olunur.  Buraxılış vəsiqəsi olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslərə 200 manat, hüquqi şəxslərə 1000 manat, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat cərimə düşür. Əməllərin təkrar törədilməsi halında cərimələr artır.

İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 40 min manat cərimələnir. Cəzalar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Özbəkistanın avtomobil sənayesində kifayət qədər təcrübəsi var – Elməddin  Muradlı (Özəl) - Azer.Press

 Elməddin Muradlı

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a bildirib ki, oktyabrın 1-dən qüvvəyə minən qaydalar taksi sahəsində xidmətin keyfiyyətini artırmağa yönəlmiş qərardır. Ancaq demək olmaz ki, ayın 1-i qərar qüvvəsini aldı, 5-i hər şey qaydasına düşəcək. Bu məsələlər zamanla həll oluna bilər: “Hazırda 76 min taksi sürücüsü var. Onlarla işləmək göründüyü kimi asan məsələ deyil. Onların hamısı eyni düşünmür, proseslərə eyni cür yanaşmır. Birinə qayda-qanunu izah edirsən, hər şeyi başa düşür, o biri başa düşmür. İşin yaxşı tərəfi odur ki, başa düşən adamlar çoxdur. Bu sahədə dövlət nəzarəti güclənir, qaydalar tətbiq olunur. İndiyə qədər boşluqlar var idi. Taksi operatorlarına xüsusilə pandemiya dövrünün təsiri nəticəsində daha böyük imkanlar açıldı, onlarsa xaos yaratdılar. Məqsəd keyfiyyəti artırmaq, sürücülərin iş və istirahət rejiminə əməl etməkdir”.

Elməddin Muradlı hesab edir ki, yeni qanun taksi şirkətlərinin və sürücülərin məsuliyyətini artıracaq: “Bu sektorda çox ciddi dəyişikliklər olacaq. Məsələn, taksi operatoru kimi icazə almaq üçün 3 min manat rüsum ödənilməlidir. Amma bu qaydalara riayət etməyən vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər isə 40 min manata qədər cərimə ödəyəcək. Yəni çox böyük bir cərimə sanksiyası var. Hesab edirəm ki, bu işlə məşğul olan şəxslər öz məsuliyyətlərini dərk edəcəklər.

“Taksometr məsələsi çox ciddi müzakirələrə səbəb olub. Məncə, burada dövlətin yanaşması tamamilə ədalətlidir. Texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə taksometrlərin alternativi ola biləcək mobil tətbiqlərdən istifadə imkanları mövcuddur. Taksi xidmətləri göstərən şirkətlərin mobil tətbiqləri vasitəsi ilə müştərilərdən sifariş qəbul etməklə yanaşı, taksini GPS vasitəsi ilə izləmək imkanı olacaq. Hətta burada sürücünün iş rejiminə və başqa məsələlərə də nəzarət etmək imkanları mövcuddur. Ona görə də taksi xidməti göstərən şirkətlərin sürücülərinin taksometrdən istifadəsi məcburi deyil”.

Ekspertin sözlərinə görə, fərdi taksi fəaliyyəti ilə məşğul olan şəxslər də taksometr alıb-almamaqda azaddır: “Belə ki, əgər həmin sürücülər də mobil əlavələrdən istifadə edərlərsə, taksometr alıb istifadə etməklərinə ehtiyac qalmır. Amma burada hələ də açıq qalan bəzi məsələlər var. Məsələn, fərdi taksi fəaliyyəti ilə məşğul olan şəxslərin iş rejimi, işinin keyfiyyəti və s. məsələlər hələ də sual doğurur. Amma bir daha təkrar edirəm ki, hazırkı məqamda yanaşma tamamilə doğrudur. Çünki şirkətlərlə çalışan taksi sürücülərinin iş rejiminə nəzarət etmək mümkündür. Bu isə onların normadan artıq işləyib həm özlərinin, həm də sərnişinlərin həyatını təhlükəyə atmasına imkan verməyəcək”.

Elməddin Muradlı yeni qanunun tariflərin artmasına səbəb olacağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Artıq qiymət məsələsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzarətindədir. Qurum müəyyən edib ki, taksi sifarişi üçün minimal qiymət 2 manat 50 qəpikdir. Təbii ki, şirkətlər bundan yüksək qiyməti də özləri xidmət keyfiyyətinə uyğun müəyyən edə bilər. Amma bu, şirkətlərə sui-istifadəyə şərait yaratmamalıdır. Yəni aşağı qiymətə sürücüləri istismar etmək olmaz. Göründüyü kimi, hazırda Azərbaycanda heç bir şirkətə qarşı sanksiya tətbiq edilmir, onlar ölkədən qovulmur. Sadəcə, ölkədə taksi fəaliyyəti ilə bağlı yaranan xaosun başında bu şirkətlər dayanmışdı və onun qarşısını da almaq üçün müəyyən addımlar atılmalı idi. Addım atılmazdan əvvəl araşdırıldı, məlum oldu ki, qanunvericilik bazası möhkəm deyil. Bu şirkətlər də ondan istifadə edir. Bu səbəbdən də qanunvericilikdə dəyişikliklər edildi və onun bir hissəsi oktyabrdan, digər hissəsi isə 2024-cü il yanvarın 1-dən tətbiq ediləcək”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR