İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksilərlə bağlı müzakirələrin doğurduğu gərginlik

Xarici  şirkətlər Azərbaycanı tərk etsə, işsizliklə bağlı problem yarana bilər

Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirələri davam etməkdədir. İctimaiyyət qiymətlərin bahalaşacağından narahatdır, ekspertlər isə dəyişikliklərin faydalı olacağı qənaətindədir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib ki, Bakı şəhərində təqribən 67 min taksi fəaliyyət göstərir. Nazir bildirib ki, taksi sürücülərinin ortalama iş saatı 14-15 saatdır: “Məqsədimiz ondan ibarətdir ki, iş saatı azaldılsın, 8 saat edilsin. Yəni qiymətlərin tənzimlənməsi hesabına sürücülər nə qazancından, nə də işindən məhrum olacaqlar”, - deyə o əlavə edib.

Natiq Cəfərli: "“Media haqqında” qanuna etiraz edən deputatı ictmai  müzakirəyə dəvət etmirlər"

Natiq Cəfərli 

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a mövzu ilə bağlı geniş şərh verib. Ekspert xatırladıb ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olanlar identifikasiya nömrəsi, lisenziya alırdılar, şəbəkə şirkətləri də qeydiyyatdan keçirlər: “Yeni qaydalara görə qeydiyyat şərtləri sərtləşəcək, rüsumlar artırılacaq. Beynəlxalq aqreqat şirkətlərin bu şərtləri qəbul edib-etməyəcəyini zaman göstərəcək. Hər halda, bu şirkətlər Azərbaycanı tərk etsə, işsizliklə bağlı problem yarana bilər. Eyni zamanda bu, ölkənin imicinə də mənfi təsir göstərəcək. Beynəlxalq şirkətlər mediada qanunlar sərtləşdiyinə görə Azərbaycanı tərk etdiklərinə dair bəyanatlar versələr, bu, investisiya cəlbinə və ölkəmizin imicinə ciddi zərbə vura bilər”.

N.Cəfərli hesab edir ki, lisenziya və s. xərclər artırılırsa, bu, sahibkarlar üçün əlavə ödəniş yükü deməkdir: “Sahibkar əlavə yükün öhdəsindən gəlmək üçün qiymətləri artırsa da, sürücülərlə bağlı yeniliyin olacağını düşünmürəm. Bu elə bir sahədir ki, xüsusi təhsil tələb etmir. Belə olan halda çox sayda insan məmnuniyyətlə taksidə işləməyə razı olacaq. Bu da işəgötürən üçün əlavə imkanlar və fürsətlər yaradacaq, məsələn, qazanclarla bağlı rəqabətli mühiti nəzərə alaraq, qiymətlər qalxsa belə, sürücülərin maaşı ilə bağlı ciddi dəyişikliyə getməməyə çalışacaqlar. Bu sahədə ciddi rəqabət var. İşsizlik problemini və  bu sahədə işləməyin daha asan olduğunu nəzərə alsaq, minlərlə insan taksidə işləməyə meyl edəcək. Bu istək sahibkarlar üçün seçim imkanı yaradacaq, yəni daha az maaşa, yaxud gəlirə qane olanlarla çalışacaqlar. Bir sözlə, qiymət artımı olsa belə, sürücülər daha az işləməyin müqabilində daha çox qazanacaqlar məntiqi doğru deyil. Bu avtomatik baş verən proses deyil. Bunun üçün əmək müqavilələri imzalanmalıdır, həmçinin sürücülərin hüquqlarının qorunması üçün ayrıca qeyri-dövlət təşkilatına ehtiyac var. Məsələn, sürücülər həmkarlar komitəsi qurub işverənlərlə danışıqlar apara bilərlər. Qardaş Türkiyə nümunəsini misal çəkim, İstanbul Taksiciler Esnaf Odası (ITEO) sözükeçən qeyri-hökumət birliklərindən biridir. Hətta seçkilərdə belə namizədlər onların sayını, seçicilərə təsir imkanlarını nəzərə alaraq onlarla ayrıca görüşlər təşkil etmişdilər”.

Ekspertin fikrincə, nizam-intizamı yaratdıqdan sonra qiymətlərlə bağlı islahat aparılmalıdır: “İctimai nəqliyyatın qənaətbəxş olmadığı təqdirdə taksi xidmətinə tələbat artır. Bakı şəhərinin nəqliyyat sistemi bir çox qərara baxmayaraq, hələ də düzəlmir. 110 milyon manat vəsait xərclənərək Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradıldı, heç bir effekti olmadı, Bakı Nəqliyyat Agentiyinin fəaliyyəti də qənaətbəxş olmadı. İdarəetmədə olan problemlər həllini tapmadıqca, nəqliyyat sisteminin ümumi vəziyyəti də düzəlməyəcək. Dünya ölkələrinin təcrübəsinə baxsaq, şəhər nəqliyyatını bələdiyyələr idarə edir. Seçilmiş orqanlar vətəndaşlar qarşısında daha məsuliyyətli olurlar. Onlar qiymətə və keyfiyyətə xüsusi fikir verirlər ki, növbəti dəfə seçilsinlər. Bizdə isə pərakəndəlik var, nazirlik, ayrı-ayrı qurumlar, icra hakimiyyətləri sahəyə müdaxilə edirlər” .

N.Cəfərli şəhər infrastrukturuna diqqət çəkərək vurğuladı ki, xaotik tikinti nəqliyyatı iflic vəziyyətə salan səbəblərdən biridir: “İqtisadi faktorlar, təhsil imkanları və s. səbəblərdən Bakıya axın oldu. Nəticə etibarilə, demək olar ki, respublika əhalisinin yarısı Bakı və Abşeronda yaşayır. Bu da nəqliyyata əlavə yük deməkdir. Problemə kompleks yanaşılmalıdır. Sərnişindaşıma nəqliyyatı əlçatan və rahat olsa, vətəndaşlar buna üstünlük verəcəklər. Azərbaycanda yol infrastrukturu buna imkan vermədiyinə görə insanlar fərdi daşıma vasitələrindən,  o cümlədən taksilərdən istifadə edirlər. Onu da demək lazımdır ki, texnologiyanın inkişaf etdiyi dövrdə bu sahəni sadəcə qanunların sərtləşdirilməsi vasitəsilə tam nəzarətdə saxlamaq mümkün olmayacaq. Zənnimcə, məhəllə taksilərinə tələbat artacaq, başqa sözlə desək, bazara alternativ taksilər daxil olacaq. Nəzərə alsaq ki, təkcə Bakı şəhərində 1 milyon avtomobil var, nəzarət etmək qeyri-mümkün olacaq”.

 Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR