İnsanlara hürriyət, millətlərə istiqlal!

Suyumuza dihidrogen monooksid qatılır!  

Bakının Murtuza Muxtarov küçəsindən video paylaşıblar. 7-8 avtobus dayanıb, heç yerə gedə bilmir. Çünki yolun sağında, solunda şəxsi minik avtomobillərini park ediblər, çıxıb gediblər. Ümumiyyətlə Azərbaycanda avtomobil saxlamaqla bağlı qəribə bir eşşəklik (üzr istəyirəm, başqa cür ifadə eləməyin mənası yoxdur) dəbdədir. Bəzən maşını yolun ortasında saxlayıb gedirlər. Kənd uşaqları bilir, eşşək yolda heç kəsi vecinə almadan belə dayanır.

Bəs bunun qarşısını necə almaq olar? Muxtarov küçəsindəki videonu çəkən adam deyirdi ki, artıq bir neçə saatdır avtobuslar yolda qalıb, nəticədə 65 saylı marşrutu gözləyənlər də yollarda qalıb, lakin heç kim gəlib tədbir görmür. Acizlikdir. Niyə biz hər bir tədbiri hökumətdən gözləməliyik? O yolu açmağın olduqca asan üsulu var: bir neçə plakat çap etmək, üstünə “Təbiəti qoruyaq!” yazmaq, həmin əraziyə gəlmək. Vəssalam. Bütün əlaqədar orqanlar dərhal peyda olacaq, and içərəm. Hətta NK nəzdində komissiya yaradılar, 65 nömrəli avtobusun niyə yolda qaldığını araşdırmaq üçün mütəxəssislər işə cəlb edilər.

Prinsipcə, yaxşı olar ekologiyaya aid plakatlar hər bir evdə, hər maşında olsun. Avtomobil üçün aptek qutusu, yanğınsöndürən, ev üçün bəyaz əşyalar qədər önəmlidir, vacibdir (bir dostumuz var, vacib sözünü onun xətri üçün yazıram, türkcə yazanda hirslənir, ərəb-fars sözlərini sevir).

Sözgəlişi, xalqımızın ekologiyaya marağının son illər artması çox sevindiricidir. Bəlkə hər kəndimizdə, obamızda bir gizli “Qreta Tunberq”, bir Qrinpis, nə bilim, VVF təşkilatı yatırmış. Məsələn, o gün mən televizorda gördüm, bir ağsaqqal deyirdi ki, sianid turşusunun zəhərli olduğunu bilməyən varmı? Həqiqətən, yoxdur. Kimya dərsini məktəblərimizdə elə güclü keçirlər, bu saat Biləcəridəki 297 nömrəli orta məktəbin həyətində çinarın dibində, yalan olmasın, 77 Mendeleyev dincəlir. Pəh. A kişi, uşağa nə qədər kimya təcrübələri öyrətmək olar? Haçan gedirsən uşağı dərsdən götürməyə, görürsən sulfat turşusu qaynadırlar, ammonyak alırlar, nə bilim, natrium sulfidlə xlorasetofenonu neytrallaşdırırlar. Maşallah. (Ancaq hər yay neçə uşaq dihidrogen monooksiddə boğulur, bunu da qeyd etməliyik).

Sovet jurnalistləri demiş, “belə olan şəraitdə” nə üçün qaz idarəsi camaatın evlərini yoxlamaq qərarına gəlmişdir, anlamıram. Deyir indiyəcən qaz borusunun evə, sayğaca qədər hissəsinə nəzarət edirdik, içəridə nə hoqqa qaynadırsınız, bilmirdik. Qəzaları önləmək üçün evlərin daxilinə baxış vacibdir. Baxacaqlar, kim qaz borusunu, qaz qurğularını mətbəxdə, hamamda düz quraşdırmayıbsa, cərimə ediləcəklər. Guya biz kimya bilmirik, dəm qazı, metan-propan nədir, qanmırıq. A kişi, yeri get o tərəfə...

Ancaq, təbii, dövlət nəzarəti hər sahədə lazımdır. Odur, gözümüzün qabağında Rasiya nə günə düşüb. Eşşək boyda imperiyanı bandit dəstələri idarə edir. Gah orda qiyam çıxır, gah burda. Hərbi helikopterləri milçəköldürənlə vururlar sanki. (Rusiya hərbi hava qüvvələri son illərin əsas qurbanı rolunu oynayır. Ara düzəlməsi, sülh üçün mütləq bir-iki rus uçağı, helikopteri düşürməlisən. Bunu Türkiyə-Suriya, Ermənistan-Naxçıvan sərhədində görmüşük. Təxminən, Rusiyada helikopter sürmək Bakıda “Prius” sürmək kimi bir şey olub).

Priqojinin qiyamına Putinin münasibətində bir ifadəyə isə çox güldüm. O, hadisəni “kriminal avantüra” adlandırmışdı. “Vaqner” dəstəsi həbsxanalardakı banditlərdən, başkəsənlərdən, oğrulardan düzəldilibsə, onlar başqa nə fəaliyyət göstərməliydi? Hazırda Rusiyada istənilən cinayəti törədib azadlığa çıxmaq mümkündür, 5-6 ay Ukraynada “uşaq qatili” işləmək şərtiylə.

Şimal qonşumuz çox tragikomik durumdadır, təxminən AXC-Müsavat dövrünü xatırladır və onu təkcə Putin bu hala salmayıb. “Vaqner”çilərə peçenye, su daşıyan, axırda çəpiklə yola salan rostovlular bu banditlərin qonşu Ukraynada törətdiyi bəşəri cinayətlərdən xəbərsiz deyil. Hələ çeçenlərin Rusiyanı “Vaqner”dən qorumaq üçün Moskva yoluna yürüşə çıxması başqa komediya idi. Cəmi 15 il qabaq həmin çeçenlər Moskvaya diametral məqsədlə yürüş edirdilər. Nəhayət, qiyamı belarus Lukaşenkonun yatırması rus dövlətçiliyinin tam fiaskosu idi. Və, anekdotun davamı odur ki, bu Rusiya Qafqazda guya sülh yaradır. Özünə umac ova bilmir, başqasına əriştə kəsir.

Biz kimyanı, Putin də tarixi yaxşı oxuyub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR