İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşanı düşmən üçün göz dağına çevirməliyik

Tənzilə Rüstəmxanlı: “Beynəlxalq əhəmiyyətli bəzi tədbirləri Şuşada təşkil etmək lazımdır”

Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub.

Qərarın əhəmiyyətindən danışan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” olmağı çox önəmli hadisədir: “Qarabağın azad olunması, böyük zəfərimizin arxasınca gələn quruculuq işləri, bunlarla yanaşı, böyük layihələrin həyata keçirilməsi çox önəmlidir. Azərbaycan xalqı prosesləri izləyir. Özəlliklə Şuşa bizim üçün sıradan şəhər deyil, xalqımız üçün anlamı böyükdür, müqəddəsliyini qoruyub saxlamış şəhərdir. Azərbaycanın müstəqilliyi üçün mübarizə aparanda heç kim Şuşanın işğal edilə biləcəyinə inanmırdı.

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması doğru qərardır. Bir daha oraya düşmən ayağı dəyməsin deyə dünyanın diqqətini çəkmək üçün, eyni zamanda gələcək nəsillər üçün bu çox önəmlidir. Hesab edirəm ki, bununla bağlı qalıcı işlər görülməlidir. Beynəlxalq əhəmiyyətli bəzi tədbirləri Şuşada təşkil etmək lazımdır. Məsələn, dünya azərbaycanlılarının qurultayını, eyni zamanda Türk dünyasının qurultaylarını Şuşada təşkil etmək lazımdır. Şuşanı böyük miqyaslı mədəni layihələrə ev sahibliyi edən mərkəzə çevirmək lazımdır".

Tənzilə Rüstəmxanlı – Rəsmi İnternet Saytı

T.Rüstəmxanlı həmçinin qeyd etdi ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi arasında bağlılıq var: “Eyni zamanda qeyd etmək istəyirəm ki, şərtlər imkan versə, ictimai birlik rəhbəri olaraq ən yaxın zamanda - mayın 3-ü türkçülük gününü türk dünyasının sənətçiləri ilə birgə Şuşada keçirmək istəyirəm”.

Qeyd edək ki, TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən birinin türk dünyasının mədəniyyət mərkəzi seçilməsi ilə həmin şəhərdə il ərzində türk dünyasının mədəni tədbirləri keçirilir. İlk belə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının 10-cu sammitində qəbul olunub. Türk dünyasının ilk mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstanın paytaxtı Astana seçilib (indiki adı Nur-Sultan - red.).

Daha sonra Əskişəhər, Kazan, Marı, Şəki və Türkistan şəhərləri də Türk dünyasının mədəniyyət paytaxtları seçilib. Bu il isə “Türk dünyasının mədəniyyət paytaxtı” Bursa elan edilib.

Analoji təşəbbüs Avropa Birliyi ölkələrində də var. Hər il qitənin bir şəhəri mədəniyyət mərkəzi seçilərək onun mədəni inkişafına diqqət cəlb edilir. Seçilən şəhərə əlavə maliyyə vəsaiti yönəldilir ki, bu da onun mədəni müəssisələrinin yenilənməsinə səbəb olur. Daha sonra analoji olaraq 1990-cı illərin sonundan Ərəb mədəniyyət paytaxtı və Amerikanın mədəniyyət paytaxtı təşəbbüsləri də meydana gəldi.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR